Naxçıvan Dövlət Universitetində “Azərbaycan – müstəqil dövlətim mənim” adlı fotovideo, əl işləri müsabiqəsinə yekun vurulub.
Müsabiqədə fərqlənən tələbələrin mükafatlandırılması mərasimində çıxış edən universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru, dosent Rafiq Rəhimov tariximizin müstəqillik səhifəsinə nəzər salıb. Qeyd edib ki, bu cür tədbirlərin keçirilməsinin əsas məqsədi tələbələri milli vətənpərvərlik, adət-ənənələrimizə, mədəniyyətimizə, incəsənətimizə hörmət ruhunda tərbiyə etmək, ayrı-ayrı sahələr üzrə istedadlı gənclərin üzə çıxarılaraq onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək verməkdən ibarətdir.
Yeni Azərbaycan Partiyası Universitet şəhərciyi ərazi ilk təşkilatının sədr müavini, tarix üzrə elmlər doktoru Xəzər Hüseynov “Müstəqilliyə gedən yol” adlı çıxışında vurğulayıb ki, Azərbaycanın müstəqilliyinin əsasları, bu yolda atılan mühüm qərarlar məhz muxtar respublikada öz tarixi həllini tapıb. Diqqətə çatdırılıb ki, ulu öndərimiz Heydər Əliyev müstəqil Azərbaycanın xilaskarı və qurucusu kimi şərəfli və məsuliyyətli bir missiyanı uğurla həyata keçirib. Hələ sağlığında xalqın qəlbində əbədiləşən ümummilli liderin siyasi xətti bu gün də ölkəmizdə, eləcə də muxtar respublikamızda dönmədən davam etdirilir.
Çıxışlarda keçirilən müsabiqənin gənclər arasında milli müstəqilliyimizin bəhrələrinin təbliği baxımından əhəmiyyəti vurğulanıb, müsabiqənin obyektiv və şəffaf şəraitdə keçirildiyi bildirilib.
Qeyd edək ki, tələbələr tərəfindən çəkilən və Azərbaycanın dövlət müstəqilliyini əks etdirən fotovideo, əl işləri hər bir tələbə tərəfindən hərəsindən bir nümunə olmaqla təqdim edilib. Müsabiqəyə universitetin “Instagram” səhifəsində, ümumilikdə, 40-a yaxın əl işi, video yerləşdirilib. Qaliblər 20 gün müddətində hər nominasiya üzrə ən çox bəyənilən 10 yaradıcı işin müəllifləri arasından seçilib.
Əl işlərinin qiymətləndirilməsi zamanı tələbələrin şəxsi yaradıcılıq qabiliyyətləri, ideya, mövzu axtarışları əsas götürülüb. İqtisadiyyat ixtisası üzrə IV kurs tələbəsi Aytac Həsənli müsabiqənin qalibi olub. Azərbaycan dili və ədəbiyyat ixtisası üzrə III kurs tələbəsi İnci Qasımova II, Dünya iqtisadiyyatı ixtisası üzrə I kurs tələbəsi Nigar Nəsirli III yerə çıxıb. Bu nominasiya üzrə həvəsləndirici yeri Əczaçılıq ixtisası üzrə I kurs tələbələri Azad Memitanlı, Enes Kılıç tutublar.
Münsiflərin rəyinə əsasən video nominasiyası üzrə Xalq çalğı alətləri ixtisası üzrə III kurs tələbəsi Əsmər İbrahimbəyli qalib seçilib. İqtisadiyyat ixtisası üzrə III kurs tələbəsi Hüseyn Qurbanov II, Biologiyanın tədrisi metodikası və metodologiyası ixtisası üzrə I kurs magistrant Fatimə Babayeva III yerə layiq görülüblər.
Qaliblər Naxçıvan Dövlət Universitetinin diplom və pul mükafatı ilə təltif olunublar.
Səadət Əliyeva