Naxçıvan Dövlət Universitetinin Konservatoriyasının akt zalında AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin anadan olmasının 70 illiyi münasibətilə “Akademik İsa Həbibbəyli-70” mövzusunda elmi konfrans keçirilib. Əvvəlcə tədbir iştirakçıları görkəmli alimin elmi-ictimai fəaliyyətini əks etdirən “Akademik İsa Həbibbəyli-70” adlı sərgiyə baxıblar. Konfransda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyid çıxış edərək bildirib ki,Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Tədbirlər Planına uyğun keçirilən bugünkükonfrans Ali Məclisin Sədri cənab Vasif Talıbovun görkəmli akademikin timsalında elmə, ziyalılığa, elm adamlarına verdiyi yüksək dəyərin ifadəsidir. Son illər muxtar respublikamızda elmin inkişafı ilə bağlı imzalanan sərəncamlar, alim nüfuzunun yüksəldilməsinə xidmət edən tədbirlər, atılan tarixi addımlar Naxçıvanın gələcək inkişafına hesablanan dövlət elm siyasətinə ən bariz nümunədir.Akademik İsa Həbibbəylinin yubiley tədbirlərinin Naxçıvanda dövlət səviyyəsində həyata keçirilməsi faktı da muxtar respublika rəhbərinin görkəmli alimin timsalında doğma yurda bağlılıq, vətən sevgisi, soykökə qayıdış, ümumilikdə milli-mənəvi dəyərlər siyasətinin konseptual proqramı kimi də dəyərləndirilə bilər.
Vurğulanıb ki, akademik İsa Həbibbəyli ilk növbədə bütün ömrünü Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliğinə həsr edən ictimai xadimdir. Ümummilli lider Heydər Əliyevin miras qoyduğu dövlətçilik ənənələrini yaşadan və inkişaf etdirən Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən milli maraqlarımıza uyğun həyata keçirilən daxili və xarici siyasət, müstəqilliyimizinmöhkəmləndirilməsi, təhlükəsizliyimizin təminatı, Azərbaycan xalqının maddi rifah halının daha da yaxşılaşdırılması, regionda sülhün və təhlükəsizliyin təmin olunması, ölkəmizin beynəlxalq səviyyədə nüfuzunun daha artırılması akademik İsa Həbibbəylinin ictimai xadim kimi fəaliyyətinin əsas istiqamətləridir. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi Azərbaycançılıq ideologiyasını hər zaman uca tutan, milli-mənəvi dəyərlərimizə sadiq olan İsa Həbibbəyli xalqı və dövlətini ürəkdən sevən, sözü, əməli işi və sədaqəti bir-birini tamamlayan şəxsiyyətdir.
Bildirilib ki, ömür kitabının 70-ci səhifəsini səhifələyən görkəmli akademik bu kitabın ilk səhifəsinə öz adını ilk növbədə qayğıkeş müəllim, fədakar alim, əsl ziyalı kimi yazdırıb, onu sevənlərin və tələbələrinin xatirəsində əbədi taxt qura bilib. Çoxcəhətli elmi fəaliyyət sferasında ölkədə gedən ictimai-mədəni və elmi-ədəbi proseslərdə fəal iştirak edən akademik İsa Həbibbəyli sözün əsl mənasında tədqiqatçılıq, ziyalılıq və vətəndaşlıq borcunu ardıcıl olaraq yorulmadan həyata keçirir. O, elmdə, cəmiyyətdə qazandığı nüfuzu özünün istedadı, genişmiqyaslı fəaliyyəti, universal və sanballı elmi yaradıcılığı, tükənməz enerjisi və əməyi sayəsində əldə edib. Çox sadə, təmkinli, təvazökar bir insan olmaqla yanaşı həm də dərin məntiqli, möhkəm əqidəli, daim həyata nikbin baxan ziyalı İsa Həbibbəylinin görkəmli şəxsiyyətlər haqqındakı elmi məqalələri ədəbiyyatşünaslıq elmimiz üçün qiymətli töhfələrdir.
Qeyd edilib ki, ədəbiyyatşünas alimin fəaliyyətinin 20 ilə yaxın bir dövrünü onun Naxçıvan Dövlət Universitetinə rektorluq illəri əhatə edir. Ali Məclisin Sədri cənab Vasif Talıbovun böyük dəstəyi ilə rektorluq fəaliyyəti dövründə bu ali məktəbin həyatında köklü müsbət dəyişikliklər baş verib, təhsil quruculuğu, elmi fəaliyyət, beynəlxalq əlaqələr genişlənib, ali təhsil və kadr hazırlığı dövlətçilik konsepsiyası, milli düşüncə, Azərbaycançılıq məfkurəsi əsasında inkişaf edib. Yenilikçi və novator insan kimi rektorluq fəaliyyəti dövründə 2000-ci ildə universitetin ilk beynəlxalq layihəsi olan Beynəlxalq əlaqələrin Avropa standartlarına uyğun qurulması, Amerika universitetləri ilə əlaqələrin yaradılması, Amerikada “Naxçıvanın səsi” adlı aylıq bülletenin nəşr olunması, informasiya kommunikasiya texnologiyalarının inkişafına xidmət edən Elektron Naxçıvan ideyası, dəyəri 3,5 milyon dollari əhatə edən “Elektron universitet” layihəsinin həyata vəsiqə alması, onun sədrliyi ilə keçən dissertasiya şuralarında elmi inkişafa xidmət edən müdafiələrin keçirilməsi və ən əsası ali məktəb nəzdində İsa Həbibbəyli məktəbinin davamçılarının formalaşması və sadalaya bilmədiyimiz onlarla faktlar akademikin yolumaz fəaliyyətinin bəhrələri sayıla bilər.
Diqqətə çatdırılıb ki, görkəmli alimin vətən qarşısındakı xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Akademik İsa Həbibbəyli 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə “Şöhrət” ordeni ilə təltif olunub, “Əməkdar elm xadimi” adına, “Şərəf” ordeninə layiq görülüb. 2001-ci ildə Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü seçilib, eyni ildə Amerika Tədqiqatlar İnstitutunun “İlin adamı-2001” mükafatını qazanıb. 2019-cu ilin 15 oktyabr tarixində görkəmi alimimiz dövlət başçısı İlham Əliyevin sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Tədbirdə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin “Akademik İsa Həbibbəylinin elmi fəaliyyəti”, Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmovun “Naxçıvan Dövlət Universiteti və akademik İsa Həbibbəyli”, “Naxçıvan” Universitetinin rektoru, professor İsmayıl Əliyevin “Akademik İsa Həbibbəylinin pedaqoji fəaliyyəti”, Naxçıvan Müəllimlər İnstitutunun rektoru, dosent Elbrus İsayevin “Naxçıvanda ali təhsilin inkişafında akademik İsa Həbibbəylinin rolu”, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktor müavini, professor Hüseyn Həşimlinin “İsa Həbibbəyli və Naxçıvan ədəbi mühiti” mövzularında çıxışları dinlənilib. Çıxış edənlər görkəmli elm və ictimai xadimi təbrik edib, akademikin elm, təhsilistiqamətlərindəkiçoxşaxəli fəaliyyətindən söhbət açıblar. Akademik İsa Həbibbəyliyə 70 illik elmi-pedaqoji fəaliyyətinə görə AMEA Naxçıvan Bölməsinin fəxri fərmanı və təbrik məktubu təqdim olunub.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxışında 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsinə görə ölkə Prezidenti cənab İlham Əliyevə və Naxçıvanda 70 illik yubileyinin geniş şəkildə qeyd edildiyi üçün Ali Məclisin Sədri cənab Vasif Talıbova dərin minnətdarlığını bildirib. Akademik qeyd edib ki, ulu öndərimiz Heydər Əliyevin apardığı uzaqgörən siyasət müstəqil Azərbaycan Respublikasını dərin faciəvi böhrandan xilas etdi, ölkə özünün gələcək inkişafının əsas axarını tapa bildi. Əgər ümummilli lider xalqımızın xilaskarlıq missiyasını yerinə yetirməsəydi bugünkü inkişaf, tərəqqi mənzərəsi mümkün olmayacaqdı. Görkəmli dövlət xadiminin siyasi xəttini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin qətiyyətli və uzaqgörən fəaliyyəti nəticəsində Azərbaycan qısa zaman ərzində inkişaf etmiş ölkələr sırasına qoşulub, həyatın bütün sahələrinin, o cümlədən elm və təhsilin yüksək səviyyədə inkişafı təmin edilib. Məhz ulu öndər siyasətinin uğurlu davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan dünyada söz sahibi olan ölkələr sırasında yer alıb. Dünya liderləri arasında yüksək analitik təfəkkürü və qətiyyəti ilə seçilən Ölkə Prezidenti cənab İlham Əliyev həm də dünya azərbaycanlılarının lideri missiyasını yüksək səviyyədə həyata keçirir. Son 24 ildəNaxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun gördüyü böyük işlər nəticəsində qədim diyar da əsl inkişaf mərhələsinə qədəm qoyub, ordu quruculuğu, iqtisadiyat elm, təhsil sahələrində reallaşdırılan infrastruktur layihələri öz bəhrələrini verib. Ümummilli lider Heydər Əliyev ideallarını sədaqətlə yaşadan, dövlət başçısınınn müdrik siyasətini uğurla həyata keçirən Ali Məclis Sədrinin formalaşdırdığı Naxçıvan dövlətçilik modeli əqidə bütövlüyü, məsuliyyət, əməli işlə bağlı mühüm prinsipləri özündə nümayiş etdirir. Naxçıvanda böyük ziyalı nəsli formalaşdığını vurğulayan akademik 70 illik yubileyinin bu qədim diyarda yüksək səviyyədə qeyd olunmasını bütün elm adamlarına verilən yüksək qiymət kimi dəyərləndirib.
Sonra akademik İsa Həbibbəylinin elmi-pedaqoji və ictimai fəaliyyəti ilə bağlı sənədli film nümayiş olunub.
Qeyd edək ki, Bilik Fondunun Tədbirlər Planına uyğun olaraq yubiley çərçivəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzində “Akademik İsa Həbibbəyli alim və ictimai xadim kimi” mövzusunda açıq dərs, Naxçıvan Dövlət Universitetində “İsa Həbibbəyli və Naxçıvan Dövlət Universiteti” konfransı, Naxçıvan Dövlət Universiteti və Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə “Naxçıvan ədəbi mühiti akademik İsa Həbibbəylinin tədqiqatlarında” mövzusunda tədbir də keçirilib.
Nail ƏSGƏROV
http://oldserqqapisi.az/index.php/idztimai-siaysi/20477-akademik-isa-haebibbaeyli-70-moevzusunda-elmi-konfrans-kedzhirilib.html#sigProGalleriac5f312e8d6