Azərbaycan-Fransa regionlararası əməkdaşlığın inkişaf etdirilməsi üzrə İdarəetmə Komitəsinin 1-ci iclasında iştirak etmək üçün Parisdə səfərdə olan Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəsi Bəxtiyar Əsgərov Naxçıvan şəhəri ilə qardaşlaşma xartiyası imzalamağa hazırlaşan Montro-Fot-Yonn şəhərinin meri Ceyms Şeron ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə iki şəhərin tarixindən, iqtisadiyyatından danışılıb. Mer Ceyms Şeron bildirib ki, Sena və Yonn çaylarının sahilində yerləşən Montro-Fot-Yonnda əvvəllər kənd təsərrüfatı və ticarət daha çox inkişaf etmiş və şəhərin geniş ticarət əlaqələri olmuşdur. Ancaq ötən əsrin sonlarından şəhər sənaye və demoqrafik inkişaf baxımdan geniş vüsət götürüb və sənaye şəhərinə çevrilib. Dünyanın bir çox ölkələrinə fiber-optik kabellər ixrac edir. Mer yeni tikilməkdə olan müəssisələr haqqında məlumat verib. Montro-Fot-Yonn şəhərinin tarixi məkan olmasından danışaraq şəhərin tarixi əhəmiyyətini, eləcə də Fransanın tarixində böyük rol oynadığını diqqətə çatdırıb.
Bəxtiyar Əsgərov Naxçıvanın tarixi və mədəni irs abidələri, eləcə də mədəniyyəti və mətbəxinə dair kitabları, Muxtar Respublikanın tarixi və mədəni irs abidələrinə dair diskləri merə hədiyyə edib. Bildirib ki, bu kitablar və disklər Naxçıvanı daha yaxından tanımaq üçün yardımçı olacağına inanır. Daimi nümayəndə Montro-Fot-Yonn şəhərinin merini Naxçıvana səfərə dəvət edib.
Dəvəti böyük məmnuniyyətlə qəbul edən mer Ceyms Şeron qarşıdan gələn bələdiyyə seçkilərindən sonra Naxçıvana səfər edəcəyini bildirib. Əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağına inandığını deyib.
Görüşdə səfirliyimizin II katibi Suliddin Məmmədov və Montro-Fot-Yonnun Meriya Şurasının Azərbaycan üzrə əlaqələndiricisi Marqo Qomes dö Kastro da iştirak ediblər.
Montro-Fot-Yonn şəhərini yaxından tanımaq üçün Naxçıvan nümayəndəsinə xüsusi proqram təşkil olunub. Meriya Şurasının Azərbaycan üzrə əlaqələndirici Marqo Qomes dö Kastronun müşayiəti ilə Naxçıvanın daimi nümayəndəsi şəhərdə fəaliyyət göstərən “Rəqəmsal Akademiyada (La Digitale Academie), “Micro-Folie” virtual muzeyində, eləcə də Fransanın tarixində böyük rol oynamış tarixi hadisələrin cərəyan etmiş olduğu məkanlarda olub.
Gənclərin müxtəlif universitetlərin diplomuna yiyələnməsini asanlaşdırmaq məqsədi ilə yaradılmış Rəqəmsal Akademiya (La Digitale Académie) ilə tanışlıqdan sonra Akademiyanın direktoru Soazig Grosla müzakirələrdə Bəxtiyar Əsgərov Naxçıvan Universitetləri və distant təhsil haqqında məlumat verib. Bildirib ki, Naxçıvan Universiteti bir çox ölkələrin universitetləri ilə əməkdaşlıq edir və distant təhsil təmin olunub. Bu gün Naxçıvanda onlarla ölkənin tələbələri təhsil alır. O, həmçinin Naxçıvan və Fransa Universitetləri arasındakı mövcud əlaqələrə toxunaraq, fransız dilinin tədrisindən söz açıb. Qeyd edib ki, Naxçıvan Dövlət Universitetində Fransız dili ixtisası üzrə ali təhsilli kadrlar hazırlanır, Muxtar Respublikanın 50-yə yaxın orta məktəbində Fransız dili fənni tədris olunur. 2006-cı ildən Muxtar Respublikada Azərbaycan-Fransa beynəlxalq arxeoloji ekspedisiyası fəaliyyət göstərir. Aparılan araşdırmaların nəticələri müxtəlif beynəlxalq jurnal və kitablarda nəşr edilib. Eyni zamanda, “Azərbaycan-Fransa birgə arxeoloji qazıntıların 10 illiyi” adlı sərgilər Bakı və Lyon şəhərlərində keçirilib. Sərgilərdə Naxçıvanda arxeoloji qazıntılar zamanı tapılan əşyalar nümayiş olunub.
Montro-Fot-Yonn şəhərinin Micro Folie” rəqəmsal virtual muzeyinə səfər zamanı muzeyin fəaliyyəti haqqında məlumat verilib. Qeyd edilib ki, “Micro Folie”də Fransanın bütün muzeylərinin, eləcə də bir çox ölkələrin məşhur muzeylərinin eksponatları ilə daha yaxından tanış olmaq mümkünüdür. Muzeyin əsas məqsədi digər şəhərlərdəki muzeylərə getmək imkanı olmayan sakinlərə yardımçı olmaq və həmin muzeylərin eksponatlarını təqdim etməkdir.
Müzakirələr zamanı bu muzeydə Naxçıvanın tarixi və mədəni abidələri haqqında rəqəmsal məlumatın yerləşdirilməsinin əhəmiyyətinə toxunulub. Bildirilib ki, belə məlumat yerli sakinlərə qardaş şəhəri yaxından tanımağa imkan yaradacaq.
Şəhərlə tanışlıqdan sonra Montro-Fot-Yonn şəhərinin meri tərəfindən təşkil edilmiş işgüzar naharda müzakirələr davam edib. Nahar zamanı tərəflər əməkdaşlığın mümkün istiqamətlərini bir daha nəzərdən keçiriblər.
Naxçıvan Muxtar Respublikası, onun zəngin mineralları haqqında maraqlanan şəhər meriyasının nümayəndələrinə ətraflı məlumat verilib. Nuhun vətəni, bəşəriyyətin beşiyi olan Naxçıvanın tarixindən, coğrafiyasından, antik və orta əsrlər dövrü maddi-mədəniyyət nümunələri və tarixi abidələrindən, ilk insanların yaşadığı mağaralardan, möhtəşəm qalalardan, xatirə memarlığının ən mükəmməl nümunələri olan türbələrdən söz açılıb. Bildirib ki, uzun illərdir Ermənistanın işğalçılıq siyasəti nəticəsində blokada şəraitində yaşamasına baxmayaraq Naxçıvanda inkişafa nail olunub, enerji və ərzaq təhlükəsizliyini təmin edib. Respublikada müasir infrastruktur yaradılıbdır. Söhbət zamanı Naxçıvanın geniş turizm potensialına toxunulub. Naxçıvandakı səhiyyə turizminin inkişafı sahəsində mövcud infrastrukturlar - Duzdağ Fizioterapiya Mərkəzi, Darıdağ Arsenli Su Müalicə və İstirahət Kompleksi, həmçinin dərman bitkiləri, “Badamlı” və “Sirab” kimi təbii müalicəvi süfrə suları haqqında danışılıb.
İşgüzar nahara qoşulan meriya nümayəndələri Naxçıvanda təşkil edilmiş beynəlxalq səviyyəli tədbirlər haqqında məlumatlandırılıblar. Qeyd edilib ki, 2018-ci ildə Naxçıvanda Avropa Günləri keçirilmiş, bir çox Avropa ölkələrinin Azərbaycanda akkreditə olunmuş səfirləri tədbiri çox yüksək qiymətləndirmişlər. Bir çox beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi edən Naxçıvanın özü də bir çox ölkələrdə beynəlxalq tədbirlərə qoşulub, xüsusilə də Fransada keçirilmiş beynəlxalq iqtisadi sərgilərdə Naxçıvan şirkətləri də iştirak edib.
Xatırladaq ki, cari ilin aprel ayında Sen və Marn departamentinin Montro-Fot-Yonn şəhərində 178-ci Müqəddəs Parfe sərgi-yarmarkasında Azərbaycanın fransadakı səfirliyinin təşkilatçılığı ilə Naxçıvan öz stendi ilə təmsil olunmuşdur. Naxçıvan stendi ziyarətçilərin böyük marağına səbəb olmuşdur.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Montro-Fot-Yonn