Fransa və Azərbaycanın ərazi kollektivləri arasında sazişlər imzalanıb. İki gün əvvəl Azərbaycan-Fransa regionlararası əməkdaşlığın inkişaf etdirilməsi üzrə İdarəetmə Komitəsinin iclası keçirildi. İclasda hər iki ölkənin səfirləri, Azərbaycan İqtisadiyyat nazirinin müavini iştirak edirdi. Həmin iclas çərçivəsində Naxçıvan şəhərinin rəsmi nümayəndəsini Montro-Fot-Yonna dəvət etdik. Bu gün onu meriyamızda qarşılamaqdan çox şadıq. Bu gələcək əməkdaşlığımızı müzakirə etmək üçün vacibdir.
Bu fikri Naxçıvan şəhəri ilə qardaşlaşacaq Montro -Fot-Yonn şəhərinin meri Ceyms Şeron AZƏRTAC-a müsahibəsində söyləyib.
Bildirib ki, bu qardaşlaşma şəhərlərə öz metodlarını, yanaşmalarını, bilik və bacarıqlarını, innovasiyalarını mübadilə etmək üçün imkan yaradacaq. Naxçıvanın nümayəndəsini qəbul etməkdən çox şadam. Onun şəhərimizin “Rəqəmsal Akademiya”sına (Digitale Academie) və “Micro Folie” virtual muzeyinə baş çəkməsinə çox sevinirəm. Şəhərimizdə ali təhsil müəssisəsi olmadığından, İnnovasiyalar sayəsində gənclərimizə yerindəcə təhsil almaq imkanı yaratmışıq. Bu innovasiya ilk dəfə şəhərimizda yaradılıb. İnanırıq ki, Naxçıvanda bu metoddan istifadə edə biləcək və naxçıvanlı gənclər Fransız universitetlərində distant təhsil almaq imkanına malik olacaqlar.
“Micro Folie” virtual muzeyimiz dünyaya bir pəncərədir və digər bir innovasiyamızdır. Yeni texnologiyaların sayəsində mədəniyyəti insanlara daha yaxın edirik. İnanırıq ki, təcrübəmiz, metod və yanaşmalarımız qarşılıqlı maraq yaradacaq və hər iki tərəf üçün faydalı olacaq.
“Bu gün Naxçıvanın nümayəndəsini şəhərimizdə qarşılamaqdan çox şadam. Ümid edirəm ki, onun səfərinə cavab olaraq tezliklə şəhərimizin nümayəndə heyəti ilə Naxçıvana gedəcəm”,-deyə C. Şeron bildirib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Montro-Fot-Yonn