Avqustun 16-da Şərur şəhərində keçirilmiş tədris kursunda çıxış edən 2 saylı Şərur seçki dairəsi dairə seçki komissiyasının sədri Kamal Ələkbərov bildirmişdir ki, qarşıdan gələn prezident seçkilərinə hazırlıq məqsədilə təşkil olunmuş bu kurslar Azərbaycanda seçkilərin beynəlxalq standartlara uyğun, yüksək səviyyədə keçirilməsində mühüm əhəmiyyət kəsb edir. Əvvəlki seçkilərdə olduğu kimi, növbəti prezident seçkilərində də obyektivliyin təmin olunması, seçicilərin hüquqlarının qorunması, onların səsvermə prosesində sərbəst iştirakı üçün bütün imkanlar yaradılmışdır.
1 saylı Şərur-Sədərək seçki dairəsi dairə seçki komissiyasının sədri Niyaz Əsgərov çıxış edərək bildirmişdir ki, bu seçki dairəsi üzrə 35 seçki məntəqəsi fəaliyyət göstərir. Bu seçki məntəqələrindən 7-si Sədərək rayonunun ərazisində yerləşir. Ümumilikdə, 1 saylı Şərur-Sədərək seçki dairəsi üzrə 36630 seçici qeydə alınmışdır.
Seçki gününədək seçici siyahılarında dəqiqləşdirmələr aparılmasında məntəqə seçki komissiyalarına göstəriləcək köməklikdən və seçki məntəqələrinin seçkilərə hazırlıq vəziyyətindən danışan Şərur Rayon İcra Hakimiyyəti başçısının müavini Rövşən İsgəndərov qeyd etmişdir ki, məntəqə seçki komissiyalarının lazımi fəaliyyət göstərməsi üçün komissiya üzvlərinə normal iş şəraiti yaradılmışdır. Şərur rayonu üzrə fəaliyyət göstərən 78 mülki seçki məntəqəsindən 48-i yeni tikilmiş ictimai binalarda yerləşdirilmişdir.
Tədbirdə Şərur Rayon Məhkəməsinin sədri Hüseyn Zülfüqarovun, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşı Ayaz Məhərrəmovun, Şərur rayon prokuroru Kamil Şükürovun, Şərur Rayon Polis Şöbəsinin rəisi Məmməd Hüseynovun, Şərur Rayon İcra Hakimiyyətinin Ümumi şöbəsinin müdiri Əşrəf Qasımovun çıxışları olmuşdur.
* * *
Həmin gün Culfa rayonunda da seçki hüququ üzrə ixtisaslaşdırılmış kurs keçirilmişdir.
Tədris kursunda 6 saylı Culfa-Babək seçki dairəsi dairə seçki komissiyasının sədri Əzim Əzimov çıxış edərək seçkilərin demokratik şəraitdə keçməsi üçün həyata keçirilən tədbirlərdən, seçki məntəqələrində səsvermə prosesinin mövcud təlimatlara uyğun təşkilindən, komissiya üzvlərinin hazırlıq səviyyəsindən, ixtisaslaşdırılmış kursların dairə və məntəqə seçki komissiyaları sədr və üzvlərinin seçki üzrə hüquqi biliklərinin artırılmasında əhəmiyyətli rolundan danışmışdır.
“Seçki gününədək seçici siyahılarında dəqiqləşdirmələr aparılmasında məntəqə seçki komissiyalarına göstəriləcək köməklik, seçki məntəqələrinin seçkilərə hazırlıq vəziyyəti” mövzusunda çıxış edən Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Qasımov qeyd etmişdir ki, rayon ərazisində yerləşən məntəqə seçki komissiyalarının lazımi fəaliyyət göstərməsi üçün komissiya üzvlərinə normal iş şəraiti yaradılacaqdır. Seçki məntəqələri ərazisində təşviqat materiallarının lövhələrdə yerləşdirilməsi üçün müvafiq yerlər ayrılmışdır.
Tədbirdə Culfa Rayon Məhkəməsinin sədr əvəzi Mahir Allahverdiyev “Seçki hüquqlarının məhkəmə müdafiəsi, seçki hüququ və onun müdafiəsinin qanunvericilik əsasları”, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşı, kiçik ədliyyə müşaviri Səyyub Kərimov “Seçki prosesində ədliyyə orqanlarının fəaliyyəti”, Culfa rayon prokuroru Əli Adıgözəlov “Seçki hüquqlarının pozulmasına görə məsuliyyət”, Culfa Rayon Polis Şöbəsinin rəisi İlham Məmmədov “Seçki prosesində polis orqanlarının rolu və fəaliyyət istiqamətləri”, Culfa Rayon İcra Hakimiyyətinin Ümumi şöbəsinin müdiri Təbriz Hüseynzadə “Dairə və məntəqə seçki komissiyalarında kargüzarlığın aparılması qaydaları” mövzularında çıxışlar etmişlər.
* * *
Kəngərli rayonunda keçirilmiş tədbirdə çıxış edən 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsi dairə seçki komissiyasının sədri Zahid Ələkbərov hazırlıq prosesində dairə və məntəqə seçki komissiyalarının üzərinə düşən məsul vəzifələrdən, bu sahədə hər kəsin yüksək məsuliyyətindən danışmışdır.
Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini Səxavət Həsənov seçki gününədək seçici siyahılarında dəqiqləşdirmələr aparılmasında məntəqə seçki komissiyalarına göstəriləcək köməklik, seçki məntəqələrinin seçkilərə hazırlıq vəziyyəti barədə danışmışdır.
Sonra Kəngərli Rayon Məhkəməsinin hakimi Əhliman Xıdırov, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşı Zamin Nəbiyev, Kəngərli rayon prokuroru Müşfiq Həsənov, Kəngərli Rayon Polis Şöbəsinin rəisi Anar Musayev, Kəngərli Rayon İcra Hakimiyyətinin Ümumi şöbəsinin müdiri Novruz Kətənov müxtəlif mövzularda çıxışlar etmişlər.
Tədris kurslarında bildirilmişdir ki, oktyabrın 9-da ölkəmizdə növbəti prezident seçkilərinin azad, demokratik və şəffaf şəraitdə keçirilməsi, ilk növbədə, seçki məntəqələrində səsvermə prosesinin mövcud təlimatlara uyğun təşkil edilməsindən, komissiya üzvlərinin hazırlıq səviyyəsindən asılıdır. Ölkəmizdə həyata keçirilən uğurlu siyasət nəticəsində demokratik seçkilərin keçirilməsi üçün möhkəm qanunvericilik bazası yaradılmış, ictimai-siyasi sabitlik təmin edilmişdir.
Naxçıvan Muxtar Respublikası
Mərkəzi Seçki Komissiyasının mətbuat xidməti