İsa Həbibbəyli - 70
Mətn - dil vahidlərinin semantikası baxımından çoxölçülü fikir məkanıdır. Mətn mənanın və müəyyən struktur qanunauyğunluqlarının vəhdətindən yaranır. Bu məkan semantik bitkiliyi müəyyən iyerarxik bütövlüyü nümayiş etdirir, resipiyent tərəfindən informativ yükü daşıma və ötürmə prosesində mühüm amil kimi çıxış edir. Mətn "elmi məkan"dır. Həmin məkanda elmi mənanın həqiqiliyi ilə yanaşı, paradoksallıq da özünü göstərə bilir.
İsa Həbibbəylinin mətnləri həm dil, həm də nitq faktıdır. Bu mətnlər, öncə kommunikativ və informativ, bir nitq vahidi olaraq sadəcə ona xas olan, özəl işarələr vasitəsilə formalaşır. Bunlar mümkün olduğu qədər, elmi mətnin açıqlığı, aydınlığı və dərk edilməsini və xüsusi dil-sənətkarlıq mövqeyini ehtiva edir.
Monolitlik mətnə, ələlxüsus da elmi dilə xas olan cəhətlərdəndir. "Monolit" - terminin mənası bütövlük, ayrılmaz, möhkəm anlamını verir. Monolit mətnlərin üslubu qəbulediləndir.
Yaradıcılıq işinin mexanizmi, bu mətnin prinsipial assimetrik fikiryaradıcı mexanizmdir. Bu, mətnin dərin strukturunda yaranan yeni fikirlərdir. "Mətn nəinki yeni fikirlərin generatorudur, eyni zamanda, mədəniyyətin kondensatorudur" (Ç.M.Lotman).
Elmi yaradıcılıq sferası yeni elmi yanaşmadan ibarətdir. Onun elmi əsərlərinin dili bu baxımdan bir aynadır. Bu aynaya baxanda elmin təmiz, parlaq, şəffaf yönləri görünür. Bir zamanlar akademik İsa Həbibbəylinin elmi dili (bu üslub ləyaqətli, səlis, novator və aydındır!), həmin ifadə tərzini əks etdirən mətnlər diqqətimizi xüsusi olaraq cəlb etmişdi. Diqqəti daha çox çəkən isə bu mətnlərdəki sintaktik konstruksiyaların daim bir-birini təhdid etməsi, bir-birini izləməsi olmuşdur. Yəqinliklə demək olar ki, bu, müstəqil, fərdi üslubdur. Buna bənzər yazılar, demək olar ki, yoxdur.
AMEA-nın həqiqi üzvü İ.Həbibbəyli əsas etibarilə ədəbiyyatşünaslığa (ədəbiyyat nəzəriyyəsi, Azərbaycan ədəbiyyatı tarixi və s.) aid mətnlər qurur. Adama elə gəlir ki, bu mətnlərin struktur-semantik və funksional-praqmatik əlamətlərini ayrıca tədqiq etmək də olardı. Həmin mətnləri qurmağın özü çətin bir prosesin nəticəsidir. Şübhəsiz, belə araşdırma xüsusi maraq doğurmaya bilməz.
Elmi dildə insan amili mühüm önəm daşıyır. İnsan elmin dərinliyə baş vurmağa çalışır. Söz, fikir adamı sözü yeni semantik yuvalarda işlətməyə səy göstərir. Bu cəhətləri elmi fəaliyyətində həmişə nəzarətdə saxlayan, fundamental əsərlər yaradıcısı İ.Həbibbəylinin elmi dili və üslubu monoloji xarakter kəsb edir: Ciddi, qəti, tələbkar, dürüst, dəqiq se-çilmiş, sərt qaydada, nizamlı dil vasitələrindən istifadə; ağır, cəlbedici, normaya salınmış nitq söyləməyə meyl; öncədən ətraflı düşünülmüş, götür-qoy edilmiş, fikrini dərindən cəmləşdirilmiş. Qaldırdığı ədəbi məsələlər barəsində təzə söz deməyə meyl göstərir. Yeni ifadə vasitələrindən istifadə edir. Bunlardan elmi nəticələr çıxarır. Dil vasitələri seçilərkən məntiqi-semantik ardıcıllıq gözlənilir.
Görkəmli ədəbiyyatşünas alim İsa Həbibbləylinin qurduğu elmi mətnlər bizim nəzərimizi bundan başqa bir çox cəhətdən də özünə cəlb etdi: 1) faktların dəqiqliyi, bütövlüyü, aydınlığı, sübutların, dəlillərin aydınlaşdırılması, mühakiməsinin itiliyi baxımından; 2) ədəbi hadisələr, proseslər arasında səbəb-nəticə əlaqəsinin göstəricisi baxımından; 3) ədəbi tarixi inkişafın qanunauyğunluqların üzə çıxarılması baxımıdan və s.
O, elmi üslubun normalarına ciddi əməl edən alimlərimizdəndir. Elmi mətn müəllifin nitq yaradıcı fəaliyyətinin nəticəsi olaraq meydana çıxır. Onun elmi nitqi mübaliğəsiz dünyanın individual mənzərəsini əks etdirir. Daha məhdud dairədə ədəbiyyat nəzəriyyəsinin, ədəbiyyat tarixinin, Azərbaycan ədəbiyyatının xəritəsini inikas etdirir. Həmin mətnlərdə olan interpretasiyalar (izah və şərhlər) müəllifin dünyaya baxışıdır.
Akademik İsa Həbibbəylinin qurduğu mətnlər öz xüsusi tonallığına, emosional boyalarına, rənglərinə görə seçilir. Emosional tonal mətnlər universal kateqoriya təşkil edir. Bu mətnlər üçün monoloit və semantik bütövlük hakimdir. İsa müəllimin qurduğu elmi mətnlər aşağıdakı xüsusiyyətlərinə görə də xarakterizə oluna bilər: yüksək aktivliyə malik informativliklə, semantik bütövlük yaradan vasitələrlə, izomorfizm mahiyyətindən meydana gələn ifadələrin bolluğu, sinonimik və perifrastik transformasiyaların çevikliyi ilə səciyyələnir.
İ.Həbibbəylinin elmi dilinin leksik tərkibini milli sözlərimizlə bərabər alınma söz və terminlər də təşkil edir. Müasir elmi üslubun leksik quruluşunun xarakterik cəhəti - terminoloji alınmaların müntəzəm axınıdır. İsa müəllim ümumişlək və terminoloji leksikadan ən çox elmi anlayışlar arasında rabitə yaratmaq, onlar arasındakı münasibətləri ifadə etmək, anlayışı şərh etmək, sınaq materialının təsvirini vermək, ədəbiyyatı, ədəbiyyat adamını dəyərləndirmək üçün istifadə edir. İstifadə etdiyi söz və terminlər dolğunluq yaradır, elmi anlayışları təmin edir. Bununla verilən elmi bilik kütləviləşir.
İ.Həbibbəyli elmi dilinin frazeoloji tərkibi. Bu tərkib elmi dil üçün bir o qədər də məqbul sayılmasa da, hər halda deyimlər fikir-məna ətrafında cəmləşə bilir və yüksək məntiqi-informativ dolğunluq yaradır.
Xüsusi avtoriallaşma üsulu - "mən" qeyri-müəyyən şəkli konstruksiyalardan istifadə (Hesab edirəm ki, bütün bunlar Səməd Vurğunun simasında poetik düşüncə ilə elmi idrakın yaratdığı dərin təəssüratların nəticəsi idi (İsa Həbibbəyli. Ədəbi şəxsiyyət və zaman. Əsərləri 10 cilddə, II cild, "Elm və təhsil", 2017, səh. 555).
Sintaktik səviyyədə bağlayıcılı mürəkkəb cümlələrdən istifadə: Səməd Vurğun çəkinmədən tələb edirdi ki, "SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı öz işini elə qurmalıdır ki, bizdə tarix elmləri özünəlayiq yer tutsun" (səh. 541).
Başqa bir cəhət, avtonom "altdil"in mövcudluğu. Bu keyfiyyət İ.Həbibbəylinin elmi dilinin üslubunu səciyyələndirən başqa bir əlamətdir.
Onun elmi dilinin müxtəlif mövzuları işlənmə məqamında hiss olunur ki, qarşılıqlı təsirlər, xüsusiləşmələr (məs.: gərgin yaradıcılıq - ictimai işlər) burada özünəməxsus sistem yaradır: Gərgin yaradıcılıq səylərinə baxmayaraq, Səməd Vurğunun 1945-1956-cı illərdə ictimai işlərlə və elmi-təşkilati fəaliyyətlə də ardıcıl şəkildə məşğul olmuşdur - səh. 55). Ona görə ki, elmi sahə, elmi istiqamət sərhədlənmir, əksinə, həmişə inkişaf edərək öz hüdudlarını genişləndirir.
Alimin məhsuldar ideyalarından biri Azərbaycan ədəbiyyatının dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləridir. Həqiqətən də elmin, o cümlədən, İ.Həbibbəylinini ədəbiyyatda yeni tarixi dövrləşməni müəyyənləşdirməsi göstərir ki, hələ bu yöndə görüləsi işlər çoxdur, yeni istiqamətlər, yeni sahələr, yeni düşüncələr meydana çıxmalıdır.
Bir akademik düşüncə sahibi ədəbiyyatşünaslıq elminin differensasiyası və inteqrasiya proseslərinin bir-birindən ayrılmadığı, qırılmadığı qənaətinə gəlir. O, bu prosesə mühüm önəm verir. Çünki filoloji elmlərin sahə baxımından diferensiasiyası inteqrasiya üçün zəmin hazırlayır.
Hər hansı bir yeni elmin, yeni təsnifatın (yenidən dövrləşmənin) yaxud elmi araşdırmalardakı yeni istiqamətlərin meydana çıxması bu sahədəki yarımçıqları, yəni boşluğu doldura bilir, eləcə də bu sahənin öyrənilməsini asanlaşdırır. Bu baxımdan inteqrasiya istər-istəməz diferensasiyaya aparıb çıxarır.
İ.Həbibbəyli bu və ya digər məhsuldar ideyaların, həmçinin, yeni ortaq (müştərək) problemlərin və elmi sahələrin meydana çıxmasına mütləq sayır.
Həqiqətən də, elmin, o cümlədən, İ.Həbibbəylinin ədəbiyyatda yeni tarixi dövrləşməni müəyyənləşdirməsi göstərir ki, hələ bu yöndə görüləsi işlər çoxdur, yeni istiqamətlər, yeni sahələr, İsa müəllimin timsalında yeni düşüncələr meydana çıxmalıdır.
Məqalələrində elmi informasiyaları yığcam bir dildə verir, təhlil etdiyi obyekt barədə aydın təsəvvür yaradır, bir sözlə, elmi arqumentlər sistemini bütöv biçimdə təqdim edir. Məs.: "Müasir ədəbi prosesin çağırışlarından və qayğılarından, gəorginliklərindən bəhs edəndə də nə qədər çətin olsa da, Kamal Abdulla mühitin səthində qalmır, fövqündə dayanmağa çalışaraq mahiyyəti açmaqla bərabər, həm də çıxış yolu göstərmək funksiyalarını həyata keçirməyə ciddi surətdə səy göstərir" (səh. 893).
Ədəbiyyatın, ədəbi prosesin müxtəlif proseslərinə, şair və yazıçıların əsərlərinə dair yazıları aydınlaşdırıcı, sübutedici, məntiqi, yığcam, obyektlik, konkretlik, fikrin dəqiqliyi kimi keyfiyyətlərə malikdir.
İ.Həbibbəylinin elmi nitqi standartlılıq (birtiplilik) xüsusiyyəti daşıyır. Bu o deməkdir ki, onun elmi mətni açıq sistem kimidir. Elmi üslub, şübhəsiz, həmin sistemin alt qatını təşkil edir və elmi kommunikasiyanı təmin edir. "Yüksək mədəni səviyyəyə, nümunəvi ziyalılığa malik olan Abbas Səhhət öz şəxsiyyətinin bütün daxili zənginliyini əlçatmaz, hissedilməz duyğu və həyəcanlarına qədər şeirlərinə hopdurmuşdur. Buna görə də nun lirikası ağlın fəlsəfəsi hikmətlərindən çox, qəlbin incə musiqisi, melodiyası kimi səslənir" (səh. 390).
Elmi mətnlərinin interpretasiyası göstərir ki, İsa Həbibbəylinin elmi nitqi spesifik standartlarla - sabit nitq formaları ilə, məhsuldar və qarşılıqlı əlaqə, ünsiyyət yaradan vasitələrinin bolluğu ilə təmin olunub. Onun elmi nitqi bu cəhətlərə görə də səciyyələnə bilər.
Belə formalar mürəkkəb termin və anlayışlardan ibarətdir (nəzəri baza, emprik əsas, məsələnin öyrənilməsi tarixi, hər iki mərhələdə, yeni tarixi dövr, akademik hesabat, ictimai fikrin inkişafı və s.).
İşlətdiyi standart konstruksiyalar məqamında variantlaşır. Variantlaşan standartlar ələlxüsus da kompoziya (quruluş, tərtibat) siqnalları üçün istitfadə olunur.
Bundan başqa, İ.Həbibbəylinin elmi nitqində standartlar bir sıra mühüm funksiyaları da yerinə yetirir. Birinci növbədə, kompozisiya siqnalları - yeni mətnin struktur-məzmun hissəsi kimi daxil edilir. Standartlaşmanın xarakteri - növbəti informasiyaların xarakterinin keçməsinə əvvəlcədən bilmək imkanı verir. İkincisi, standartlar elmi hazırlığa sərf edilmiş zamana qənaət edir. Üçüncüsü, İ.Həbibbəylinin standartlaşmış elmi nitqi xeyli informasiya ilə təmin olunaraq məlumatları mümkün olan tərzdə, əlverişli şəraitdə asanlaşdırır, sadə, anlaşıqlı bir duruma gətirib çıxarır. Ona görə də standartlaşdırmadan istifadə İ.Həbibbəylinin elmi nitqində kontakt, əlaqəqurucu mənanın formalaşmasına da imkan verir.
Müşahidələr göstərir ki, İsa müəllimin elmi nitqinin hazırlıq əlamətləri. Monotematiklik, kommentarlıq və faktoloji xüsusiyyətlərdən ibarətdir.
İ.Həbibbəylinin elmi nitqinin əlamətlərindən biri də yüksək hazırlıqdır. Onun həm şifahi, həm də yazılı nitqinin hazırlıq dərəcəsi bizcə, çox yüksəkdir. Bizə elə gəlir ki, elmi mətn, elmi nitq təbii hadisə kimi doğulmur, meydana gəlmir, əksinə, qeyri-mütəşəkkil olaraq bunun üçün münbit şərait, imkan yaranır. Bu imkanı İsa müəllim özü yaradır. Ona görə də onun nitqinin təsir gücü auditoriyanı, onun çoxsaylı oxucularını ciddi şəkildə maraqlandırır.
İsa müəllimin məqalə və kitablarındakı bütün elmi proqnozlar sistemli və müntəzəmdir, əlaqəli şəkildədir və bu proqnozlar inandırıcıdır.
İ.Həbibbəylinin elmi nitqinin informativliyi asanlığı, sadəliyi, anlaşıqlığı ədəbi dilin normalarına uyğun tənzimlənməlir. Ciddi normativlik sözügedən elmi nitqin tələblərindəndir. Bu cəhətdən İsa müəllimin elmi nitqi savadlıdır, nitqi keyfiyyətlidir, yüksək dərəcəlidir, etik tələblərə tam cavab verir.
Yüksək dəqiqlik tələbi İsa müəllimin elmi nitqinin başlıca xüsusiyyətlərindən sayıla bilər. Dəqiqlik tələbi altında faktların doğruluğu, gerçəkliyi, həqiqiliyi, etibarlığı, möhtəbərliyi, səhihliyi, yəqinliyi dərk edilir. Bu xüsusiyyətlər onun elmi terminologiyadan, fakt və sitatlardan düzgün istifadədə, korrektlikdə, terminləri öz idrakına, dünyagörüşünə görə mənalandırmasından və ino izahından asılıdır.
İsa müəllimin elmi nitqinində ədəbilik xüsusiyyəti çox aydın görünür. Qurduğu, işlətdiyi ifadə və cümlələrin. Mövzu və ideyaların ədəbiliyi. Speklyativ (nəzəri, təcrübəyə əsaslanmayan) mətnlərə onun yaradıcılığında təsafüf etmək mümkün deyil.
İ.Həbibbəylinin elmi nitqində məntiqilik xüsusiyyəti çox güclüdür. Buraya arqumentlilik əlamətini də daxil etmək olar. Elmi fikrin, düşüncəsi dərindir, arqumentlilik - şərh edilən məsələnin əsaslandırılması və inandırıcılığı. Onun çıxardığı nəticələr elmi-nəzəri cəhətdən əsaslanılır. Bir-birindən asılılıq, bir-birinə təsir, bir-birindən törəmə xüsusiyyətləri bunun məxsusi əlamətlərini təşkil edir.
İ.Həbibbəylinin elmi nitqində praqmatik prinsiplər gözlənilir. Elmi nitqdə praqmatiklik retrospektiv və perspektiv tədqiqatları nümayiş etdirir. Elmi praqmatika kontekstdə böyük tarixi epoxanı formalaşdırır.
Böyük alimin elmi nitqində varislik (arası kəsilmədən, ardıcıl surətdə əvəz etmək, birindən o birinə keçmə) xüsusiyyəti. Qurulan mətnin hissələri ardıcıl olaraq bir-biri ilə arasıkəsilməz biçimdə bağlanır.
İ.Həbibbəylinin elmi nitqində tədricilik xüsusiyyəti alimin "böyük şəxsiyyətlərə yenidən qayıtmaq" kimi ciddi vəzifələrin yerinə yetirilməsini göstərir. Məsələn, tədqiqatçı görkəmli ədəbiyyatşünas və böyük müəllim Firidun bəy Köçərli haqqında yazdığı məqalədə köçərlişünaslığın qarşısında bu böyük şəxsiyyətə yenidən qayıtmağın çox vacib olduğunu nəzərə çatdırır. Ona görə ki, bu böyük müəllimin "Azərbaycan ədəbiyyatının tarixi materialları" əsəri Azərbaycan ədəbiyyatı tarixçiliyinin möhkəm bünövrəsidir. Firidun bəy Köçərli professional ədəbiyyatşünaslığın elmi əsaslarını yaratmışdır və s. (səh. 450).
Və İsa müəllim bu məsələyə yenidən qayıdır. Firidun bəy Köçərlinin Qoridən yazılmış məktublarını tapır və onu məktublaşma mədəniyyəti örnəyi kimi təqdim edir.
İ.Həbibbəylinin nitqində ətraflılıq, müfəssəllik xüsusiyyətləri. O, faktları dəqiq təsvir edir, kommentarlaşdırır. "Rüstəm Behrudi Azərbaycanı böyük türk dünyası ilə birlikdə dərk və vəsf edir. "Salam, dar ağacı" şeiri də Azərbaycanın azadlıq arzusunu türk dün-yası xalqlarının böyük ümidləri səviyyəsində bütün genişliyi ilə ifadə edə bilən, mühüm ümumiləşdirmə imkanlarına malik olan mükəmməl şeirdir" (səh. 1027).
İsa müəllimin elmi nitqində kommunikativ identifikasiya əlaməti də üstün yer tutur. Qeyri-kateqoriyallıq, qeyri-postulatlılıq, demokratiklik xüsusiyyətləri bu əlamət daxilində cəmləşir.
Xüsusi didaktiklik (nəsihətedici, nəsihətverici, öyüdverici) əlaməti: "Səməd Vurğun tarixə xeyir verəcək saf ürəkli insanların yetişməsində elmin gücünü düzgün qiymətləndirmişdir. O, elmi əsərlərində də eyni həyəcanla gənc nəslə elm öyrənməyi tövsiyə etmişdir. Ümumiyyətlə, "elmin gücü" motivi Səməd Vurğunun ictimai-mədəni və mənəvi tərəqqidə mühüm amil kimi dəyərləndirdiyi əsas meyardır" (səh. 509).
Yığcam emosionallıq xüsusiyyəti. İsa müəllimin elmi nitqində tipiklik, effektivlik xüsusiyyətləri. "Rüstəm Behrudi üçün söz yalnız ədəbiyyat yaratmaq deyil, həm də yazdığı şeirlərdən boylanan tərcümeyi-haldır" (səh. 1024).
Bütün bu xüsusiyyətlər İ.Həbibəylinin elmi nitq üslubunun kommunikavtivlik yaradan əlamətlərindəndir.
Elmi mətnin mühüm elementlərindən biri sitatlardan istifadədir. Məlumdur ki, Elmi mətnin arqumentləşdirilməsində sitatların rolu böyükdür. Sitatdan istifadə etməyən İ.Həbibbəyli bəzi hallarda öz fikrini aydınlaşdırmaq, dəqiqləşdirmək, sübuta yetirmək məq-sədilə ba.qalarının sözlərində də müraciət edir.
İ.Həbibbəylinin elmi nitqdə sitatlaşmanın əsas qaydalarına əməl olunur. İntertekstuallıq əsasən elmi mətnlərdə gerçəkləşir. Bu anlayış sitatlaşma prosesi ilə bağlıdır. İntertekstuallıq bir mətnin başqa mətnlə münasibətidir. Bu zaman ayrı-ayrı, "yad" mətnlər arasında münasibət yaranır. Bu münasibəti, əlaqəni öyrənmək üçün "intertekstual" terminindən istifadə olunur. "İntertekstuallıq nəzəriyyəsinin əsası 1967-ci ildə qoyulmuşdur. Sitatlaşma elmi kommunikasiyada əsas intertekst formasıdır.
İ.Həbibbəyli Azərbaycan romantizmin görkəmli nümayəndəsi Hüseyn Cavidin sənətini təhlil edərkən fikrini əsaslandırmaq üçün görkəmli ədəbiyyat tənqidçiləri olan Məmməd Cəfərdən, Məsud Əlioğlundan ardıcıl sitat verir: "Şairin lirik "məni"i də qayğılı, narahat düşüncələr və zəngin xəyallarla yaşayan, nəfəs alan, sevən filosof xarakterli aşiqdir... Buna görədir ki, akademik Məmməd Cəfər Cəfərov Cavidin mütəfəkkir moralist şair olduğunu qeyd edir (Məmməd Cəfər Cəfərov. Seçilmiş əsərləri, II cild, Bakı, 1975, səh. 214), Məsud Əlioğlu isə onun Məsud və Şəfiqə kimi qəhrəmanlarını "iki əks qütbə bölünmüş müxtəlif fəlsəfi-estetik fikrin simvolu" (Məsud Əlioğlu. Ədəbi fraqmentlər. Bakı, 1974, səh. 117) olan surətlər adlandırır (səh. 351).
Metaforlardan istifadə onun elmi dilinin fərdi üslubunun orijinallığını üzə çıxır: qəlbində kök salan romantik duyğular, lirik biçim, əlçatmaz, hissedilməz duyğu, romantik durğu, romantik örpək, nikbin poetik hava və s.
Mövcud ictimai gerçəkliklə barışmayan M.Hadinin romantik baxışları həmişə işıqlı gələcəyə dikilir. Xoşbəxt gələcək onun bütün ideyalarının nəticəsi, iztirablarının və romantik örpəyi arxasında gülümsəyən şanlı gələcək günəşi və ardınca buz bədənli okeana isti iqlim qurşaqları yayan nəhəng aysberq kimi Hadinin "qızdırmalı halımda saçmalarım" formasında təzahür edən şeir ümmanına nikbin poetik hava gətirir". Həmin poetik nikbinlik Hadi kədərini işıqlı ümidlərlə qovuşdurur" (səh. 404).
İsa Həbibbəylinin yaxşı bir dili var, bu dil oxucunu, əlbəttə, yüz faiz razı salır. Aydınlıq keyfiyyəti bu dilin mərkəzində durur. Başlıca məziyyət, yaxşı cəhət İsa müəllimin dilinin aydınlığındadır.
Başqa bir məziyyət, cəhət - asanlıq, qısalıq, cümlədən cümləyə keçid azadlığıdır (müstəqilliyidir).
Söz Həbibbəylinin təqdimatında həmişə termin səviyyəsinə yüksəlir, çevrilir. "Yazıçının (Hüseyn İbrahimov) qələmə aldığı çoxcəhətli əhvalat və obrazların mərkəzində, əsasən, bir meyar dayanır: Ləyaqət! Müəllif təsvir etdiyi hadisə personajları qiymətləndirmə barometrinə çevirdiyi bu yüksək mənəvi keyfiyyəti aşkarlamaq niyyəti ilə hər dəfə yeni hadisəyə müraciət etmiş, aralarında müəyyən bənzəyiş olsa da, bir-birini təkrar etmə-yən vəziyyətlər yaratmışdır" (səh. 677).
İsa müəllimin elmi nitqini (şifahi olaraq) spontanlıq, çoxkanallılıq, qayıtmazlıq, dönməzlik-bərpa edilməzlik kimi keyfiyyətlər təşkil edir.
Bundan savayı, xüsusi struktur məzmun, mahiyyət, böyük həcmdə metatekst elementlər, mürəkkəb sintaktik strukturun dərəcəsinin qorunub saxlanması, kontakt-əlaqəqurucu vasitələrdən və s. istifadə də onun üslub tərzini səciyyələndirir.
Beləliklə, elmi mətn dil daşıyıcılarının mənimsəmə obyektlərindən biridir. Elmi mətnlər altmətn sisteminə daxildir. Bu baxımdan Azərbaycan elmi dilin, elmi üslubunun müasir mərhələdə formalaşması və inkişafında İsa Həbibbəylinin mətnqurucu işlərinin rolu danılmazdır. Müxtəlif və rəngarəng elmi informasiyalar bu mətnlər vasitəsi ilə gerçəkləşir və mütəxəssislərə çatdırılır.
İsmayıl KAZIMOV
Filologiya elmləri doktoru, professor