Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının növbəti şura iclasında 2019-cu ilin doqquz ayında görülmüş işlər müzakirə olunub, qarşıda duran vəzifələr müəyyənləşdirilib.
Şura iclasında çıxış edən təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev bildirib ki, bəhs olunan dövrdə də Şərur rayonunda bütün sahələrdə inkişaf təmin olunub, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılıb, uğurlar qazanılıb. Bu nailiyyətlərin əldə edilməsində sosial-iqtisadi həyatın bütün sahələrində təmsil olunan Yeni Azərbaycan Partiyası üzvlərinin xidmətləri danılmazdır.
Vurğulanıb ki, rayon təşkilatı 2019-cu ilin ötən aylarında öz fəaliyyətini iş planına uyğun qurub. Şura və İdarə Heyətinin yığıncaqlarında əhəmiyyətli məsələlər müzakirə edilib, qərarlar qəbul olunub. Hazırda Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının 10 min 628 üzvü vardır. Doqquz ay ərzində Yeni Azərbaycan Partiyası sıralarına 108 üzv qəbul olunub ki, onların da 51 nəfərini qadınlar, 99-nu isə gənclər təşkil edir. Sözügedən dövrdə ərazi ilk partiya təşkilatlarının fəaliyyətinə daim nəzarət edilib.
Əmir Babayev qarşıda duran vəzifələrdən də danışıb. Qeyd olunub ki, ideya-siyasi iş gücləndirilməli, partiya üzvləri təmsil olunduqları təşkilatların işində daha fəal iştirak etməlidirlər. Hər bir partiya üzvü partiyanın Proqram və Nizamnaməsinin tələblərinə əməl etməli, siyasi proseslərdə, rayonda gedən quruculuq-abadlıq işlərində, yaşıllaşdırma tədbirlərində və qarşıya qoyulan digər vəzifələrin həyata keçirilməsində fəallıqlarını davam etdirməlidirlər.
Yığıncaqda Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatı Qadınlar Şurasının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Yeganə Məmmədova, təşkilatın Gənclər Birliyinin sədri Cahandur Məhərrəmov, rayon Mədəniyyət Şöbəsi ərazi ilk partiya təşkilatının sədri Zərifə Əliyeva və başqaları çıxış ediblər.
Yığıncaqda bir qrup gəncə üzvlük vəsiqələri təqdim edilib.
Elman MƏMMƏDOV