23 Dekabr 2024, Bazar ertəsi

16 oktyabr 2019-cu ildə müasir Azərbaycan humanitar və ictimai elmi düşüncəsinin nüfuzlu simalarından biri, görkəmli ədəbiyyatşünas alim, bacarıqlı elm təşkilatçısı, təcrübəli pedaqoq, fəal vətəndaş-ziyalı mövqeyi ilə seçilən ictimai xadim İsa Həbibbəylinin yetmiş illik yubileyidir.

Akademik İsa Həbibbəyli yetmiş illik ömrünün əlli ildən artıq bir dövrünü Azərbaycan ədəbi düşüncəsinin, onun ayrı-ayrı görkəmli simalarının həyat və yaradıcılığının tədqiqinə, ictimai fikir tariximizin öyrənilməsinə, milli ideologiyanın elmi əsaslarının formalaşmasına, ümumən müasir Azərbaycan humanitar və ictimai elmi düşüncəsinin inkişafına həsr etmişdir. Onun zəngin elmi araşdırmaları müxtəlif elm sahələrinin nəzəri müddəalarını özündə birləşdirməklə xüsusi universallığı və professionallığı ilə, elmi-təşkilati fəaliyyəti innovativ idarəetmə texnologiyalarının tətbiqi ilə, ictimai fəaliyyəti isə aydın milli və dövlətçilik mövqeyi ilə diqqəti cəlb edir. Akademik İsa Həbibbəylinin çoxsahəli fəaliyyətində bu istiqamətlərin hər biri - genişmiqyaslı elmi fəaliyyətlə elmi-təşkilatçılıq və ictimai fəaliyyət bir-biri ilə üzvü bağlıdır və çox uğurlu şəkildə bir-birini tamamlayır. Belə ki, İsa Həbibbəyli peşəkar səviyyədə ədəbiyyatşünaslıq problemlərindən bəhs edərkən ciddi nəzəri-metodoloji bazaya əsaslanan elmi təfəkkürlə yanaşı, daim milli vətəndaşlıq mövqeyini də qoruyub saxlayır, elmi-təşkilati işə isə elmi fəaliyyət kimi yaradıcılıq səviyyəsində yanaşır. Onun ictimai fəaliyyətində bütün bu cəhətlər sanki sintez olunur, illərlə əldə edilmiş zəngin bilik və təcrübə, intellektual potensial milli-ictimai maraqlara doğru hədəflənir.

Uzun illərdir ki, akademik İsa Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasında humanitar və ictimai elmlər istiqaməti üzrə vitse-prezident olaraq mühüm bir vəzifədə çalışmaqda, bir tərəfdən müasir dünyanın çağırışları, digər tərəfdən ölkəmizin sosial-iqtisadi inkişaf tendensiyaları ilə şərtlənərək mühüm bir dövrünü yaşayan humanitar və ictimai elmlərin inkişafına öz töhfələrini verməkdədir. Çoxcəhətli elmi fəaliyyəti ilə səciyyələnən akademik İsa Həbibbəyli ölkəmizdə humanitar və ictimai elmlərin müstəqillik dövrünün dövlətçilik maraqlarına və xalqımızın milli mənafelərinə, habelə dünya elmində gedən proseslərə uyğun şəkildə istiqamətləndirilməsi və daha da inkişaf etdirilməsi işinə məsuliyyətlə xidmət edir.

İsa Həbibbəylinin elmi, elmi-təşkilati və ictimai fəaliyyətində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin zəngin irsinin, dövlətçilik təliminin tədqiqi və təbliği olduqca mühüm istiqamətlərdən birini təşkil edir. O, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi-ideoloji istiqamətin fundamental humanitar və ictimai elmlərin strategiyasına çevrilməsi sahəsində yorulmadan fəal iş aparmaqdadır. Ulu Öndərin mənalı ömür yolunun, çoxcəhətli dövlətçilik fəaliyyətinin, böyük ideallarının akademik elmin tədqiqat sferasında davamlı yer tutmasına nail olmaq işində İsa Həbibbəylinin əvəzedilməz rolu vardır. Məhz İsa Həbibbəylinin səyləri və fəal təşəbbüsləri nəticəsində Milli Elmlər Akademiyasında ardıcıl olaraq keçirilən Heydər Əliyev konfransları geniş mənada humanitar və ictimai elmlərin dövlətçilik dərsləri səviyyəsinə çatdırılmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində hər il ölkəmizdə böyük uğurla keçirilən humanitar forumlar, dünyanın bir sıra nüfuzlu elm və mədəniyyət xadimlərinin Azərbaycana səfərləri, humanitar sferanın inkişafı sahəsində həyata keçirilən çoxsaylı islahatlar humanitar və ictimai elmləri cəmiyyətin ön mövqeyinə çəkmişdir. Heç də təsadüfi deyildir ki, 2015-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyində iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz nitqində humanitar və ictimai elm sahələrinin inkişaf etdirilməsini, xüsusən qloballaşma şəraitində Azərbaycan dilinin saflığının qorunmasını, tariximizin dərindən araşdırılmasını mühüm prioritetlərdən biri olaraq elan etmişdir. Cənab Prezident İlham Əliyevin müəyyən etdiyi siyasətə və elmi-humanitar prioritetlərə uyğun olaraq akademiyada humanitar elmi istiqamətlərdə tədqiqatların aparılması və Azərbaycan xalqının milli maraqları ilə bilavasitə bağlı olan elm sahələrinin inkişafı məhz İsa Həbibbəylinin rəhbərliyi ilə həyata keçirilməkdədir. Son illərdə Azərbaycan dilinin müasir qloballaşma şəraitində geniş tətbiqi ilə bağlı həyata keçirilən miqyaslı tədbirlər, Azərbaycan tarixinin öyrənilməsi, xüsusən tarixi Azərbaycan ərazilərinin tədqiqi, xalqımıza qarşı soyqırımların araşdırılması ilə bağlı əldə olunan nailiyyətlərin ümumən ictimai və humanitar elmi istiqamət üzrə kompleks inkişafının tərkib hissələridir. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 25 illiyinə həsr edilmiş "Müstəqillik yollarında” adlı fundamental monoqrafik tədqiqatın meydana çıxmasında da bu sanballı nəşrin məsul redaktoru kimi İsa Həbibbəylinin böyük zəhməti olmuşdur.

Yuxarıda da qeyd etdiyimiz kimi, milli ideoloji istiqamət İsa Həbibbəylinin istər elmi, istərsə də ictimai fəaliyyətinin əsaslarından birini təşkil edir. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, çoxsahəli fəlsəfi, politoloji və sosioloji araşdırmaları ilə müasir Azərbaycan elmi-ictimai düşüncəsinin əsas strateji istiqamətlərini müəyyənləşdirən akademik Ramiz Mehdiyevin müəyyən etdiyi siyasi-ideoloji xəttə uyğun olaraq akademik İsa Həbibbəyli humanitar elmi fikirdə və ictimai düşüncədə azərbaycançılıq ideallarının ön mövqeyə çıxması, elmdə azərbaycançılığa dair elmi-nəzəri konsepsiyanın müəyyən olunması işinə mühüm töhfələr verməklə bərabər, bu istiqamətdə fəaliyyət göstərən elmi arsenalı həmin ali məqsədə yönəltmək, azərbaycançılıq elmi ideyalarına və təşəbbüslərə dəstək vermək missiyasını da ardıcıl olaraq həyata keçirir. Bunun nəticəsidir ki, fundamental elm sahəsində dünya elmi meyarları ilə azərbaycançılıq görüşlərinin üzvi surətdə əlaqələndirilməsi prosesləri dərinləşməkdə davam edir.

İctimai və humanitar elmlər sahəsində beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi sahəsində də İsa Həbibbəylinin xidmətləri olduqca təqdirəlayiqdir. Heç də təsadüfi deyildir ki, son illər bu istiqamətdə olduqca mühüm uğurlar əldə edilmişdir. Hamımıza yaxşı məlumdur ki, bir neçə il bundan öncə Oksford Universitetində Nizami Gəncəvi Mərkəzi yaradılmış, Azərbaycan mədəniyyətinin təbliği istiqamətində mühüm layihələr həyata keçirilmişdir. Bunun ardınca məhz İsa Həbibbəylinin rəhbərliyi və bilavasitə təşəbbüsü ilə AMEA-nın Fəlsəfə İnstitutunun Fransanın Nitsa şəhərində yerləşən Sofiya Antipolis Universiteti ilə, İqtisadiyyat İnstitutunun Çin Sosial Elmlər Akademiyası ilə, Ədəbiyyat İnstitutunun Türkiyənin, bir sıra Orta Asiya respublikalarının, Monqolustanın çoxsaylı aparıcı universitetləri ilə apardıqları ortaq layihələr həyata keçirilmişdir. Bütün bunlar yeni tarixi mərhələdə Azərbaycan elminin inkarolunmaz reallıqlarına çevrilmişdir. Heç şübhəsiz, bütün bunlar Azərbaycan elminin və mədəniyyətinin tədqiqi və təbliği modeli olaraq ölkəmizin Avropaya və sivil dünyaya olduqca uğurlu bir təqdimatıdır.

Son zamanlar İsa Həbibbəylinin səyləri nəticəsində humanitar və ictimai elmlər sahəsində fundamental tədqiqatlarda faktçılıqdan, təsvirçilikdən nəzəri səviyyənin dərinləşdirilməsinə, ümumiləşdirilmiş elmi nəticələrin əldə edilməsinə doğru əhəmiyyətli addımlar atılmışdır. Onun uğurla kuratorluq etdiyi elmi-tədqiqat institutlarında struktur islahatlarının aparılması, onların yeni epoxanın tələblərinə uyğun olaraq müasirləşdirilməsi, nəticə etibarilə yeni elmi istiqamətlərin müəyyən olunmasına və həmin sahədə fundamental tədqiqatların aparılmasına xüsusi dəstək vermişdir. Məhz İsa Həbibbəylinin təşəbbüsü sayəsində bir sıra istiqamətlərdə - heraldika, antropologiya, muğamşünaslıq, riyazi-iqtisadi proqnozlaşdırma, Asiya ölkələri, məntiq, miqrasiya və başqa sahələrdə - tamamilə yeni strukturlar yaradılmış, müvafiq kadrlarla təmin edilmiş, fəaliyyət istiqamətləri müəyyən olunmuşdur. Onun rəhbərliyi ilə keçirilmiş "Fizika və lirika” konfransları böyük əks-səda doğurmuşdur.

Milli Elmlər Akademiyası Nizamnamə Komissiyasının sədri kimi İsa Həbibbəyli bu ali dövlət elmi təşkilatının müstəqillik dövrü Nizamnaməsinin hazırlanmasına böyük əmək sərf etmiş, bu məqsədlə dünya akademiyalarının təcrübəsini və ölkə elmi mühitinin reallıqlarını öyrənib təhlil etməklə qəbul olunan sənəddə elmin inkişafına xidmət edən, eyni zamanda elmdə sahibkarlıq mühitinin formalaşdırılmasına şərait yaradan müddəaların özünə yer almasına nail olmuşdur. O, AMEA-nın inkişaf yoluna həsr olunmuş "Elm məbədi” filminin yaradıcısı və "Akademiya marşı”nın sözlərinin müəllifidir.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru kimi akademik İsa Həbibbəylinin elmi-təşkilati fəaliyyəti üzərində də xüsusi dayanmaq lazımdır. Onun təşəbbüsü ilə son illərdə Ədəbiyyat İnstitutunda yeni struktur bölmələri yaradılmış, ölkə və dünya ədəbiyyatının daha əhatəli şəkildə və dərindən öyrənilməsinə xidmət göstərən yeni şöbələr formalaşdırılmışdır. Uzun illər tədqiqatdan kənarda qalmış Azərbaycan mühacirət ədəbiyyatının tədqiqinə başlanılması, ədəbi proseslərin təhlil olunaraq dəyərləndirilməsinə və proqnozlaşdırılmasına meydan açan Ədəbi tənqid şöbəsinin, habelə Nizamişünaslıq, Mətbuat tarixi və publisistika, Erkən yeni dövr Azərbaycan ədəbiyyatı, Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı, Elmi nəşrlər və proqnozlaşdırma şöbələrinin, Füzulişünaslıq, Ədəbi cərəyanlar sektorlarının yaradılması ədəbiyyatşünaslıq tədqiqatlarının əhatə dairəsinin genişləndirilməsinə və elmi səviyyəsinin yüksəldilməsinə şərait yaratmışdır. İnstitutda Azərbaycan-Asiya ədəbi əlaqələri, Azərbaycan-Türkmənistan və Özbəkistan ədəbi əlaqələri şöbələrinin təsis edilməsi ilə yarandığı vaxtdan etibarən əsasən Qərbmeyilli tədqiqatlar üstündə köklənmiş Azərbaycan ədəbiyyatşünaslıq elminin Şərqə, Asiyaya və türk dünyasına doğru üfüqləri genişləndirilmişdir.

Akademik İsa Həbibbəylinin rəhbərliyi sayəsində Ədəbiyyat İnstitutunun beynəlxalq əlaqələri yenidən qurulmuş, bu elmi-tədqiqat ocağının dünyanın mühüm elmi mərkəzləri və universitetləri ilə əməkdaşlığı genişləndirilmişdir. Ədəbiyyat İnstitutunda keçirilmiş beynəlxalq və ölkə miqyaslı elmi konfranslar, seminarlar, müzakirələr ədəbiyyatşünaslıq elmində yeni mərhələnin formalaşdırılmasına, elmi nailiyyətlərin cəmiyyətə çatdırılmasına geniş imkanlar açmışdır. Akademik İsa Həbibbəylinin "Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri” monoqrafiyası ölkə ədəbiyyatşünaslıq elmində gedən yeniləşmə proseslərinin dalğasında meydana çıxmış sanballı elmi tədqiqat əsəridir. Azərbaycan ədəbiyyatı tarixinə həsr edilmiş çoxcildlik nəşrlərin: mövcud yeddi cildlik Azərbaycan ədəbiyyatı tarixinin V-VII cildlərinin çapa hazırlanması, yeni elmi konsepsiya əsasında yazılması, planlaşdırılmış on cildliyin I cildinin artıq çapdan çıxması Ədəbiyyat İnstitutunun mühüm elmi nəticələrindəndir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ədəbiyyat siyasətinin tədqiqinə həsr edilmiş "Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” ikicildlik nəşrinin meydana çıxması Ədəbiyyat İnstitutunun mühüm elmi nəticələri sırasında xüsusi yer tutur.

İnstitutda çalışan elm adamlarının kollektiv səyləri ilə hazırlanmış ikicildlik "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” monoqrafik tədqiqatı Azərbaycan ədəbiyyatşünaslıq elminin nailiyyətlərindən sayılmağa layiqdir. İsa Həbibbəylinin ideya müəllifliyi və yaxından iştirakı ilə Azərbaycan ədəbiyyatşünaslıq elmində ilk dəfə olaraq müstəqillik dövrünün ədəbiyyatı bütün genişliyi ilə və sistemli şəkildə tədqiq edilib ümumiləşdirilmişdir. Bundan başqa, institut əməkdaşlarının illər üzrə çap olunmuş elmi əsərlərinin 2013-2018-ci illəri əhatə edən altıcildlik biblioqrafiyası bu qurumun yeni dövrünün mükəmməl elmi salnaməsidir. Akademik İsa Həbibbəylinin səyləri ilə XX əsrin 70-80-ci illərində keçirilmiş "Ədəbi proses” yaradıcılıq müşavirələrinin yenidən bərpa olunması və müstəqillik dövrünün tələbləri səviyyəsində təşkil olunması ölkədə ədəbi tənqidin və ədəbiyyat nəzəriyyəsinin inkişafına ciddi təsir göstərmişdir. Ədəbiyyat İnstitutunda həmin yaradıcılıq müşavirəsinin materialları əsasında çap edilmiş altıcildlik "Ədəbi proses” topluları Azərbaycan ədəbi tənqidinin icmal tənqidindən monoqrafik dərinliyə və genişliyə doğru inkişafının miqyasını bütün dolğunluğu ilə əks etdirir. Son illərdə "Sənətkarın elmi pasportu”, "Mühacirət ədəbiyyatı kitabxanası”, "Füzulişünaslıq kitabxanası” seriyalarından nəşr edilmiş monoqrafiyalar əhəmiyyətli fundamental ədəbiyyatşünaslıq tədqiqatlarıdır. İnstitutda "Azərbaycan ədəbiyyatşünaslığı” ("Ədəbiyyat məcmuəsi”) elmi jurnalından başqa, ədəbiyyat nəzəriyyəsi üzrə "Poetika.izm”, ədəbi əlaqələrə dair "Müqayisəli ədəbiyyatşünaslıq” jurnallarının davamlı surətdə nəşr edilməsi elmi mühitin canlandırılmasında əsas faktorlardan birinə çevrilmişdir. Son illərdə filologiya üzrə elmlər doktorları və fəlsəfə doktorlarının yeni nəslinin yetişdirilib hazırlanması ədəbiyyatşünaslıq elminin gələcək inkişafının təmin edilməsinə hesablanmış mühüm tədbirlərdəndir.

Akademik İsa Həbibbəyli Azərbaycan ədəbiyyatşünaslıq elminin müasir dövrdəki əsas yaradıcılarından biridir. Onun "XX əsrin əvvəlləri Azərbaycan romantik lirikasının sənətkarlıq xüsusiyyətləri” mövzusunda namizədlik, "Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” mövzusunda müdafiə etdiyi doktorluq dissertasiyaları ədəbiyyatşünaslıq elminin ciddi elmi problemlərinə həsr olunmuş mühüm elmi-tədqiqat əsərləridir. İsa Həbibbəyli ölkəmizdə və onun hüdudlarından kənarda Azərbaycan ədəbiyyatı tarixi və ədəbiyyat nəzəriyyəsi üzrə tanınmış mütəxəssislərdən biri kimi qəbul olunur. Onun Azərbaycan ədəbiyyatında realizm problemlərinə, milli romantizm ədəbi cərəyanına, XX əsrin sonlarından etibarən meydana çıxmış neorealizm, modernizm, postmodernizm, magik realizm, dekadentizm cərəyanlarına həsr edilmiş tədqiqatları ədəbiyyatşünaslıq elminin inkişafına, yeni nəzəri müddəalarla zənginləşdirilməsinə xidmət edir. Ədəbi növlərin və janrların yenidən təsnif edilməsi, satiranın ədəbi növlərdən biri kimi təqdim olunması İsa Həbibbəylinin ədəbiyyat nəzəriyyəsi üzrə axtarışlarının mühüm elmi nəticələrindəndir. Eyni zamanda İsa Həbibbəyli Azərbaycan ədəbiyyatının dövrləşdirilməsi konsepsiyasının müəllifidir. O, həmçinin türk xalqları ədəbiyyatının da ortaq dövrləşdirmə konsepsiyasını işləyib hazırlamış, inkişaf mərhələlərini müəyyənləşdirmişdir.

Ədəbiyyat tarixi istiqamətində İsa Həbibbəyli görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin həyatı və yaradıcılığının, mühiti və müasirləri məsələlərinin əsas tədqiqatçılarından biridir. İsa Həbibbəyli Cəlil Məmmədquluzadənin dünyanın müxtəlif ölkələrində yaşayan nəsil şəcərəsinə məxsus şəxsləri axtarıb üzə çıxarmış, onlarla əlaqələr yaratmışdır. Onun yazdığı "Cəlil Məmmədquluzadənin nəsil şəcərəsi” tədqiqatı ölkəmizdə bu sahədə yaradılmış ilk əsər kimi elmi əhəmiyyətə malikdir. Şəxsi təşəbbüsü ilə Cəlil Məmmədquluzadənin əsərlərini Rusiya, Pakistan, Macarıstan, Bolqarıstan, Özbəkistan, Gürcüstan, Litva və Tacikistanda kitab halında nəşr etdirməsi alimin ədəbi fikrin inkişafına xidmətləri sırasında sanballı yer tutur.

Əsasən XIX-XXI əsrlər Azərbaycan ədəbiyyatı üzrə ixtisaslaşmış İsa Həbibbəyli milli ədəbiyyatımızın çoxəsrlik inkişafının demək olar ki, bütün əsas dövrləri və mərhələlərində yaşayıb-yaratmış yazıçı və şairlər haqqında tədqiqatlar aparmış, kitablar və məqalələr çap etdirmişdir. Nizami, Füzuli, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Səməd Vurğun, Məmməd Araz, Bəxtiyar Vahabzadə və başqaları İsa Həbibbəylinin tədqiqatlarında xüsusi yer tutur. Bundan başqa, İsa Həbibbəyli müxtəlif arxivlərdən və dövri mətbuat səhifələrindən Cəlil Məmmədquluzadə, Məhəmməd ağa Şahtaxtlı, Eynəli bəy Sultanov, Məhəmməd Tağı Sidqi, Məmməd Səid Ordubadi, Məmməd Cəfər Cəfərovun naməlum bədii əsərlərini, publisist məqalələrini, məktublarını tapıb üzə çıxarmış, kitab halında nəşr etdirmişdir.

Geniş elmi dünyagörüşünə malik olan akademik İsa Həbibbəyli ədəbiyyatşünaslıq elmi ilə yanaşı, tarix, incəsənət, fəlsəfə, dilçilik, teatrşünaslıq və digər elm sahələri ilə peşəkar səviyyədə məşğuldur. Onun bu istiqamətlər üzrə ardıcıl məqalələri, çıxışları qeyd olunan sahələrin inkişafına təkan verir.

Akademik İsa Həbibbəylinin həyat və fəaliyyətində Naxçıvan Dövlət Universiteti xüsusi yer tutmuşdur. O, 1971-ci ildə bu ali təhsil ocağını "Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmiş, burada sıravi müəllimlikdən professorluğa, elmi işlər üzrə prorektorluğa və nəhayət, rektorluğa qədər böyük yol keçmişdir. Naxçıvan Dövlət Universitetinin rektoru kimi bu ali təhsil müəssisəsində geniş yenidənqurma işlərinin aparılmasına, universitetin ölkənin qabaqcıl ali məktəblərindən birinə çevrilməsinə, dünyada tanıdılmasına böyük zəhmət sərf etmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuş İsa Həbibbəyli muxtar respublikanın qanunvericilik orqanında İnsan haqları və beynəlxalq münasibətlər komissiyasının sədri kimi fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Milli Məclisinin III, IV və V çağırış deputatı seçilmiş İsa Həbibbəyli hazırda ali qanunverici orqanda Elm və Təhsil Komitəsinə rəhbərlik edir. Onun təşəbbüsü və səyləri ilə qəbul olunmuş "Elm haqqında” (2015), "Məktəbəqədər təhsil haqqında” (2016), "Peşə təhsili haqqında” (2017), "Ümumi təhsil haqqında” (2018) qanunları ölkəmizdə elmin və təhsilin inkişafına, bu sahədə islahatların keçirilməsinə öz töhfələrini verir. O, hazırda "Ali təhsil haqqında” qanun layihəsi üzərində fəal iş aparır. Milli Məclisin Toponomiya Komissiyasının sədri kimi də İsa Həbibbəyli ölkəmizdə yaşayış yerlərinin adlarının milli maraqlarımıza uyğunlaşdırılmasına və yeniləşdirilməsinə də böyük əmək sərf edir, bu sahədə vətəndaş mövqeyini nümayiş etdirir.

Azərbaycan dövləti akademik İsa Həbibbəylinin çoxillik elmi-pedaqoji fəaliyyətini və xidmətlərini yüksək qiymətləndirmişdir. Əməkdar elm xadimi fəxri adına layiq görülmüş İsa Həbibbəyli ölkəmizin Prezidenti tərəfindən "Şöhrət” və "Şərəf” ordenləri ilə təltif olunmuşdur. İsa Həbibbəyli Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü, Cənubi Rusiya Universitetinin fəxri doktoru, Ankara Universitetinin fəxri dostudur. O, AMEA-nın və Təhsil Nazirliyinin fəxri fərmanları ilə təltif edilmişdir. İsa Həbibbəyli TÜRKSOY-un "Molla Pənah Vaqif”, Azərbaycan Yazıçılar Birliyinin "Rəsul Rza”, Təbriz Universitetinin "Məhəmmədhüseyn Şəhriyar” mükafatlarının daşıyıcısıdır.

Bütün qeyd olunanları ümumiləşdirərək deyə bilərik ki, akademik İsa Həbibbəyli Azərbaycan humanitar və ictimai elmlərinin bələdçisidir. O, müstəqil Azərbaycan dövlətinin müəyyən etdiyi strateji xətt üzrə ölkə elminin daha da inkişaf etdirilməsi yollarında yorulmadan çalışmaqda davam edir.

Ömrünün yetmiş illik zirvə məqamına yetişmiş, bu ömrün əlli ildən artıq bir dövrünü Azərbaycan elmi-ədəbi düşüncəsinin, ictimai fikir tarixinin tədqiqinə, milli dövlətçilik ideologiyasının elmi əsaslarla araşdırılmasına, ümumən ictimai və humanitar elmi düşüncəmizin dünyanın müasir çağırışlarına uyğun inkişafına həsr etmiş akademik İsa Həbibbəyliyə yeni-yeni yaradıcılıq nailiyyətləri, bundan sonra da Azərbaycan elminin inkişafı yolunda səylə çalışmaq əzmi arzulayırıq. 

Akif ƏLİZADƏ,

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR