“Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 avqust tarixli Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Mərasimdə Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədr müavini Sultan İsmayılov, Ədliyyə nazirinin müavini, ədliyyə müşaviri Emin Səfərov, Gənclər və İdman nazirinin müavini Mirməcid Seyidov, Təhsil nazirinin müavini Ovni Muradov çıxış edərək bu əlamətdar hadisə münasibətilə çağırışçıları və onların valideynlərini təbrik ediblər.
Valideyn Təvəkkül Cəfərov övladının hərbi xidmətə yola salınmasından böyük qürur hissi keçirdiyini bildirib, çağırışçı gənclərə xoş arzularını dilə gətirib.
Çağırışçılar adından çıxış edən Rauf Abbasov Vətənə şərəflə xidmət edəcəklərinə, komandirlərinin tapşırıqlarını vaxtında və dəqiq yerinə yetirəcəklərinə söz verib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, polkovnik-leytenant Daşqın Rəhimov bildirib ki, ulu öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulan ordu quruculuğu prosesi bu gün ölkəmizdə, eləcə də muxtar respublikamızda uğurla davam etdirilir. Bütün sahələr üzrə əldə edilən nailiyyətlər ordumuzun da hərtərəfli inkişafına və güclənməsinə səbəb olub. Bu sahədə görülən işlərin nəticəsidir ki, indi ordumuz dünyanın ən müasir silah-sursatları ilə təmin edilib. Buna görə də ordu sıralarına yola salınan gənclərimiz silah və texnikaların sirlərinə dərindən yiyələnməli, Vətən qarşısında xidmətlərini layiqincə yerinə yetirməlidirlər.
Xidmət rəisi hərbi xidmətə yola salınan çağırışçıların valideynlərini və yaxınlarını təbrik edərək əmin olduğunu bildirib ki, övladları ordu sıralarında ləyaqətlə xidmət keçməklə, hərbi texnikanın sirlərinə dərindən yiyələnməklə, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmaqla onların başını uca edəcəklər.
Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başa çatıb.
Qeyd edək ki, həmin gün Şahbuz və Sədərək rayonlarında da gənclərin ordu sıralarına yolasalınma mərasimləri keçirilib.
Səbuhi HƏSƏNOV