23 Dekabr 2024, Bazar ertəsi

İSA HƏBİBBƏYLİ MİLLİ TƏƏSSÜBKEŞLİK HİSSLƏRİNİ ÖZÜNDƏ BİRLƏŞDİRƏN AKADEMİK ALİMDİR

Həyatımız çox ibrətamiz, sehrli anlarla doludur. Bu anlar hər bir insanın öz əməl­lə­ri ilə yaşanır. Ulu Tanrının hökmü ilə hər kəs öz tərcümeyi-halını yazır. Tərcümeyi ha­lın zən­ginliyi, maraqlılığı, saflığı onun sahibinin əməlləri ilə müəyyənləşdirilir. Öz tər­cü­me­yi-halı ilə elmi mühitdə ən ali yerini tutan alimlərimizdən biri də Filologiya üzrə elm­­lər dok­toru, profes­sor, Azərbaycan Milli Elmlər Aka­de­mi­ya­sı­nın vitse pre­zi­denti, Aka­demik, Əmək­dar elm xa­di­mi İsa Həbibbəylidir. Elmin fanatiki müdriklərin gözündə alim ucalığı ya­radır, elm tarixində isə onun qızıl fondunun yaşarı şəklinə çevrilir. Aka­de­mik İsa Hə­bib­bəyli məhz belə fanatik alimlərimizdəndir. İsa Həbibbəylinin elmi-tədqiqat işini daha sə­mərəli edən onun müəllimlik fəaliyyətidir. Akademik auditoriyada dərs deyərkən oxu­du­ğu mühazirələrin yeni istiqamətlərini aramış, onların məzmununu təkmilləşdirərək la­zı­mi səviyyəyə qaldırmışdır.

İsa Həbibbəylinin orta məktəbdən akademikliyə qədər keçdiyi yolu onun müəllim sə­nəti müşayiət etmişdir. Alimlik və pedaqoji fəaliyyət İsa Həbibbəyli yaradıcılığının qoşa qa­­­nadlarıdır.

XX əsr Azərbaycan ədəbiyyatı tarixinə dair dərin araşdırmaları görkəmli aka­de­mi­kin elmi fəaliyyətindən qırmızı xətt kimi keçir. Professor İsa Həbibbəyli XX əsr Azər­bay­can ədib və şairlərin yaradıcılığının tədqiqinə, onların ədəbi-pedaqoji fikirlərini təhlil edib ümumiləşdirərək gənc nəslə çatdırılmasına geniş yer vermişdir. XX əsr Azərbaycan ədə­biyyatı irsinə çox böyük hörmət və ehtiramla yanaşan İsa Həbibbəyli Abbas Səhhət, Mə­həmməd Hadi, Hüseyn Cavid, Abdulla bəy Divanbəyoğlu, Əlibəy Hüseynzadə, Cəlil Məmmədquluzadə və digər görkəmli şəxsiyyətlərin ədəbi və pedaqoji ya­ra­dı­cı­lıq­la­rını tədqiq edib ümumiləşdirmiş, onların maarifçilik sahəsindəki fəaliyyyətlərini ob­yek­tiv şəkildə qiymətləndirmişdir. Bu da İsa Həbibbəylinin milli irsə nə dərəcədə bağlı zi­yalı, yeni nəslə soykökünü, mədəni bütövlüyünü tanıdan alim olduğunu bariz şəkildə təs­diq­ləyir.  İctimai-sosial problemlərin dialektikasında bu konsepsiya xalqın dün­ya­gö­rü­şü­nün necə təşəkkül tapıb formalaşmasını, xalqın mədəni inkişafı ilə bağlılığını göstərir. Aka­demikin fikrincə, bunlar inkar və təsdiqin dialektikasından doğan, arxiv sənədlərinin ümu­miləşdirilməsindən ortaya çıxan danılmaz həqiqətdir.

Akademik İsa Həbibbəyli ədəbiyyat fənninin tədrisində əvəzsiz olan mükəmməl dərs­liklərin, maraqlı kitab və monoqrafiyaların müəllifi kimi tanınır. Onun bu sahədəki dəyərli tədqiqatları ədəbiyyat elminin incəliklərinə dərindən yiyələnmək istəyən hər bir kəs üçün zəngin bir mənbədir. “Romantik lirikanın imkanları”, “Ədəbiyyat nəzəriyyəsi”, “Za­­­manın dühası”, “Əsrin dörddə biri”, “Mirzə Ələkbər Sabirin həyat və yaradıcılığının əsas tarixləri”, “XX əsr Azərbaycan yazıçıları”, “Millilik və bəşərilik”, “Cəlil Məm­məd­qu­luzadə: mühiti və müasirləri”, “Nuhçıxandan Naxçıvana” və digər əsərləri bu gün də tələbələrin, magistr, dissertant və doktorantların stoüstü kitabıdır. Universitet və ins­ti­tut­lar­da istifadə olunan “Ədəbiyyatşünaslığın əsasları”, Azərbaycan ədəbiyyatı tarixindən olan proqramlar məhz akademik İsa Həbibbəylinin rəhbrəliyi və bilavasitə iştirakı ilə ya­zıl­mışdır. Azərbaycan ədəbiyyatı tarixi elminin inkişafında özünəməxsus rolu olan  aka­de­mik İsa Həbibbəylinin 1500-dən artıq monoqrafiya, kitab və çoxsaylı məqalələri, milli ədə­bi fikrin görkəmli nümayəndələrinin yaradıcılığına həsr edilmiş digər tədqiqat əsərləri  ədə­biyyatçılar, pedaqoqlar, psixoloqlar, tarixçilər, dilçilər tərəfindən daim yüksək qiy­mət­ləndirilmişdir.

Akademik İsa Həbibbəyli böyük Azərbaycan mütəfəkkir yazıçısı, pedaqoq, jur­na­list, ictimai xadim, tərcüməçi, nasir Cəlil Məmmədquluzadənin ədəbi-pedaqoji fəa­liy­yə­ti­nin araşdırılması sahəsində böyük zəhmət çəkmiş, sistemli tədqiqat apararaq mühüm nə­ti­cə­lər əldə etmişdir. Profeesor uzunmüddətli və gərgin araşdırmalarının əsasında onunla bağ­lı ondan artıq kitab, Azərbaycan, gürcü, rus, ingilis, alman, ərəb və digər dillərdə ki­tab­lar, foto-albomlar, məqalələr yazmış, böyük demokrat Cəlil Məmmədquluzadənin ədə­bi irsinin sistemli, sanballı və dolğun tədqiqatlarına nail olmuşdur. İsa Həbibbəylinin Mir­zə Cəlillə bağlı arxivlərin qaranlıq zirzəmisindənüzə çıxardığı sənədlər Əziz Şərifin, Mir­zə İbrahimovun, Kamal Talıbzadənin, Əziz Mirəhmədovun, Abbas Zamanovun, Ana­rın, Şəmistan Nəzirlinin, Ramiz Əsgərin, tərcüməçi Tamara Kalyakinanın və başqalarının da qürur mənbəyinə çevrilmişdir. Xalq yazıçısı, akademik Mirzə İbrahimov İsa müəllimin axtarışlarına və tapıntılarına sevinərək ona ünvanladığı məktubunda yazır: “...Bi­zim xalqın Cəlil Məmmədquluzadə kimi böyük oğullarına belə sönməz  hörmət və mə­həb­bəti görəndə [İsaHəbibbəylininəzərdətutur – K.C.]mənimürəyimdağadönürvəöz-özüməde­yirəm: bəli, ardımızcayaxşınəsilgəlir, kök­lərinəbağlıolan, ata-babasınıunutmayannə­sil! Belənəsilləryetirənxalqölməzdir! Sağol, varol, əzizim!”.Akademik Kamal Talıbzadədə İsa Həbibbəylinin apardığı araş­dır­ma­­ları təq­dir edərək, dəyər verərək məktubda yazır: “Cəlil Məmmədquluzadə” kitabın əladır. Ağır zəh­mə­tin məhsuludur. Görünür ki, onu özünə layiq şəkildə təqdim edə bilmisən. Axı, o boy­da nəhəngi [Cəlil Məm­məd­qu­lu­za­dəni – K.C.] bütün dünyası ilə əks etdirmək asan mə­sə­lə de­­yil. Arxiv iş­lə­rini də həd­din­dən artıq dəyərləndirirəm. Yeni axtarışlarsız, tədqiqatsız el­­mi irəli apar­maq olmaz. Bu həqiqəti, görünür, dərindən dərk etmisən.

Əziz Mirəhmədov isə İsa Həbibbəylini elmin fədaisi adlandıraraq yazırdı: Ədə­biy­yat­şünaslığımızda axtarışlar, sənədlilik axır vaxtlar zəifləmişdir. “Nəzəriyyəçi” alimlər göz­lərini göyə dikib əsər yazır, qalanlarının da çoxu tədqiqat materialını “hazır şəkildə” öz­lərindən götürüb heç üstünü də vurmurlar. Allah sənin kimi fədai tədqiatçılarıçox ye­tir­sin bizə.

Akademik İsa Həbibbəyli ilk məqalələrindən başlayaraq Cəlil Məm­məd­qu­lu­za­də­nin fikir və görüşlərini təhlil süzgəcindən keçirmişdir. Akademikin ötən əsrin 80-90-cı il­lə­rin­­də ədəbi-pedaqoji ictimaiyyətin müzakirəsinə verilmiş “Cəlil Məmmədquluzadənin hə­­yat və yaradıcılığının əsas tarixləri” (1986), “Cəlil Məmmədquluzadə” (1987) kitabları de­mokrat yazıçının pedaqoji fəaliyyəti və görüşlərini sistemli əks etdirən ilk sanballı əsər­­lərdir. Xüsusilə, “Cəlil Məm­məd­qu­luzadə: mühiti və müasirləri” əsərinin elmi mə­ziy­yət­ləri haqqında mətbuatda xeyli material dərc olunmuş, alimin əməyi yüksək qiy­mət­lən­di­­­ril­mişdir. Əsərin ən böyük dəyərlərindən biri də onun möhkəm dayanıqlı və milli dü­şün­­cə zəminində zəhmət çəkən, diqqətli, səriştəli bir alim-vətəndaş qələmindən çıx­ma­sın­da­dır. Tədqiqat boyu özünü qabarıq şəkildə göstərən  polemik ruh və bu zaman irəli sü­rü­lən elmi tezislərin aydın və əsaslandırılmış məntiqi dəlillərlə  sübutu da  onların gərgin və diq­qətli araşdırmalarla üzə çıxarılan fakt və arxiv sənədlərindən, habelə elmi mən­bə­lər­dən güc alır. Bütün bunlar isə tədqiqatın elmi etibarlılığını təmin edir. Bu əsərdə Cəlil Məm­­mədquluzadə pedaqoji ictimaiyyətə maarif fədaisi, müəl­limhazırlığının bilicisi, ana di­li təliminin mahir ustası, bütün varlığı ilə xalqının ma­arif­lənməsinə çalışan şəxsiyyət ki­mi təqdim olunmuşdur. Həbibbəylinin bu şəxsiyyətlə bağ­lı qiymətli əsərləri nəinki res­pub­likamızda, hətta keçmiş SSRİ-nin bir sıra məşhur nəş­riyyatları tərəfindən çap olun­­muş­dur.

“Böyük alim olmaq üçün həm də gözəl insan olmaq lazımdır” deyənlər, görünür, əs­­la yanılmamışlar. Akademik İsa Həbibbəyli bu iki ucalığı öz şəxsində bir araya gə­tir­mək­­lə özü də bir zirvəyə yüksəlmişdir. Ədəbiyat və ədəbiyyat nəzəriyyəsinin incə sir­lə­ri­nə dərindən bələd olan geniş erudisiyalı alim kimi İsa Həbibbəylinin dəyərli məsləhət və töv­siyələri elm yolunda olan gənc tədqiqatçılar üçün də böyük əhəmiyyət daşıyır. Azər­baycan elmi-pedaqoji kadr hazırlığında müstəsna xidmətləri olan akademik İsa Hə­bib­bəy­linin ürəyinin odundan, gözünün nurundan, yüksək intellektindən indiyədək 50-dən ar­­tıq tədqiqatçıya pay düşmüşdür. Həbibbəylinin rəhbərliyi altında aparılmış təd­qi­­qatların xa­rakterik cəhətlərindən biri onlarda problem müxtəlifliyinin olması və bun­la­rın ək­sə­riy­yə­­tinin rəhbərin özünün tədqiqat obyekti ilə məhdudlaşmamasıdır. Ak­tu­al­lı­ğı, miq­yası ilə se­çilən bu tədqiqatlardan əldə olunan nəticələr və elmi yeniliklər bu sa­hə­nin nə­zəri-təc­rü­bi inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.

İsa Həbibbəylinin elmi fəaliyyətində diqqəti cəlb edən cəhətlərdən biri özünün təd­qi­­qatlarından kənarda olan məsələlərin gənc tədqiqatçılar tərəfindən işlənməsini diqqət mər­­­kəzində saxlamasıdır. Elmi fəaliyyətinin yetkin çağında da akademik İsa Həbibbəyli ye­tirmələrinə verdiyi bir tövsiyəyə sadiqdir: alim yetərincə öyrənməli, arayıb-axtarmalı, tu­tuşdurmalı, müqayisə etməli, sübuta yetirməli, doğrunun tərəfində olmalı, müdafiə et­di­yi­ni sübuta yetirməlidir. Bu, görkəmli akademikin rəhbəri olduğu dissertant və dok­to­rant­la­­rına necə böyük tələbkarlıqla yanaşdığını, onları əsil elm fədaisi kimi yetişdirmək is­tə­di­­yinin bariz təcəssümüdür. İsa Həbibbəylinin dissertant və dok­to­rantı olmuş təd­qi­qat­çı­lar elmdə əldə etdikləri yüksək nailiyyətlərə görə özlərini İsa müəllimə mənən borclu sayır, məhz İsa Həbibbəylinin yüksək tələbkarlığı və qayğısı nəticəsində filoloji, pedaqoji tədqiqat sahəsində ciddi nəticələr qazandıqlarını etiraf edirlər. Peşəkar və istedadlı alimin rəh­­bərliyi altında elmin yüksək zirvəsini fəth etməyə nail olmuş bu alimlər indi öz müd­rik sələfləri İsa müəllim ilə çiyin-çiyinə çalışırlar. Onun ərsəyə gətirdiyi yüksək ixtisaslı alim-filoloqların bir çoxu Azərbaycanın digər regionlarında elmi fəaliyyətlə məş­ğul­dur­lar. Zəngin intellekti və elmi potensialı ilə Azərbaycanın hüdudlarını adlayan İsa Hə­bib­bəy­­linin Orta Asiyanın türkdilli  xalqları üçün elmi-pedaqoji kadr hazırlığı sa­hə­sin­də də xidmətləri az deyil.

Tanınmış dünya şöhrətli alim əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qo­yul­muş, bu gün onun layiqli davamçısı – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən inamla davam etdirilən strateji siyasi kursun alternativsizliyi qə­na­ətini birmənalı bölüşən, aydın mövqeyi olan ziyalıdır.

Siyasi dəyərlərin zamanla harmoniyasını vaxtında duymaq bacarığı, milli-mənəvi dəyərlərə bağlılıq, yüksək mədəniyyət, alicənablıq və müdriklik kimi keyfiyyətlər aka­de­mik İsa Həbbibəylinin ictimai portretinə ştrixlərdir. Xeyirxahlıq, insanlara sevgi, yaşının er­kən çağlarından tanınmış ziyalının həyat amalına çevrilmişdir. Görkəmli elm xadiminin in­sanlarla ünsiyyəti, təmkini, yüksək mədəniyyəti, tələbkarlığı, gələcəyə inam eşqi, ilk növ­bədə biz tələbələri üçün də böyük örnəkdir. Akademik İsa Həbibbəylinin bu insani key­fiyyətlərinə təvazökarlığı, sadəliyi də əlavə olunmalıdır. Düzlük, doğruluq, saflıq, zəh­mətsevərlik İsa müəllimin aurasını daha cəlbedici edir. Akademik İsa Həbibbəyli ay­dın fikrə, güclü məntiqə, geniş erudisiyaya, qibtəedici hafizəyə və tədqiqatçı səliqə-səh­ma­nına malik alimdir. Məzmunlu və maraqlı mühazirələri ilə tələbələri ovsunlayan qəlb ada­mı, müəllimdir. Akademik İsa Həbibbəylini məhsuldar elmi yaradıcılığa oxucu min­nət­­darlığı, tələbə razılığı, kollektiv qədirbilənliyi ruhlandırır.

Mənalı ömür haqqında düşünəndə istər-istəməz yada Senekanın aşağıdakı fikirləri dü­­şür: “Həyat təmsil kimidir, onu uzununa görə deyil, məzmununa görə qiymətləndirmək la­zımdır”. Hər cür həyat yox, ancaq yaxşı həyat nemətdir. Akademik İsa Həbibbəyli Azər­­baycan gəncliyini işıqlı sabaha hazırlayır. Bu sabaha salam deyəcək insanlar kimi on­lara əzmkarlıq, qətiyyət, vətənpərvərlik öyrədir. Onun arzuları da ümman qədər son­suz­dur. Bu arzulara müstəqil respublikamızın dayaqlarının da möhkəmlənməsi, Azər­bay­can xalqının milli yüksəliş istəyi qol-qanad verir. Bütün varlığı ilə bu istəyə bağlanan, ar­zu­larının reallaşması üçün “yoruldum” deməyən İsa Həbibbəylinin elm sahəsində gərgin əmə­yi əsil hünər nümunəsi sayılır deyərdim.

İnsanlıq nümunəsi, alimlik qüdrəti və pedaqoq məharəti ilə sayılıb-seçilən bir şəx­siy­yətin –Əməkdar elm xadimi, “Şöhrət” və “Şərəf” ordenli İsa Həbibbəylinin yetmiş il­lik yubileyini qeyd etmək alimə ehtiram, müəllim nüfuzu qarşısında baş əymək, ağ­saq­qa­la hörmət deməkdir. Yubileyiniz mübarək olsun İsa müəllim!

Ulu Tanrı Sizi qorusun! 

                                     Kamal CAMALOV

                                     Pedaqogika üzrə fəlsəfə doktoru, dosent Azərbaycan Respublikasının Əməkdar müəllimi

                                     Azərbaycan Yazıçılar Birliyinin üzvü

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR