22 Dekabr 2024, Bazar

Yeni yazılacaq inşada şəhərimizin bu günü qürurla vəsf olunacaq

Qızım yeni tədris ilində birinci sinfə qədəm qoyacaq. Yeni dərs ili başlamazdan əvvəl sinif müəllimi tanışlıq məqsədilə birinci sinfə gedəcək uşaqları və onların valideynlərini məktəbə dəvət etdi. Məktəbdə tanışlıqdan sonra 17-20 il bundan əvvəlki məktəb xatirələrim yadıma düşdü.
Düz 20 il bundan əvvəl Naxçıvan şəhərində fəaliyyət göstərən internat məktəbinin birinci sinfinə qədəm qoydum. Məktəbimiz olduqca böyük idi. Ancaq şəraiti o qədər də yaxşı deyildi. Bir sıra əziyyətlərə qatlaşmalı olurduq. Qış günlərində neft sobaları ilə sinifləri qızdırmağa çalışsalar da, siniflər yenə də soyuq idi. Bəzən də neft iyindən dərsdə oturmaq bir əzaba çevrilirdi. Anamın hər gün əziyyətlə yuyub ütülədiyi paltarlar evə gedəndə qapqara olurdu. Hələ bunlar bir tərəfə. Evimizlə məktəb arasında xeyli yol (təxminən, 3 kilometr) var idi. Səhərlər yalnız bir avtobus işləyirdi. Bu avtobusa çata bilmədinsə, həmin gün məktəbə piyada getməli idin. İşıqların tez-tez sönən vaxtları olduğu üçün trolleybusdan da səmərəli istifadə etmək olmurdu. Gündüz saat 5-dən sonra isə nəqliyyat vasitəsi tapmaq qeyri-mümkün idi. Səhərlər məktəbə gəlmək üçün çarə tapsam da, dərsdən sonra evə piyada gedirdim. Dörd il, ibtidai sinfi bitirənədək məktəbdən evə bu yolları piyada getdim. Artıq yolları yaxşı tanıyırdım. Evə gedəndə adətim idi: mütləq yolumu indiki Heydər Əliyev Mədəniyyət və İstirahət Parkından salardım. Köhnədən qalmış uşaq əyləncə qurğularına həsrətlə baxardım. Səhərlər bu ərazidən bazar kimi istifadə olunurdu. Yöndəmsiz dükanlar hələ də xatirimdədir. Tozlu və kələ-kötür yollara ayaqqabı da tab gətirmirdi. Yollar o qədər palçıq olurdu ki, yağışlı günlərdə anam ayaqqabımın üstündən sellofan salardı ki, ayaqlarım islanmasın. O zamankı çətin günlərin xatirələrini yazmağa bir məqalə yetməz. Nə isə.

Bir gün müəllimimiz “Doğma şəhərim” adlı balaca inşa yazmağımızı tapşırdı. İnşalarımı hər zaman valideyn köməyi olmadan yazardım. Budəfəki inşamız bir az mənə çətin gəlmişdi. Axı bu inşada nədən yazacaqdım? Doğma şəhərimin gündüzü belə, qaranlıq görünən mənzərəsindənmi? Tozlu yollarındanmı? Bunları fikirləşənə qədər anam məni səsləyib deyirdi ki, ay qızım, tez yaz, 15 dəqiqədən sonra işıqlar sönəcək. Hə, bu da vardı axı. Elektrik enerjisi saatla verilirdi. Bu zülmət qaranlıqdanmı yazacaqdım? Mən inşada, sadəcə, arzularımı yazdım. Yaxşı məktəbimiz olmağını, piyada getməyimizə son qoyulmasını arzuladım. Həmişəki kimi, inşamın bu dəfə də müəllimin xoşuna gələcəyinə inanırdım. Səhər avtobus hansısa səbəbə görə yox idi. Məcbur trolleybusa mindim. Çantam çox ağır olduğuna görə yanıma qoydum. Ancaq bir az yol getmişdik ki, elektrik enerjisi kəsildi. Həmin anda avtobus da dayanacaqda göründü. Hamı kimi mən də tələsik qaçıb avtobusa mindim. Tələsdiyim üçün yadımdan çıxarıb çantamı trolleybusda qoyduğumu avtobusda xatırladım. Məktəbə çatanda artıq dərslər başlamışdı. Müəllim bir az məni azarladı və çantamın harada olduğunu soruşdu. O an ağlıma belə bir fikir gəldi: arzularımı o trolleybus apardı (dəftərimin üstündə yazılan ünvan və ada görə çantanı ertəsi gün məktəbə vermişdilər). 
O arzularım bu gün çin olub. İndi hər gün doğma şəhərimin saatbasaat gözəlləşməsindən, inkişafından qürurla söhbət açıram, daha böyük auditoriyaya yol tapıram. Bir az da kədərlənirəm. Ona görə ki, kaş biz də belə şəraiti olan məktəblərdə təhsil alaydıq, dövlətimiz tərəfindən indiki kimi qayğı ilə əhatə olunaydıq. Kaş bu zaman o zaman olaydı. O inşada nələr yazmazdım? Ulu diyar Naxçıvanın möhtəşəm mənzərəsinin bu gün hamını heyran qoymasından yazardım. Yenə bir anlıq Naxçıvanın uzun illər bundan əvvəlki küskün və miskin görünüşü gözlərim önündə canlanır. İndi o Naxçıvandan əsər-əlamət qalmayıb. Qaranlıqdan bir işıq doğub sanki doğma diyarıma. O işıq ki onun nuru gələcək əsrlərə də bəs edər. Buna görə Naxçıvandan kənarda oturub onun bugünkü inkişafına paxıllıq edənləri qınayıram. Amma unutmayın ki, o çətinlikləri biz yaşadıq. Saatlarla davam edən çörək növbələri indi də gözlərimin qarşısındadır. Heç birimiz Naxçıvanın zülmətli günlərini unutmadıq. İndi doğma diyarım, sözün əsl mənasında, qaranlıqdan azad olunmuş məmləkətdir. Bir zamanlar işığa həsrət qalan diyarım indi nura qərq olub. Gecələri zülmət, evləri işıqsız, küçələri qaranlıq olan Naxçıvanın bugünkü gözəlliyindən fəxrlə danışıram, qürurla söhbət açıram. İndi naxçıvanlılar gecələri də gündüz kimi yaşayırlar.
Bu fikirlərlə bir də baxdım ki, qızım məni səsləyir. O, çox sevincli idi. Deyir ki, ana, sinfimiz işıqlı və gözəldir. Sevinirəm ki, qızım mənim uşaqkən görmədiyim uşaq bağçasında tərbiyə alıb, sevinirəm ki, mənim oxumadığım belə müasir məktəbdə elmlərin ilkin sirlərinə yiyələnəcək. Və o, inşasını tamamilə ayrı cür qələmə alacaq: inşasında doğma şəhərini vəsf etməyə sözü də çox olacaq…

Sara ƏZİMOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR