Avqustun 15-də Şahbuz rayonunda seçki hüququ üzrə ixtisaslaşdırılmış kurs keçirilmişdir. Tədris kursunda “Seçkilər keçirildiyi dövrdə dairə seçki komissiyalarının rolu və fəaliyyəti, məntəqə seçki komissiyalarının işinə göstəriləcək əməli köməkliklər” mövzusunda çıxış edən 5 saylı Şahbuz-Babək seçki dairəsi dairə seçki komissiyasının sədri Taməddin Hüseynov bildirmişdir ki, 2013-cü il oktyabr ayının 9-da keçiriləcək Azərbaycan Respublikasına prezident seçkilərinə hazırlıq məqsədilə 5 saylı Şahbuz-Babək seçki dairəsi üzrə seçici siyahılarının tərtibi uğurla başa çatdırılmış, həmin siyahılar üzrə dəqiqləşdirmələr isə seçki gününədək davam etdiriləcəkdir. 5 saylı Şahbuz-Babək seçki dairəsi üzrə 26625 nəfər aktiv seçki hüququna malik olan vətəndaş vardır. Seçicilərin 599 nəfəri ilk dəfə səs verənlərdir. 26625 nəfər seçicinin 51,8 faizini, yəni 13792 nəfərini qadınlar, 48,2 faizini, yəni 12833 nəfərini isə kişilər təşkil edir.
5 saylı Şahbuz-Babək seçki dairəsi üzrə 46 seçki məntəqəsi fəaliyyət göstərir ki, bunun 37-si mülki, 9-u isə hərbi məntəqələrdir. Seçki məntəqələri lazım olan bütün ləvazimat və avadanlıqlarla təmin olunmuşdur. Seçicilərin seçki prosesini yaxından izləmələri və lazımi məlumatları vaxtında ala bilmələri, seçici siyahıları ilə tanış ola bilmələri üçün bütün seçki məntəqələrinin girişində məlumat lövhələri, namizədlər üçün təbliğat lövhələri yerləşdiriləcəkdir.
Sonra Şahbuz Rayon İcra Hakimiyyəti başçısının müavini Ələddin Ağayev “Seçki gününədək seçici siyahılarında dəqiqləşdirmələr aparılmasında məntəqə seçki komissiyalarına göstəriləcək köməklik, seçki məntəqələrinin seçkilərə hazırlıq vəziyyəti”, Şahbuz Rayon Məhkəməsinin hakimi Allahverdi Bağırov “Seçki hüquqlarının məhkəmə müdafiəsi, seçki hüququ və onun müdafiəsinin qanunvericilik əsasları”, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin şöbə müdiri Ayaz Məhərrəmov “Seçki prosesində ədliyyə orqanlarının fəaliyyəti”, Şahbuz rayon prokuroru Ramiz Novruzov “Seçki hüquqlarının pozulmasına görə məsuliyyətin növləri”, Şahbuz Rayon Polis Şöbəsinin rəis müavini Çingiz Abdullayev “Seçki prosesində polis orqanlarının rolu və fəaliyyət istiqamətləri”, Şahbuz Rayon İcra Hakimiyyətinin Ümumi şöbəsinin müdiri Nüsrəddin Quliyev “Seçki komissiyalarında kargüzarlığın aparılması qaydaları” mövzularında çıxışlar etmişlər.
Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
Naxçıvan Muxtar Respublikası
Mərkəzi Seçki Komissiyasının mətbuat xidməti