22 Dekabr 2024, Bazar

Dünən Naxçıvan şəhərində, Babək və Ordubad rayonlarında seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirilmişdir.
Naxçıvan şəhərində keçirilən tədris kursunda “Seçkilər keçirildiyi dövrdə dairə seçki komissiyalarının rolu və fəaliyyəti, məntəqə seçki komissiyalarının işinə göstəriləcək əməli köməkliklər” mövzusunda çıxış edən 4 saylı Naxçıvan şəhər seçki dairəsi dairə seçki komissiyasının sədri Cahangir Seyidov bildirmişdir ki, qarşıdan gələn prezident seçkilərinə hazırlıq məqsədilə təşkil olunmuş bu kurslar Azərbaycanda seçkilərin beynəlxalq standartlara uyğun, yüksək səviyyədə keçirilməsində mühüm əhəmiyyət daşıyır. Seçkilərin demokratik şəraitdə keçməsi, ilk növbədə, seçki məntəqələrində səsvermə prosesinin mövcud təlimatlara uyğun təşkilindən, komissiya üzvlərinin hazırlıq səviyyəsindən asılıdır. Mərkəzi Seçki Komissiyasının təşkil etdiyi ixtisaslaşdırılmış kurslar da bu məqsədə xidmət edir.
Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Sərdar Salahov qeyd etmişdir ki, məntəqə seçki komissiyalarının normal fəaliyyət göstərməsi üçün komissiya üzvlərinə nümunəvi iş şəraiti yaradılmışdır. Naxçıvan şəhəri üzrə fəaliyyət göstərən 44 seçki məntəqəsindən 37-si yeni tikilmiş binalarda yerləşdirilmişdir. Seçkilərin yüksək səviyyədə keçirilməsi üçün təmirə ehtiyacı olan binalar qısa müddətdə təmir olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşı Ayaz Məhərrəmov “Seçki prosesində ədliyyə orqanlarının fəaliyyəti”, Naxçıvan Şəhər Məhkəməsinin sədri Hüseyn Məmmədov “Seçki hüquqlarının məhkəmə müdafiəsi, seçki hüququ və onun müdafiəsinin qanunvericilik əsasları” mövzularında çıxışlar etmişlər. 
Naxçıvan şəhər prokuroru Rahim Nəhmətov çıxışında qeyd etmişdir ki, dövlətin idarə olunmasında xalqın ümumi iradəsinin milli maraqlar ətrafında birləşdirilməsində seçkilərin əhəmiyyəti olduqca böyükdür. Ona görə də seçki hüquqlarına böyük önəm verilməsi, bu hüquqların təmin edilməsi üçün seçki hüquqlarının pozulması daha ictimai təhlükəli əməl kimi qiymətləndirilmiş, bu hüquqların pozulmasına görə digər məsuliyyət növləri ilə yanaşı, əsasən, cinayət məsuliyyəti nəzərdə tutulmuşdur.
Naxçıvan Şəhər Polis İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Zahid Gözəlov “Seçki prosesində polis orqanlarının rolu və fəaliyyət istiqamətləri” mövzusunda danışmışdır. Bildirilmişdir ki, əsas vəzifələrdən biri də ölkədə mövcud olan sabitliyi qoruyub saxlamaq və təmin etməkdir. Daxili İşlər Nazir­liyi seçicilərin səsvermə hüququnun reallaşdırılması üçün onların hər birinin şəxsiyyət vəsiqəsi ilə təmin olunması məsələsini ciddi nəzarətdə saxlayır. Polis orqanları seçkilər prosesinə hər hansı müdaxilənin baş vermə­məsi, təhlükəsizliyin tam təmin olunması istiqamətində də seçki komissiyaları ilə qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərəcəkdir.

*    *    *

Həmin gün Babək Rayon Mədəniyyət Evinin iclas zalında təşkil edilmiş kursda 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsi dairə seçki komissiyasının sədri Zahid Ələkbərov hazırlıq prosesində dairə və məntəqə seçki komissiyalarının üzərinə düşən məsul vəzifələrdən, bu sahədə hər kəsin məsuliyyətindən danışmışdır.
Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Əbdülhüseyn Zamanov seçki gününədək seçici siyahılarında dəqiqləşdirmələr aparılmasında məntəqə seçki komissiyalarına göstəriləcək köməklik, seçki məntəqələrinin seçkilərə hazırlıq vəziyyəti barədə çıxış edərək diqqətə çatdırmışdır ki, seçkilərin daha demokratik və şəffaf şərait­də keçirilməsi, seçicilərin öz iradələrinin azad şəraitdə ifadəsi üçün Babək rayonunun ərazisində 47 seçki məntəqəsinin hamısında məntəqə seçki komissiyaları üçün hər cür şərait yaradılmışdır.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin nümayəndəsi Zamin Nəbiyev “Seçki prosesində ədliyyə orqanlarının fəaliyyəti” mövzusunda çıxış etmişdir.
“Seçki hüquqlarının pozulmasına görə məsuliyyətin növləri” mövzusunda danışan Babək rayon prokuroru əvəzi Əsrafil Əsgərov bildirmişdir ki, vətəndaşların seçkidə iştirak hüquqlarının həyata keçirilməsinə maneolma, vətəndaşı namizədin lehinə imza atmağa məcburetmə və ya onun səsverməsinə maneolma, seçki komissiyasının işinə müdaxiləetmə və ya təsirgöstərmə, seçki sənədlərinin saxtalaşdırılması və ya saxta sənədlərin təqdim edilməsi, bilə-bilə səslərin düzgün hesablanma­ması, səsvermənin nəticələrinin müəyyənləşdirilməməsi və ya səsvermənin gizliliyinin pozulması, başqa şəxslərin yerinə səs verilməsi, bir şəxs tərəfindən seçki qutusuna birdən artıq seçki bülleteninin salınması cinayət məsuliyyətinə səbəb olur.
Babək Rayon Polis Şöbəsinin rəisi Cavid Qasımov seçki prosesində polis orqanlarının rolu və fəaliyyət istiqamətləri barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.
Kəngərli Rayon Məhkəməsinin hakimi Əhliman Xıdırov “Seçki hüquqlarının məhkəmə müdafiəsi, seçki hüququ və onun müdafiəsinin qanunverici­lik əsasları” mövzusunda çıxış etmişdir.

*    *    *

7 saylı Ordubad-Culfa seçki dairəsində keçirilən kursda dairə seçki komissiyasının sədri Həsən Həsənov seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların əhəmiyyətindən danışmışdır.
Tədbirdə Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini Etibar İsmayılov vurğulamışdır ki, seçici siyahılarının tərtibi və dəqiqləşdirilməsi Ordubad rayonunda da uğurla başa çatdırılmış, həmin siyahılar üzrə dəqiqləşdirmələr isə seçki gününədək davam etdiriləcəkdir. 2013-cü ilin avqust ayı üçün rayon əhalisinin sayı 48092 nəfərdir ki, bunun 27813 nəfəri aktiv seçki hüququna malik olan seçicilərdir.
Seçki prosesində ədliyyə orqanlarının fəaliyyəti barədə danışan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin nümayəndəsi Səyyub Kərimov Ədliyyə Nazirliyinin həyata keçirdiyi maarifləndirici tədbirlərdən bəhs etmişdir.
Ordubad rayon prokuroru Yusif Abdullayev çıxışında diqqətə çatdırmışdır ki, Cinayət Məcəlləsinin insan və vətəndaş Konstitusiya hüquq və azadlıqları əleyhinə olan cinayətlər fəslində dörd maddədə seçki hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutulmuşdur. Vətəndaşların seçkidə iştirak hüquqlarının həyata keçirilməsinə maneolma dedikdə vətəndaşın dövlət orqanlarına və ya yerli özünüidarə orqanlarına seçmək və ya seçilmək hüququnun və ya referendumda iştirak hüququnun həyata keçirilməsində müxtəlif qanunsuz maneələrin yaradılması, əsassız şərtlərin irəli sürülməsi və sair başa düşülməlidir.
Ordubad Rayon Polis Şöbəsinin rəis müavini Rafiq Əsgərov çıxış edərək vurğulamışdır ki, daxili işlər orqanlarının şəxsi heyətinin sayıqlığı artırılmış, seçkinin gedişinə müdaxilənin qarşısının alınması üçün icra hakimiyyəti və hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqə və məlumat mübadiləsi genişləndirilmiş, əməliyyat durumuna mənfi təsir göstərə biləcək amillərin vaxtında aşkar edilməsi, qarşısının alınması, zəruri təhlükəsizlik şəraitinin yaradılması üçün təxirəsalınmaz işlər görülmüşdür.
Tədris kursun­da Ordubad Rayon Məh­kə­məsinin hakim əvəzi Mehman Allahverdiyev çıxış edərək seçki hüququndan danışmışdır.
Tədbirlərdə iştirakçıları maraqlandıran suallara da aydınlıq gətirilmişdir.

Naxçıvan Muxtar Respublikası
Mərkəzi Seçki Komissiyasının mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR