Daşkənddəki Əlişir Nəvai adına Universitetdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə nəşr olunmuş “Azərbaycanca – özbəkcə, özbəkcə – azərbaycanca” lüğətinin təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə açan universitetin prorektoru, professor Abdulxay Sadırov layihənin uğurla həyata keçirilməsinə görə AMM-nə öz təşəkkürünü bildirib, ilk dəfə olaraq tərtib edilən lüğətin əhəmiyyətindən danışıb. O, xalqlarımızın eyni kökə və dilə malik olmasına baxmayaraq müxtəlif dövrlər ərzində dilimizə yabançı təsirlərin olması nəticəsində xeyli yeni sözlərin daxil edildiyini və başqa dillərin təsiri nəticəsində fərqlər yarandığını bildirib. Alim vurğulayıb ki, məhz mövcud çətinliklərin, boşluqların aradan qaldırılması məqsədilə bu sözlük tərtib edilib.
AMM-in direktoru Samir Abbasov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ana dilimizin qorunması, saflığı və inkişafı ilə bağlı müvafiq fərman və sərəncamlarını xatırladaraq bunları dilimizə diqqət və qayğının bariz nümunəsi kimi dəyərləndirib. O, Mədəniyyət Mərkəzinin fəaliyyətində ana dilimizin geniş təbliğ olunduğunu, bu məqsədlə AMM-in nəzdində tərcüməçilik məktəbinin formalaşdığını diqqətə çatdırıb. Direktor Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə 2014-cü ildə “Azərbaycan-özbək, özbək Azərbaycan” danışıq kitabçasının və 2019-cu ildə lüğətin tərtib edildiyini söyləyib.
Özbəkistan Elmlər Akademiyası Dil, Ədəbiyyat və Folklor İnstitutunun direktoru, professor Nizaməddin Mahmudov hər iki ölkənin dilçilik sahəsində mütəxəssislərinin ciddi səyi ilə ərsəyə gətirilən lüğətdə 23 mindən çox söz və ifadənin qarşılıqlı tərcümələrinin öz əksini tapdığını və ilk dəfə hazırlanan bu lüğətin tərtibini türk dünyası ölkələri arasında tarixi hadisə kimi dəyərləndirib.
“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov deyib ki, lüğətin nəşrindən sonra xalqlarımız dillərimizin bir-birinə necə yaxın olduğunu əyani gördülər. Nəşrin hər iki ölkənin alimləri, tədqiqatçıları üçün yeni imkanlar açacağını qeyd edib. Alim yeni lüğətin hər iki dildə çoxlu tərcümə layihələrinin və tədqiqat əsərlərinin yaranmasına səbəb olacağını söyləyib.
Alim və tərcüməçi, nəşrin Özbəkistan tərəfdən həmmüəlliflərindən olan Babaxan Şərif lüğətin dilçilik sahəsində yeni imkanlar açdığını bildirərək onun vasitəsi ilə türk dünyasının aparıcı ölkələri olan Azərbaycan və Özbəkistan arasında yeni və möhkəm körpü qurulduğunu deyib. Natiq lüğətin imkanları, söz və ifadələrin qarşılıqlı tərcüməsi, hər iki dildə verilmiş əlifbada hərflərin transkripsiyası haqqında danışıb.
Digər natiqlər - professor Səadət Muhammadova, dosent Gülbahor Aşurova və başqaları qədim, zəngin, ortaq tarixi köklərə malik Azərbaycan və özbək mədəniyyətlərinin bəşər sivilizasiyasına böyük töhfələr verdiyini, Şərq elmini, ədəbiyyatını, incəsənətini, ümumilikdə dünya mədəniyyətini zənginləşdirdiyini bildiriblər.
Tədbirdə universitetin tələbələrinin iki xalqın tarixi dostluğuna, habelə ana dilinə dair hazırladıqları ədəbi-bədii kompozisiya təqdim edilib.
Qeyd edək ki, “Azərbaycanca – özbəkcə, özbəkcə – azərbaycanca” lüğəti Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik, Özbəkistan Milli Elmlər Akademiyasının Ədəbiyyat, Dil və Folklor İnstitutlarının Elmi Şuralarının qərarları ilə nəşr olunub.
AZƏRTAC