Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Himayəçilik Şurasının Tədbirlər Planına uyğun olaraq, muxtar respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin iştirakı ilə təşkil olunan məhdud fiziki imkanlıların və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış davam edir.
Oktyabrın 5-də Naxçıvan Dövlət Universitetinin müəllim və tələbələri sərgi-satışda sərgilənən sənətkarlıq nümunələrinə baxıblar.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova məlumat verərək bildirib ki, sərgi-satışda istedadlı, məhdud fiziki imkanlıların, evdar qadınların, muxtar respublikada fəaliyyət göstərən məktəbdənkənar müəssisələrin dərnək rəhbərləri və üzvlərinin, məktəb və məktəbəqədər müəssisələrin, orta ixtisas və ali təhsil müəssisələrinin, rayon və şəhər mədəniyyət şöbələrinin, Naxçıvan Biznes Mərkəzinin emalatxanasında çalışan qadınların və rəssamların, qadın məhkumların əl işləri sərgilənir.
Qeyd olunub ki, sərgidə nümayiş olunan birbirindən maraqlı, rəngarəng əl işləri qadınların bədii təxəyyülünün məhsuludur. Doğma Naxçıvanımızın qədim memarlıq abidələri istedadlı qadınların rəsm və əl işlərində məharətlə əks olunub. Toplanılan əl işləri arasında milli geyim nümunələri, yağlı boya ilə çəkilən təbiət mənzərələri, quramalar, toxuma xalçalar, vitraj, rəsm işləri, dekorativ və muncuqla, həmçinin ağac üzərində yanma üsulu ilə hazırlanan əsərlər, suvenirlər və digər maraqlı əl işləri sərgilənir. Məhdud fiziki imkanlı qadınların əl işləri sərgi iştirakçılarının daha çox diqqətini cəlb edir.
Ramilə Seyidova deyib ki, bu günədək 8 belə sərgi-satış keçirilib. 9-cu tədbiri digərlərindən fərqləndirən əsas məqam, həm burada öz əlinin zəhməti ilə iştirak edən məhdud fiziki imkanlıların və istedadlı qadınların sayının, təqdim etdikləri əl işləri və rəsmlərin sayının, həm də sərgi-satışa ictimai marağın daha da artmasıdır. Belə ki, bu il sərgidə 35 sağlamlıq imkanı məhdud şəxsin və 2 ahıl rəssamın 283 işi, 268 istedadlı qadının 3643 əl işi sərgilənir. Bu günədək sərgi-satışla 2000-ə yaxın insan tanış olub. Naxçıvanın qədim memarlıq abidələri və Naxçıvan Muxtar Respublikasının 95 illiyi ilə bağlı əl işləri sərgi iştirakçıları tərəfindən rəğbətlə qarşılanır.
Vurğulanıb ki, sərgiyə gələnlər diqqətçəkən əsərlərdən çox sayda hədiyyələr alırlar. Oktyabrın 5-dək sərgi-satışda 260 istedadlı şəxsin 17 min 310 manat dəyərində 1300 əl işi satılıb,
Naxçıvan Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Seymur Talıbov belə tədbirlərin əhəmiyyətini qeyd edərək bildirib ki, muxtar respublikada məhdud fiziki imkanlılar və istedadlı qadınlar hərtərəfli qayğı ilə əhatə olunub, onların fəaliyyəti üçün lazımi şərait yaradılıb. O, gələcəkdə məhdud fiziki imkanlıların və istedadlı qadınların rəsm və əl işlərinin satış mərkəzinin yaradılmasının əhəmiyyətini qeyd edib.
Seymur Talıbov və universitetin kollektivi çox sayda hədiyyəlik əl işləri alıblar.
Qeyd edək ki, oktyabrın 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin “Araz” Dövlət Qəbul Evinin, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun, Dövlət Miqrasiya Xidmətinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Həmkarlar İttifaqları Şurasının, Dövlət Energetika Xidmətinin kollektivləri də sərgi-satışla tanış olublar.
Rauf KƏNGƏRLİ
http://oldserqqapisi.az/index.php/idztimai-siaysi/20228-nakhdzh-van-doevlaet-universitetinin-kollektivi-saerzhi-sat-shla-tan-sh-olublar.html#sigProGalleria7ec8eb0de1