Son günlər “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin marka adından sui-istifadə edilməklə kiber-kampaniya başladılıb. Təəssüf ki, bir neçə vətəndaş artıq bu cür kiber-hücumlara məruz qalıb. Naməlum kiberdələduzlar tərəfindən yaradılan və loqotipində “Azərpoçt” MMC-nin loqosu yerləşdirilən səhifələrin məzmununda bildirilir ki, “Azərpoçt” MMC tərəfindən promo-aksiya keçirilir və qiymətli əşya udulur. Həmin uduş şəxsi məlumatlar təsdiq edilməklə və cüzi məbləğ ödənilməklə qısa müddət ərzində çatdırılır. Bu cür məlumatlara etimad edərək linkə keçid edən və kart məlumatlarını daxil edən vətəndaşların hesabından böyük məbləğdə vəsaitlər silinir.
Belə hallarla rastlaşan istifadəçilərin nəzərinə çatdırılır ki, internetdən istifadə zamanı veb-brauzeriniz sizi başqa bir sayta yönləndirirsə, bu, o deməkdir ki, sizin mobil qurğu və ya kompüter zərərli proqramla yoluxub. Bu halda telefonunuza həmin saytdan arzuolunmaz “pop-up” reklamlar gəlir, eyni zamanda zərərli proqramlar yüklənir. Məqsəd böyük məbləğli pullar və ya uduşlar vəd edərək istifadəçiləri aldatmaqdır.
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi bu kimi hallarda internet istifadəçilərini ayıq davranmağa çağırır və həqiqətə uyğun olmayan belə cəlbedici vədlərə etimad edərək şəxsi, eləcə də kart məlumatlarını təqdim etməməyi, yalnız müvafiq quruma məxsus internet informasiya ehtiyatlarından, mobil tətbiqlərdən istifadə etməyi tövsiyə edir.
İdarəetmə panelindən istifadə edərək xəbəriniz olmadan son yüklənilən zərərli proqramları kompüterinizdən təmizləyin. İstifadə etdiyiniz brauzerin tənzimləmələr bölməsindən həmin resursdan olan uzantıları silin. Əgər brauzerinizdəki uzantılardan hansının zərərli olduğunu bilmirsinizsə, bu halda bütün uzantıları silməyiniz tövsiyə olunur. Mobil telefonunuzu və ya kompüterinizi lisenziyalı antivirus proqramı ilə yoxlayın və viruslardan təmizləyin.
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar
Nazirliyinin ElektronTəhlükəsizlik Mərkəzi