Sahil Tahirli yazır
Min illərdir ki Vətənimiz, torpağımız uğrunda qanlı mübarizəmiz davam edir. Bu mübarizə bir gün, bir an belə dayanmayıb. Və hər kəs əmin ola bilər ki, yer üzündə bizdən bir nəfər belə qalsa bu mücadilə bitməyəcək... Döyüşəcəyik, şəhid olacağıq, üçrəngli bayrağa sarınıb son mənzilə gedəcəyik, amma Vətən yaşayacaq. Ölməz Bəxtiyarın ölümsüz sözləri ilə desək :
Yüz-yüz itən olsun,
Min-min də bitən var.
Şükr eyləyəlim ki,
Bizlərdən həm əvvəl,
Həm sonra Vətən var...
Ənənəvi həyasızılıq
Bu günlərdə mətbuatdan oxuyuruq:
“İşğalçı Ermənistan danışıqları pozmağa yönəlik daha bir addım atıb. Belə ki, 22 sentyabr, saat 16.15 radələrində təmas xəttini azaraq neytral əraziyə keçən Azərbaycan əsgərini öldürən erməni hərbçilər mükafatlandırılıb. Bu barədə erməni mediası məlumat yayıb. Məlumata görə, 1 oktyabrda bununla bağlı Qarabağdakı qondarma qurumun "prezidenti” Bako Saakyan "fərman imzalayıb”. Azərbaycan əsgərinə atəş açan Paruyr Amirxanyan və Rafik Ordonyan təltif edilib.
Qeyd edək ki, hətta Ermənistanın müdafiə naziri David Tonoyan özü də Azərbaycan əsgəri Ramin Abdulrəhmanovun azaraq neytral zonaya keçdiyini dolayısı ilə etiraf etmişdi. Lakin insanlıqdan kənar davranışları ilə bəşəriyyətin üz qarası olan düşmən ölkənin işğalçı əsgərləri bu dəfə də öz ənənələrinə sadiq qaldılar. Üstəlik, düşmən şərəfsizcəsinə bu qətlə imza atan əsgərlərinə mükafat verdi. Qaldı Azərbaycan əsgərlərinin erməni hərbçilərini "mükafatlandırması”, inşallah tezliklə əsgərimizin qisası alınar”.
Təbii ki, qisas qiyamətə heç zaman qalmayıb və bu dəfə də qalmadı. Xalqımıza qarşı dəfələrlə soyqırımı törədən, tarixi torpaqlarımızda özlərinə dövlət quran, torpaqlarımızı 30 ilə yaxındır ki, işğalda saxlayan düşmən neytral ərazidə şəhid etdiyi əsgərimizin qisası zəminində öz itkilərini açıqlamaqda davam edir. Artıq dünən Ermənistan ordusu daha iki hərbi qulluqçusunun ölüm xəbərini yayıb. Ermənistan Müdafiə nazirliyinin mətbuat katibi bildirib ki, cəbhənin Tavuş istiqamətində 27 yaşlı Muşeq Abovyan öldürülüb. Digər bir xəbərdə isə oktyabrın 1-də həmin istiqamətdə yaralanmış S.X adlı hərbi qulluqçunun da hospitalda öldüyü bildirilib.
Beləliklə, bir gündə iki leş!
“Qarabağ Azərbaycandır və nida işarəsi”
Bütün dünya bilir: Dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan öz tarixi torpaqlarında ikinci bir erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Və ölkə rəhbərinin bu qətiyyətli mövqeyi real müstəvidə aparılan xarici siyasət kursunda, eləcə də günü-gündən güclənən ordumuzun timsalında da öz təsdiqini tapır.
Və ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Soçidəki “Valday” forumunda Dağlıq Qarabağ münaqişəsi barədə qətiyyətli çıxışı bir daha deyilənləri təsdiq etdi:
“Mən Ermənistan baş nazirinin, təəccüb doğuran “Qarabağ-Ermənistanın bir hissəsidir və nöqtə” bəyanatına toxunmaq istərdim. Birincisi, bu, yumşaq desək, yalandır. Qarabağ aranlı-dağlı bütün dünyada Azərbaycanın ayrılmaz hissəsi kimi tanınmışdır. Ermənistanın özü bu qanunsuz qurumu tanımır. Qarabağ əsl Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”.
Bundan əlavə Prezident İlham Əliyev, Paşinyanın münaqişənin həllinin Dağlıq Qarabağdakı qondarma xalqın mənafeləri nəzərə alınmaqla məqbul olması barədə açıqlamasına da toxunub:
“Ermənistanın baş naziri tez-tez deyir ki, münaqişənin həlli Azərbaycan xalqı, Ermənistan xalqı və Dağlıq Qarabağ xalqı üçün məqbul olmalıdır. Deməliyəm ki, Dağlıq Qarabağ xalqı anlayışı mövcud deyil. Münaqişədən əvvəl Azərbaycan və erməni əhalisindən ibarət olan bərabər hüquqlara malik Dağlıq Qarabağ əhalisi var”,-deyə Azərbaycan Prezidenti vurğulayıb.
Prezident İlham Əliyev onu da dedi ki, Azərbaycan üçün məqbul həll yolu bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünün bərpası, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qaytarılmasından ibarətdir. Bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və Helsinki Yekun Aktına da uyğundur.
Çəkmələrin tozu...
Az əvvəl qeyd etdiyim kimi, bu gün torpaq uğrunda mübarizəni hər birimiz aparırıq; Ölkənin Birinci Şəxsindən başlamış, sıravi əsgərəcən bütün Azərbaycan və azərbaycanlılar aparır. Bu döyüş səngərdə də, böyük siyasi kürsülərdə də, dəyirmi masalar ətrafında da, neft buruqlarında da, biznes-form və sərgilərdə də, ədəbiyyat və incəsənətdə də, idman meydançalarında da bir an belə dayanmadan davam edir...
Bu döyüşü illərdir həm də Qarabağ atlarının ayaq səsini Avropa arenalarında eşitdirən “Qarabağ” aparır. Avropanın böyük idman arenalarında nüfuzlu futbol klubları ilə baş-başa, üz-üzə göz-gözə gəlməklə.
Prezidentimizin qətiyyətli bəyanat verdiyi, əsgərlərimizin iki “çəyirtkə”ni “taxtalıkənd”ə göndərdiyi həmin gün “Qarabağ” Lüksemburqda daha bir tarix yazdı. UEFA Avropa Liqasında qrup mərhələsinin II turu çərçivəsində keçirilən “Düdelanj”- "Qarabağ” oyununda komandamız 1-4 hesabı ilə qalib gəldi. “Qarabağ” bu qələbəsi və əsl idmançılara yaraşan təmkini ilə həm də erməni təxribatından qalib çıxdı. Qondarma Dağlıq Qarabağ Respublikasının bayrağını dronun quyruğunda stadiona gətirən ermənilərə ən yaxşı cavab elə komandamızın qələbəsi oldu. Və beləliklə “Qarabağ” Avropada öz yoluna davam edir. Bütün Azərbaycan öz yoluna davam edir: üzü Qarabağa olan yoluna...
Bütün hamı hər gün turnir cədvəllərində də onu görür: “FC Karabakh - Azerbaijan”.
Qoy düşmən bilsin ki, dron videokameranın quyruğuna bağladığı bayraqla əsgərlərimiz çox yaxında Şuşa dağlarında öz çəkmələrinin tozunu alacaqlar!!!
Saqqallı təlxək
P.S. Bu arada, Rusiyanın “News Media” Nəşriyyat Evinin erməni əsilli rəhbəri Aram Qabrelyanov Ermənistanın Baş Naziri Nikol Paşinyanı “saqqalı təlxək” adlandırıb. O, özünün “Facebook” səhifəsində Ermənistanın keçmiş polis rəisi Valeri Osipyanın Baş Nazirin müşaviri vəzifəsindən istefa verməsi barədə xəbəri paylaşaraq belə bir şərh yazıb: “Qəribə adamlardılar. Bu rütbəyə gəlib çıxıb, anlamır ki, hakimiyyətə saqqallı təlxək gəlib? Mən burada, Moskvada otura-otura onun təlxək olduğunu anladım. Onların isə bunu başa düşmələri üçün bir il vaxt keçməli idi?”