Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin yenilənmiş internet saytı istifadəyə verilib. Sayt ümumi dizaynı, məzmunu, istifadəçi rahatlığı, texniki imkanları baxımından müasir standartlara tam cavab verir. Onun strukturu təkmilləşdirilib, yeni funksional bölmələr əlavə edilib və ən son internet texnologiyaları əsasında yeni dizayn verilib.
Sayt 7 bölmə və 21 altbölmədən ibarətdir. “Əsas səhifə”də muxtar respublikada baş verən ictimai, siyasi xəbərlər və nazirliyin fəaliyyət istiqamətinə uyğun məlumatlar yerləşdirilib. İstifadəçilərin rahatlığını təmin etmək məqsədilə “Axtar” guşəsi yaradılıb. Aktuallıq və istifadəçi tələbatı nəzərə alınaraq səhifədə əhəmiyyətli saytlara keçid linkləri qoyulub.
Saytın ümumi görünüşünə, dizaynına rəngarənglik qatmaq, həmçinin Naxçıvan şəhərinin və muxtar respublikanın bölgələrinin gözoxşayan məkanlarının tanınması məqsədilə fotoslaydlar yerləşdirilib.
Burada startap layihələrinin qəbulunu nəzərdə tutan bölmə də yaradılıb. Həmin bölmədə “Ədliyyə könüllüləri” çərçivəsində müraciətetmə forması yerləşdirilib. Portalda, həmçinin son dövrlərdə Naxçıvan Muxtar Respublikasının inkişafını və aparılan quruculuq işlərini özündə əks etdirən, muxtar respublikamızın turizm potensialını təqdim edən tanıtım və tarixi abidələr videoqalereyaları mövcuddur.
“Nazirlik” bölməsində istifadəçilərə 4 yarımbölmə təqdim olunur. “Ədliyyə tarixi” yarımbölməsində nazirliyin yaranma tarixi, fəaliyyəti barədə məlumat öz əksini tapıb. “Əsasnamə” hissəsində Ədliyyə Nazirliyinin, Məhkəmə Ekspertizası Mərkəzinin və Penitensiar Xidmətin əsasnamələri yerləşdirilib. Həmin yarımbölmədə nazirliyin fəaliyyət istiqamətləri və ədliyyə işçisinin andı da öz əksini tapıb.
“Qanunvericilik” bölməsində Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsasını təşkil edən Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyaları, qanunları, fərman və sərəncamlar, qərarlar və məcəllələr yerləşdirilib. Müvafiq bölmədə istifadəçilər ədliyyə sisteminin fəaliyyətini əhatə edən normativ-hüquqi aktlarla tanış ola bilərlər.
“Mətbuat xidməti” bölməsi xəbərlər, hesabatlar və rəsmi xronika yarımbölmələrindən ibarətdir. Nazirliyin fəaliyyəti ilə əlaqədar foto və videolar uyğun olaraq “Fotoqalereya” və “Videoqalereya” yarımbölməsində təqdim olunur.
Ədliyyə Nazirliyinin əsas fəaliyyət istiqamətlərindən olan hüquqi maarifləndirmə ilə əlaqədar olaraq saytda “Sual-cavab guşəsi” də yaradılıb. “Bələdiyyə fəaliyyətinə dair tövsiyələr” yarımbölməsində yerli özünüidarəetmə ilə əlaqədar tövsiyə məktubları öz əksini tapıb. Ədliyyə işçilərinin etik davranış qaydaları və notariusların etik davranış kodeksi saytın müvafiq bölməsində yerləşdirilib.
Elektron məktub yazmaq qaydaları, vətəndaşların qəbul gününün qrafiki və digər əlaqə vasitələrini özündə əks etdirən “Müraciətlər” bölməsi istifadəçilərin rahatlıqla nazirliklə əlaqə saxlamalarına imkan yaradacaq.
Yenilənən sayt Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətləri və görülən işlər barədə ictimaiyyətin daha dolğun və operativ şəkildə məlumatlandırılmasını təmin edəcəkdir.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti