Qarşıdan gələn prezident seçkiləri bunu bir daha təsdiqləyəcək
Müsahibimiz Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayevdir.
– Əmir müəllim, 2013-cü ildə yaddaqalan böyük siyasi hadisələr bir-birini əvəz edir. Xalqımızı daha bir mühüm hadisə – prezident seçkiləri gözləyir. İstərdik ki, bu məsələlər barədə sizin də fikirlərinizi öyrənək.
– Həqiqətən də, Azərbaycan tarixində hər il bir əlamətdar hadisə yaddaşlara həkk olunur. Sizin dediyiniz kimi, 2013-cü ildə bir-birini əvəzləyən böyük siyasi hadisələr daha çox olmuşdur. Hər şeydən əvvəl qeyd edim ki, müstəqil Azərbaycanın qurucusu, xalqımızın bugünkü firavan həyatının əsasını qoymuş ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi böyük təntənə ilə qeyd edilmişdir. Özü də təkcə Azərbaycanda deyil, dünyanın əksər ölkələrində.
Azərbaycanın dünya miqyasında mövqeyinin möhkəmlənməsində, nüfuzunun getdikcə artmasında, davamlı ictimai-siyasi sabitliyin yaradılmasında, Milli Ordunun formalaşmasında, iqtisadiyyatın möhkəmləndirilməsində ümummilli liderin əvəzedilməz rolu vardır. Ona görə də ulu öndərin 90 illik yubileyi xalqımız üçün əziz gün, unudulmaz hadisədir. Təsadüfi deyildir ki, 2013-cü il muxtar respublikamızda “Heydər Əliyev ili” elan edilmişdir.
Yadda qalacaq siyasi hadisələrdən biri də bu il oktyabrın 9-da keçiriləcək prezident seçkiləri olacaq. Hazırda beynəlxalq qurumların diqqəti ölkəmizə yönəlmişdir. Bu da təsadüfi deyil. Çünki Azərbaycan dünyada demokratik proseslərin inkişafına xüsusi önəm verən dövlət kimi tanınır. Ölkəmizdə azad və ədalətli, şəffaf, obyektiv seçkilər keçirilməklə siyasi iradə nümayişi artıq dünya ictimaiyyətinə bəllidir. Biz əvvəlki seçkilər zamanı bunun bir daha şahidi olmuşuq. Növbəti prezident seçkilərinin də demokratik şəraitdə keçirilməsi üçün ciddi hazırlıq işləri görülür.
– Xalq müəyyən tarixi şəraitdə öz liderini yetişdirir və xalqı böhranlardan bu liderlər xilas edir. Azərbaycan xalqı öz ağır günlərində məhz Heydər Əliyevə müraciət etdi.
– Əlbəttə! Böyük şəxsiyyətlər tarixin ağır anlarında öz xalqlarının yanında olublar, xalqın taleyini təyin etmək missiyasını öz üzərlərinə götürüblər. Bəzən bu, quruculuq, bəzən də xilaskarlıq missiyası olur. Bu şəxsiyyətlər ona görə tarixi şəxsiyyətlər hesab olunurlar ki, həmin tarixin ağırlığını öz üzərlərinə götürmək və xalqı böhranlardan xilas etmək niyyətində və qüdrətində olurlar. Tarix onları yetişdirdiyi kimi, onlar da tarixi yaradırlar.
Tarixi şəxsiyyətlərə tarixi məqamda ehtiyac yaranır və onlara öz missiyasını yerinə yetirmək üçün bir şans verilir. Amma Azərbaycan hər dəfə sınağa çəkiləndə, böhrana düşəndə görkəmli dövlət xadimi Heydər Əliyevə ehtiyac yaranıbdır. Müdrik rəhbər Heydər Əliyevin böyüklüyü ondadır ki, O, hər hansı tarixi xronologiya çərçivəsinə sığan, bir məqamda gərəkli olan şəxsiyyət deyildi. O, öz zamanının və məkanının çərçivəsinə sığmayan, həmişə gərəkli olan şəxsiyyət idi.
Qeyd etmək lazımdır ki, XX əsrin 60-70-ci illərində dahi rəhbər Heydər Əliyevin missiyası XX əsrin 90-cı illərindəki missiyasından tamam fərqli idi. Birinci halda O, qurub-yaratmalı, neqativ hallara qarşı mübarizə aparmalı idi. Missiya ilk nəzərdən o qədər çətin deyildi, amma O, qapalı sistemdə ideoloji çərçivələr daxilində mübarizə aparmalı idi. İkinci halda isə ideoloji çərçivələr olmasa da, müharibə şəraiti mövcud idi – O, xalqını xarici təcavüzdən və daxili irticadan xilas etməli idi. Göründüyü kimi, bu missiyalar formaca fərqli olduğu kimi, mahiyyətcə də fərqli idi. Amma görkəmli dövlət xadimi Heydər Əliyev geri çəkilməmiş və yaradıcılıq missiyasını uğurla yerinə yetirdiyi kimi, xilaskarlıq missiyasını da uğurla yerinə yetirmişdir.
–Ümummilli liderimizin canından artıq sevdiyi müstəqil, qüdrətli Azərbaycan Heydər Əliyev yolu ilə gedərək yaşayır, gündən-günə inkişaf edir, tərəqqiyə qovuşur və Azərbaycanda əldə olunan bütün nailiyyətlərdə Heydər Əliyevin işi və əməlləri bu gün də yaşayır. Zaman keçdikcə bu nailiyyətlər daha da artır. Heydər Əliyev irsinin təbliğində, bu yolun uğurla davam etdirilməsində Yeni Azərbaycan Partiyasının fəaliyyəti danılmazdır.
– Bəli, tarixi zərurətdən Naxçıvanda yaranan partiya ulu öndər Heydər Əliyevin misilsiz fəaliyyətində ona daim yardımçı oldu. Yeni Azərbaycan Partiyası yarandığı gündən ardıcıl olaraq Azərbaycançılıq və dövlətçilik mövqeyində olmuşdur. Güclü lideri, mükəmməl proqramı, təkmil siyasi platforması, qətiyyətli mövqeyi sayəsində Yeni Azərbaycan Partiyası əsl ümumxalq partiyasına çevrilmişdir. Bu təşkilat ümummilli liderin siyasi və ideoloji irsinin, dövlətçilik təcrübəsinin və quruculuq fəaliyyətinin harmoniyası, vəhdətidir. Malik olduğu potensial, xalqın inamı, ideyaların mükəmməlliyi, yaradıcısının əbədi mövcud olacaq nüfuzu Yeni Azərbaycan Partiyasının hələ uzun onilliklər boyu hakim partiya statusunu qoruyacağına təminat verir.
Yeni Azərbaycan Partiyası yaranandan keçirilən bütün seçkilərdə qələbə qazanmış və hakim partiya statusunu saxlamışdır. Daha konkret ifadə etsək, ötən 20 ildə ölkəmizdə keçirilən 4 prezident, 4 parlament, 3 bələdiyyə, 4 Naxçıvan Muxtar Respublikası Ali Məclisinə deputat seçkilərinin qalibi Yeni Azərbaycan Partiyasının namizədləri olmuşlar. Həm təşkilati göstəricilərinə, həm də ictimai nüfuzuna görə bu gün respublikada Yeni Azərbaycan Partiyasına alternativ olacaq qüvvə yoxdur! Yeni Azərbaycan Partiyasının müvəffəqiyyəti, ilk növbədə, əbədiyaşar lider Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsi ilə bilavasitə bağlıdır. Partiyamız öz məramında və praktik fəaliyyətində demokratik prinsiplərlə, ümumbəşəri dəyərlərlə milli xüsusiyyətlərin vəhdətinə, hüquqi dövlət, vətəndaş cəmiyyəti, sərbəst iqtisadiyyat yaradılmasına üstünlük verir və eyni zamanda güclü sosial müdafiə proqramı ilə fəaliyyət göstərir.
Prezident seçkiləri hər bir ölkənin ictimai-siyasi həyatının ən əlamətdar hadisələrindən sayılır. İnsanlar bir daha həyata keçirilən siyasətə öz münasibətlərini bildirirlər və ölkəni dəyişdirmək, inkişaf etdirmək üçün yeni bir şans əldə edirlər. Bu prosesdə fəal iştirak etmək istəyən təşkilatlar, o cümlədən cəmiyyətin əsas aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası da seçkilərə ciddi hazırlaşır.
Böyük şəxsiyyətin yolunu, ideyalarını yalnız o səviyyədə olan insanlar davam etdirə bilərlər. Məhz buna görə də 2003-cü ilin oktyabr ayında Azərbaycan xalqına müraciət edən ümummilli lider Heydər Əliyev xalqa ən düzgün seçim ünvanı kimi məhz cənab İlham Əliyevi və Yeni Azərbaycan Partiyasını göstərmişdi. Həm 2003-cü il, həm də 2008-ci ildə Heydər Əliyev siyasi kursunun layiqli davamçısı kimi prezident seçkilərinə qatılan cənab İlham Əliyevin qələbəsi eyni zamanda Yeni Azərbaycan Partiyasının zəfəri, nailiyyəti idi.
Ötən 10 ildə ölkənin iqtisadiyyatının 3 dəfə artması, Azərbaycanın dünyada yüksək iqtisadi inkişaf göstəriciləri nümayiş etdirməsi, bir milyondan çox iş yerinin açılması, müasir infrastruktur layihələrinin həyata keçirilməsi ölkəmizin birmənalı şəkildə bölgənin lider dövlətinə çevrilməsi ilə nəticələnmişdir. Bu nəticə ilə Azərbaycanın artan iqtisadi gücü, bu gücün hərbi-siyasi və diplomatik gücə çevrilməsi sayəsində Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında ölkəmizin mövqeyinin həlledici dərəcədə güclənməsi Prezident cənab İlham Əliyevə olan dərin inamı daha da möhkəmləndirmişdir.
Odur ki, Yeni Azərbaycan Partiyasının keçirdiyi hər bir tədbir kimi, V Qurultayı da, bütövlükdə, ölkəmizin siyasi həyatında əlamətdar hadisələrdən biri kimi yadda qalmışdır. Qurultayda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin geniş və dərin məzmunlu nitqi ölkəmizin həm bu gününün, həm də gələcəyinin aydın və fərəhləndirici mənzərəsini yaratmışdır.
Təbii ki, V Qurultayın mühüm qərarlarından biri cənab İlham Əliyevin yenidən partiyanın sədri seçilməsi idi. Prezident cənab İlham Əliyevin ölkəmizə rəhbərliyi Azərbaycan üçün nə qədər uğurlu olubsa, partiyamıza rəhbərliyi də o qədər uğurludur. Cənab İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası daha da güclənəcək, möhtəşəm bir siyasi təşkilat olaraq ölkəmizin inkişafına töhfələr verməyə davam edəcək.
Vətəndaşların ölkəyə layiqli rəhbər seçmək haqqı xalqın öz taleyinə sahib olmaq hüququnun əsas prinsipidir. Hələ bir müddət əvvəl nüfuzlu ictimai təşkilatlar qarşıdan gələn prezident seçkilərində cənab İlham Əliyevin namizədliyini irəli sürməklə Azərbaycan xalqının öz siyasi taleyinə sahib olmaq haqqını qətiyyətlə ifadə etmişlər. Yeni Azərbaycan Partiyasının V Qurultayı isə öz tarixi qərarı ilə təkcə partiyamızın üzvlərinin deyil, bütün xalqın iradəsinin ifadəsi idi. Qurultay Azərbaycan xalqının və 600 minlik Yeni Azərbaycan Partiyasının üzvlərinin iradəsini ifadə edərək, ölkəmizin iqtisadi, sosial, siyasi, mədəni və beynəlxalq inkişafının yüksək sürətini qeyd edərək, son 10 ildə həyatımızın bütün sahələrində köklü dəyişikliklərin baş verdiyini vurğulayaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü ilin prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən yenidən prezidentliyə namizədliyini irəli sürmüşdür.
– Əmir müəllim, bəs Şərur rayonunda seçki ab-havası necədir?
– Hər ötən gün bizi prezident seçkilərinə yaxınlaşdırır. Bütün ölkə əhalisi kimi, şərurlular da bu taleyüklü kampaniyada müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyev siyasətinə dərin ehtiram və sədaqətini bir daha nümayiş etdirəcək.
Bizim yeganə namizədimiz partiyamızın sədri cənab İlham Əliyevdir. Biz öz xoşbəxtliyimizi, səadətimizi, əmin-amanlığımızı məhz cənab İlham Əliyevin prezidentliyinin davamında görürük. Bunun üçün yalnız cənab İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyirik. Azərbaycanın siyasi mühitində İlham Əliyevlə rəqabət apara biləcək hər hansı bir siyasətçi yoxdur və yaxın illərdə heç olmayacaq da! Ölkə rəhbərinin nüfuzu artıq Azərbaycanın hüdudlarını da aşmış, ona bölgənin əsas lideri, beynəlxalq birliyin qəbul etdiyi görkəmli siyasi və dövlət xadimi kimi əlavə dividentlər qazandırmışdır. Bu gün Prezident İlham Əliyevə olan geniş beynəlxalq rəğbət Azərbaycanın nüfuzunun yüksəlməsi deməkdir.
Şərur rayonunun seçiciləri dərindən dərk edirlər ki, dövlət başçısının sözü ilə işi birdir. Cənab İlham Əliyev fəaliyyət göstərdiyi 10 il müddətində, həqiqətən, hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu əməldə sübut etmiş, ölkəmizi yeni inkişaf müstəvisinə çıxarmışdır. Dövlət başçısının titanik fəaliyyəti, uğurlu siyasəti sayəsində Azərbaycan söz sahibi olmuş, dünyanın iqtisadi cəhətdən güclü dövlətlərindən birinə çevrilmişdir.
Sürətli, davamlı inkişaf ölkəmizi, həmçinin muxtar respublikamızı tanınmaz dərəcədə dəyişdirmişdir. Bu inkişafı, tərəqqini Şərurun timsalında da aydın görmək olar. Şərurlular dövlət başçısının Naxçıvan Muxtar Respublikasına səfərləri çərçivəsində rayonumuza da gəlməsini, burada bir sıra sosial obyektlərin açılış mərasimlərində iştirak etməsini xoş təəssüratlarla xatırlayırlar. Şərur Rayon Mərkəzi Xəstəxanasının binası 2007-ci ildə, Şərur Olimpiya İdman Kompleksi 2009-cu ildə, Yengicə və Maxta kənd tam orta məktəblərinin yeni binaları 2010-cu ildə Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilmişdir. Şərur şəhərində son bir neçə ildə on illərə bərabər quruculuq-abadlıq işləri aparılmışdır. Rayon mərkəzində hər addımda bir-birindən gözəl tikililərlə rastlaşırsan. Artıq kəndlərimizin siması da sürətlə dəyişir. Burada möhtəşəm sosial obyektlər, yaraşıqlı evlər tikilir, kommunikasiya xətləri yenilənir. Çətin təbii şəraitə malik olan sərhəd, dağ kəndlərinə gedən yolların yenidən qurulması bu ərazidə yaşayan insanlara dövlətimiz tərəfindən göstərilən misilsiz qayğıdır. Odur ki, biz şərurlular seçkilərdə fəal iştirak edib xalqımızın rifahını təmin edən, bu təminatın güvənci olan cənab İlham Əliyevə səs verəcəyik.
Azərbaycan vətəndaşları, əslində, oktyabrın 9-da keçiriləcək səsverməyə prezident seçkilərindən daha çox Heydər Əliyev siyasi kursuna və İlham Əliyevin fəaliyyətinə ümumxalq etimad referendumu kimi yanaşır. Seçicilər bu aksiyada yalnız ictimai mövqelərini bildirməyəcəklər, həm də tarixin arxivindən hələ də baş qaldırmağa çalışan xırda-para məlum qüvvələrə birdəfəlik “YOX” deyəcək, ulu öndərin siyasi xəttinin alternativsizliyini növbəti dəfə təsdiqləyəcəklər. Beləliklə, davamlı tərəqqiyə, yüksələn rifaha, qüdrətli dövlətə səs verəcəklər! Bu isə əsl vətəndaş münasibəti olacaq!
Yolumuz yenə də İnkişafa, Ləyaqətli siyasətə, Humanizmə, Asayişin möhkəmliyinə, Məsuliyyətə doğrudur!
– Maraqlı müsahibə üçün sağ olun.
Cəfər ƏLİYEV