Regionda davam edən ardıcıl zəlzələlər Ermənistandakı istismar vaxtı keçmiş Metsamor Atom Elektrik Stansiyasının (AES) yaratdığı təhlükəni yenidən gündəmə gətirib. Türkiyə ictimaiyyəti, xüsusilə də ölkənin şərq və cənub-şərq bölgəsinin ictimai fəalları yenidən həyəcan siqnalı səsləndirməyə başlayıblar.
Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının sədr müavini və İğdır Azərbaycan Evi Dərnəyinin rəhbəri Sərdar Ünsal mövzu ilə bağlı fikirlərini AZƏRTAC-a bölüşərək deyib ki, Ermənistan hökuməti tərəfindən istismar müddəti 2026-cı ilədək uzadılan Metsamor AES hətta aşağı dərəcəli zəlzələlərə qarşı dayanıqlı deyil. 1988-ci ildə baş vermiş Spitak zəlzələsindən sonra dəfələrlə qəzalı vəziyyətə düşən Metsamor heç bir texniki standarta uyğun olmadan fəaliyyət göstərir. Türkiyənin şərq bölgəsində xərçəng xəstəliyinin sürətlə artmasının səbəbi Metsamor AES-in zəhərli radioaktiv tullantılarıdır. Baş verəcək zəlzələ və yaxud texniki qəza regionda ekoloji fəlakət yaradacaq. Avropa İttifaqı təcili olaraq Metsamor AES-in fəaliyyətinin dayandırılması və zərərsizləşdirilməsi üçün Ermənistana təzyiq etməlidir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara