23 Dekabr 2024, Bazar ertəsi

Xəyanətkarlıqları, qorxaqlıqları və xəstə təxəyyüllərindən doğan dəhşətli əməlləri ilə özlərini ifşa edən ermənilər heç vaxt döyüş meydanında azərbaycanlılara qalib gələ bilməyiblər. Onlar həmişə ya havadarlarından dəstək alıb, ya da real hakimiyyətsizliyi, anarxiyanı, xaosu fürsət bilərək torpaqlarımızı işğal ediblər. Xocavənd rayonu da məhz bu yolla, 1992-ci il oktyabr ayının 2-də Ermənistan silahlı birləşmələri və onların havadarları tərəfindən işğal olunub.

Xocavəndlilər dörd il ərzində ermənilərə qarşı inadlı müqavimət göstərib, bu torpaqların hər qarışı uğrunda qanlar tökülüb, şəhidlər verilib. Düşmənlə qeyri-bərabər döyüşlərdə rayonun uşaqlı­-qadınlı, cavanlı-qocalı bütün sakinləri qəhrəmanlıqla iştirak ediblər. Xocavənd rayonunun təkcə Qaradağlı kəndi 4 ay tam mühasirə şəraitində qalıb, ancaq düşmənə təslim olmayıb. 800 nəfər sakini olan kənddə 91-i şəhid olub. Xocavəndlilər öz ata-baba yurdlarının müdafiəsi uğrunda 145 şəhid veriblər.
İşğal nəticəsində rayonun azərbaycanlılar yaşayan 10 kəndində 1723 yaşayış evi yandırılaraq əmlakları talan edilib, 47 sənaye, 144 kənd təsərrüfatı obyekti dağıdılıb. Erməni vandalları tərəfindən 17 təhsil müəssisəsi, 4 məktəbəqədər tərbiyə ocağı, 32 səhiyyə müəssisəsi, 59 mədəniyyət obyekti, 10 tarixi abidə məhv edilib. Rayonun infrastrukturuna aid olan 12 rabitə qovşağı, 341 kilometr avtomobil yolları, 32 körpü, 42 su anbarı və 316 kilometr su kəməri xətti dağıdılıb, talan edilərək yararsız hala salınıb. İşğal nəticəsində vurulmuş maddi, mənəvi ziyanla bərabər, rayonun bitki və meşə örtüyünə də böyük miqdarda zərər dəyib. Belə ki, rayonun 1202 hektar meşə sahəsindəki qiymətli ağac növləri qırılaraq məhv edilib.
1994-cü il aprelin 10-da Azərbaycan xalqının böyük oğlu, ümummilli lider Heydər Əliyev Xocavənd rayonu ərazisində cəbhə xəttinə səfəri zamanı Xocavənd taborunun döyüşçüləri ilə səmimi görüşüb, igid Vətən oğullarına öz təşəkkürünü bildirib, bir neçə cəsur döyüşçünü isə Vətənin yüksək mükafatı ilə təltif edib. Bu görüşdən ruhlanan əsgərlərimizin böyük şücaət və qəhrəmanlıqları sayəsində Xocavənd rayonunun – Dağlıq Qarabağın 14 min hektar ərazisi düşməndən azad edilib. Hazırda həmin ərazilər ordumuzun nəzarəti altındadır və rayon sakinləri orada gündəlik təsərrüfat işləri ilə məşğul olurlar.
Qeyd edək ki, rayonun ərazisi 1458 kvadratkilometr, əhalisi 42 min 120 nəfər, o cümlədən azərbaycanlılar 10 min 994 nəfər olub. Rayonun inzibati ərazisində bir şəhər, 2 qəsəbə və 81 kənd mövcud idi ki, onlardan da 10-da azərbaycanlılar yaşayıb. Xocavənd rayonu Ağdam, Ağcabədi, Füzuli, Cəbrayıl, Qubadlı, Laçın və Xocalı rayonları ilə həmsərhəddir. İqtisadiyyatında üzümçülük, heyvandarlıq, quşçuluq və bostançılıq üstünlük təşkil edib. Ancaq daha çox rayon üzümü və yaşıl mərməri ilə məşhur olub. Füsunkar təbiəti ilə fərqlənən Ziyarət, Kirs və Ərgünəş yaylaqları Kiçik Qafqazın əsrarəngiz təbiət gözəlliklərini özündə əks etdirir. Ərazisindəki Bağırxan, Qırmızı Bazar, Mədə bulağı, Baba bulağı kimi istirahət zonaları min bir dərdin dərmanı idi.
Bəşər sivilizasiyasının beşiklərindən biri olan Xocavənd bölgəsi antik, orta əsrlər, yeni və müasir dövr maddi mədəniyyət nümunələri və tarixi abidələrlə zəngindir. Bu bölgədə ilk insanların yaşadıqları mağaralara, qədim yaşayış yerlərinə, erkən şəhər mədəniyyəti qalıqlarına, möhtəşəm qala divarlarına, müxtəlif dövrlərdə inşa edilmiş türbələrə, Naxçıvanda da geniş yayılmış daş qoç heykəllərə, ümumiyyətlə, nadir mədəniyyət nümunələrinə hər yerdə rast gəlinib. Xocavənd ərazisində 72 dünya və respublika əhəmiyyətli tarixi­-memarlıq və mədəniyyət abidələri var. Bunlar Azərbaycan xalqının tarixini, mədəniyyətini, adət-ənənələrini göstərən abidələrdir.
Gündən-günə güclənən ordumuz, qazanılan Aprel və Günnüt zəfərləri xocavəndlilərdə böyük inam yaradır. Onlar əmindirlər ki, tezliklə xalqımız və dövlətimiz doğma yurdlarımızı, şəhidlərimizin uğrunda vuruşduqları müqəddəs torpaqlarımızı düşmən işğalından azad edəcək. O zaman işğal tarixlərini deyil, qələbəmizin ildönümlərini doğma Qarabağda qeyd edəcəyik. Çünki ölkəmizin apardığı uğurlu xarici siyasət nəticəsində Ermənistan qlobal əhəmiyyətə malik bütün layihələrdən təcrid edilib, bu və digər səbəblərdən iqtisadiyyatı iflasa məruz qalıb, burada faktiki hakimiyyətsizlik yaranmağa başlayıb. Ölkəmiz isə, əksinə, bütün istiqamətlər üzrə daha da güclənib. Bu gün Azərbaycan artıq diktə edən tərəf, söz sahibidir və bundan sonra mövqeyimiz daha da möhkəmlənəcəkdir. Bu gün təkcə Əlahiddə Ümumqoşun Ordunun düşməni lərzəyə salan qüdrəti, onun strateji yüksəkliklərə tam nəzarəti, istənilən hərbi hədəfi darmadağın etmək gücünə malik olması onu göstərir ki, biz Böyük Qələbənin astanasındayıq.

 Rauf KƏNGƏRLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR