XIV Beynəlxalq Böyük Türk Qurultayı maraqlı və yaddaqalan oldu. Qurultayın Bakıda təşkil olunması xüsusi məna kəsb edir. Bu gün Azərbaycan kimi qüdrətli və özünün misilsiz inkişaf dövrünü yaşayan qardaş ölkədə olmaqdan çox məmnunuq.
Bu fikirləri XIV Beynəlxalq Böyük Türk Qurultayının Təşkilat Komitəsinin rəhbəri, Bilkənd Universitetinin bölgə ölkələri kurs proqramlarının direktoru Rasim Özyürək AZƏRTAC-a müsahibəsində söyləyib.
“İki gün davam edən tədbirə 120 elm adamı qatılmışdı. Burada azərbaycanlı müəllim və tələbələri, bir sözlə, türk dilini sevən insanları görmək çox xoş idi. Biz Bakıda böyük coşqu və həyəcanın şahidi olduq. Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq, Həmrəylik Vəqfi və Yunus Əmrə İnstitutunun birgə əməkdaşlığı ilə gerçəkləşən qurultayda bir çox mövzular müzakirə olundu, ortaq dilimizə, mədəniyyətimizə sahib çıxmağın, onu yad təsirlərdən qorumağın yolları barədə dəyərli fikirlər səsləndi”, - deyə təşkilat komitəsinin rəhbəri bildirib.
Azərbaycanın bugünkü uğurlarından, bir dövlət kimi inkişaf etməsindən də danışan R.Özyürək bütün bu nailiyyətlərin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu xüsusi vurğulayıb.