23 Dekabr 2024, Bazar ertəsi

Şənbə günü doğma şəhərimizdə əsl bayram ab-havası hiss olunur, insanlar “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə tələsirlər. Artıq səhər saatlarından başlayaraq həmin ünvana insan kütləsi axışır. Biz də yolumuzu məhz bu qədim tarixi abidədən, festivala ev sahibliyi edən ünvandan salırıq. Yol boyu yanından ötüb keçdiyimiz insanların çöhrəsində təbəssüm duyulur. Naxçıvanqalada öyrənirik ki, festivala muxtar respublikanın bölgələrindən arıçılıq məhsulları və bal  çıxarılıb. Bölgələr sıra ilə düzülüb, bununla bağlı tanıtım lövhələri yerləşdirilib.

Festivalda sıra ilə düzülmüş, bənzərsizliyi və özünəməxsusluğu ilə seçilən pavilyonlardan diqqətimizi ilk olaraq Babək rayonuna aid olan diqqətimizi çəkir. Piştaxtalarda xüsusi zövqlə qablaşdırılan arıçılıq məhsullarından süzmə və şan ballar, çiçək tozu, arı südü, mum, vərəmum görmək olurdu. Öyrənirik ki, festivalda Babək rayonundan 50 arıçı iştirak edir. Onlardan biri, yaşı 60-ı adlamış Hüseyn Orucov15 ilə yaxındır bu təsərrüfat növü ilə məşğul olur. Təsərrüfatında 35 arı ailəsi saxlayan arıçı bir neçə ildir ki, bu məhsul bayramında iştirak edir. Bu barədə dediklərindən:

15 il bundan öncə təsərrüfat quranda belə yüksək nəticə əldə edəcəyim ağlıma gəlməzdi. Etiraf edim ki, ilk vaxtlar məhsul az olduğundan həvəsdən düşərdim. Lakin 2016-cı ildən etibarən bu işə marağım xeyli artdı. Belə ki, həmin il keçirilən festivala çıxardığım məhsulları sərfəli qiymətə satdım, burada dövlətimizin arıçılar üçün yaratdığı böyük imkanın şahidi oldum. Elə o zamandan yaxşı məhsul istehsal edərək festivala çıxarıram. Sevindirici haldır ki, bir neçə saat ərzində istehsal etdiyim məhsulları sərfəli qiymətə satıb yaxşı qazanc əldə etmişəm. Dövlətimizin yaratdığı imkanlardan bəhrələnib növbəti festivallara daha artıq məhsul çıxarmağa çalışacağam. Belə gözəl şəraiti yaratdığına görə bütün arıçılar adından dövlətimizə minnətdarlıq edirəm.

Pavilyonların qarşısından keçərkən geniş alıcı kütləsinin toplaşdığı Ordubad rayonunun piştaxtaları da diqqətimizdən kənarda qalmır. Burada məhsul seçimi edən iki nəfərə yaxınlaşıb həmsöhbət oluruq. Onlardan Bakı şəhərində yaşayan Azər Səfərov deyir ki, Şərur rayonunun İbadulla kəndində dünyaya göz açıb bu torpağın nemətləri ilə böyümüşəm. 30 ilə yaxındır Bakı şəhərində yaşasam da dədə-baba yurdum olan Naxçıvana da tez-tez gəlirəm. Rəhmətlik anam Pakizə xanım Naxçıvan balını çox xoşlayar, bizə də alıb yollayardı. Artıq bir neçə ildir ki, Naxçıvan balını burada yaşayan qohumlarımız vasitəsilə əldə edirik. Bu il ailəliklə doğma diyarımıza gəldik və bu məhsul bayramında iştirakımız ürəyimizcə oldu. Festivalda çeşid bolluğu ilə qarşılaşdıq, keyfiyyətli məhsul edə bildik. Gördüyünüz bu pavilyondan 4 banka süzmə bal aldım. İkisi özümüzündür, digərlərini Bakıda yaşayan qohumlarımıza aparacıyıq. Bakıda hər kəs Naxçıvan balını bəyənir, onun dadından doymaq olmur. Ağız dadı ilə yediyimiz, dərdlərin dərmanı sayılan bu bal sayəsində çox xəstəliklərdən şəfa tapa bilirik. Fikrimcə belə festivalların təşkili dövlətimizin biz insanların sağlam yaşayışına  verdiyi ən böyük dəyərdir.  

Festivalda iştirak edənlər arasında olan Amerika vətəndaşları Jak Mormon və Nancy Mormonun təəssüratlarını öyrənirik. Ailənin başçısı Jak Mormonun dediklərindən: Naxçıvana səfərimizin bal festivalına təsadüf etməsinə çox sevindik. Festival çox möhtəşəm keçirilir. Burada olan musiqilər məni valeh etdi. Bir sözlə insanlarda olan ruh yüksəkliyi, adət-ənənələrə bağlılıq, milli dəyərlərə ehtiram çox yüksək səviyyədədir. Naxçıvan balından da daddıq. Sözün əsl mənasında bu balı yeyərkən insan çiçəklərin tamını hiss edir və elə bu təbiiliyinə və keyfiyyətlinə  görə, qiymətlərin də münasib olmağından istifadə edərək buradan özümüz üçün bal almışıq. Onu da qeyd edim ki, muxtar respublikaya ilk gəlişimizdir. Naxçıvanda turistlərin səfəri üçün çox maraqlı yerlər vardır. Burada üç gün müddətində qalacaq, gəzməli-görməli yerləri ilə tanış olacağıq. Naxçıvan çox təmiz, abad və sakit şəhərdir. İnsanları gülərüz və mehribandır. Təbiəti xüsusilə gözəl olan muxtar respublikada olduğumuz müddətdə bütün yerlərini görmək fikrimiz var. Bu qədim diyarda artıq bir neçə yerdə olmuşuq. Duzdağ Fizioterapiya Mərkəzi ilə tanış olduq. Biz dünyanın bir çox ölkələrində gəzintilərdə olmağımıza baxmayaraq belə bir yerə rast gəlməmişdik. Duzdağ möcüzəvi yer olması ilə bərabər həm də şəfa mənbəyidir. Bundan əlavə, Naxçıvan şəhərindəki muzeylərlə də tanış olmuşuq. Bir sözlə buranın təbiəti, suyu, havası, insanları bizi valeh etdi. Yerli təbii və keyfiyyətli məhsulların festivallarının keçirilməsi isə gözəl ənənədir.  Naxçıvana səfərimiz bizim üçün çox xoş təcrübədir.

Kəngərli rayon sakini Yusif  Səmədov 100 arı ailəsinə qulluq edir, festivala 200 kiloqram bal və arıçılıq məhsulları gətirib. O, dövlətimizə yarıdılan şəraitə görə minnətdarlıq edir və deyir ki, arıçılığın əhəmiyyəti təkcə qiymətli məhsulların istehsalı ilə bitmir, eyni zamanda əhalinin məşğulluğunun, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılmasında və toxumların keyfiyyətinin yüksəldilməsində xüsusi rol oynayır. Arıçılıq kənd təsərrüfatının ən maraqlı, gəlirgətirən, qida və müalicəvi baxımdan xeyirli təsərrüfat sahələrdən biridir. Digər təsərrüfat sahələri ilə müqayisədə arı təsərrüfatının yaradılmasına lazım olan xərc az, qoyulmuş xərcin qaytarılma müddəti qısa, təsərrüfatın inkişaf imkanları daha genişdir. Saxlanma şərtləri və istifadə müddəti olmayan, 40-dan çox növü, çoxlu sayda mineral və vitaminlərlə zəngin olan, saysız-hesabsız müalicəvi xassələri özündə daşıyan qida  məhsulu  bal əvəzsiz bir nemətdir. Dədə-babadan qədim yurdumuzda arıçılıqla məşğul olanlar çox olub. Naxçıvan balı adla deyilib “Arıçılıq  məhsulları-bal festivalı”nda iştirak edən arıçılar hasilə  gətirdikləri   balın   dadına, görünüşünə  və başqa keyfiyyət göstəricilərinə görə həmişə yüksək qiymətləndiriliblər. Bu gün dördüncü dəfə keçirilən festivalda yenidən olmağımdan çox məmnunam.  Ali Məclis Sədrinin şəxsən bu festivalda iştirak etməyi bizim işimizdən dördəlli yapışmağımıza sitimul olur.

Gürcüstan respublikasının  vətəndaşı David Şvamidze ilə Şərur rayonun Günnüt kəndindən gətirilən balın dadına baxanda həmsöhbət oluruq. Onun dedikləri:  Qafqazın ən gözəl yerlərindən birində Naxçıvanda olmaqdan çox məmnunam. Burada tarixi bir qalanın divarları arasında bu gözəl festival  insana zövq verir. Tarix və müasirlik, milli dəyərlər və keçmişinə hörmət, təmizlik və sabitlik deyəndə həmişə Naxçıvanı xatırlayacam. Burada insanlar o qədər səmimi və qonaqpərvərdilər ki, hamı məni öz stendinə dəvət edir və balın dadına baxmağımı istəyir. Çox dadlı, parlaq rəngli balınız var. Bizdə ağac balı da olur. Amma bu gün burada daddığım balın dadı tamamilə fərqli idi. Qonaq olduğumu biləndən sonra mənə öz məhsullarından hədiyyə edənlər də oldu. Naxçıvan haqqında nə qədər tərif desəm azdır. Çünki yaşamağa dəyər bir yerdi bura.

Qeyd edək ki, bu gün başlayan  “Arıçılıq  məhsulları-bal” festivalı  iki gün davam edəcək. Sonda ən keyfiyyətli məhsul sahibləri mükafatlandırılacaqlar. 

Nail Əsgərov

Ramiyyə Əkbərova

Pərviz Hacılı

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR