22 Dekabr 2024, Bazar

Avqustun 11-də muxtar respublikadakı bütün hərbi hissələrdə gənc əsgərlərin andiçmə mərasimləri keçirilib. Culfa rayonundakı “N” hərbi hissədə andiçmə mərasimindən əvvəl hərbi hissənin döyüş bayrağı sıra meydanına gətirilib, Dövlət himni səsləndirilib.
Mərasimi giriş sözü ilə hərbi hissənin komandiri, polkovnik-leytenant İdris Məhərrəmov açaraq təlim müddətində gənc əsgərlərlə atəş hazırlığı, taktiki hazırlıq, müxtəlif atıcı silahlardan istifadə qaydalarının öyrədilməsi məqsədilə müntəzəm iş aparıldığını bildirib. Gənc əsgərləri ordu sıralarına daxil olmaları münasibətilə təbrik edən hərbi hissə komandiri onlara Vətənin keşiyində mətin dayanmağı və hərbi sirlərə mükəmməl yiyələnməyi arzulayıb.
Andiçmə mərasimində bölüklər şəklində tribunanın önündə düzülən gənc əsgərlər əllərini silahın üzərinə qoyaraq son damla qanlarına qədər Vətəni qoruyacaqlarına and içiblər.
Gənc əsgərləri Vətənə sədaqət andı içmələri münasibətilə təbrik edən və Azərbaycan Ordusunun inkişafından bəhs edən Naxçıvan Qarnizonunun zabiti, polkovnik-leytenant Mirqiyas Rüstəm­ov 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra Milli Ordumuzun inkişaf etdiyini, müasirləşdiyini və gücləndiyini vurğulayıb. Bildirib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ordu quruculuğuna xüsusi diqqəti sayəsində bu gün Azərbaycanın dövlət büdcəsindən orduya ayrılan xərclər Ermənistanın dövlət büdcəsinə bərabərdir. İstər maddi təchizatına, istər silahlarının müasirliyinə, istərsə də canlı qüvvə potensialına görə bu gün Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusudur. Silahlı Qüvvələrimizin muxtar respublika ərazisindəki hərbi hissələrinin maddi-texniki bazasının, əsgərlərin döyüş hazırlığının yüksəldilməsinin nəticəsidir ki, Naxçıvan özünü istənilən hücumdan tam şəkildə müdafiə etməyə qadirdir.
Sonda yenicə Vətənə sədaqət andı içən gənc əsgərlər hərbi orkestrin sədaları altında təntənəli şəkildə tribuna önündən keçiblər. Əsgər valideynlərinin və ictimaiyyətin nümayəndələrinin də iştirak etdiyi mərasim Azərbaycan Respublikasının Dövlət himninin oxunması ilə başa çatıb.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR