23 Dekabr 2024, Bazar ertəsi

Sizə belə bir sual versəm:

Dağlarını bulud qucan,
Daşlarından kəklik uçan,
Tarlaları ətir saçan
Hansı məkandır?

Getməyən bilməz əlbəttə. O cahana naxış kimi işlənən qədim Türk yurdu Naxçıvandır. Bunu sözlərlə izah etmək yetməz, getmək, gəzmək, görmək lazımdır…
Sovetlər Birliyinin dağılmasından sonra, ilk dəfə 1994-cü ildə Naxçıvana getmişdim. Gördüyüm mənzərə keçid dönəmində olan bir ölkə üçün normal olsa da, qardaş ölkə xalqının sıxıntı içində yaşaması qəlbimi sızladırdı. İllər sonra, 2010-cu ildə yenidən Naxçıvana gəldiyimdə gördüyüm inkişafdan çox məmnun qaldım. O gün gördüklərimi Türkiyəyə qayıdanda “Naxçıvan möcüzəsi və düşündürdükləri” adlı məqalə ilə ictimaiyyətlə bölüşdüm. Aradan 10 il keçdi. Bu yaxınlarda ailəmlə birlikdə yenidən qədim diyar Naxçıvanı ziyarət etdik. Bu səyahətdə Naxçıvan şəhərinin son bir neçə ildə inanılmaz şəkildə dəyişməsi diqqətimi çəkdi. Dilucu sərhəd qapısından Naxçıvana keçdiyinizdə mərkəzə 80 kilometrlik bir məsafə var. Bu məsafənin hər qarışı ağaclarla, çiçəklərlə bəzədilib. Eyni sistemi muxtar respublikanın digər bölgələrinə səyahət edərkən də görürük. Parklar, qəbiristanlıqlar, rəsmi qurumlar və məktəblərin baxçalarının seyrinə doymaq olmur. Naxçıvanın havası kimi hər yeri tərtəmiz və gözəldir. Ağaca, təbiətə qarşı sevgi və qayğı necə göstərilməlidir? – bunu görmək istəyənlər Naxçıvana gəlsin.
Şəhərin mərkəzinə yaxın yerləşən “Saat Meydanı” çox geniş və fərahdır. Onu əhatə edən sosial obyektlər isə müasir üslubda inşa edilib. Xüsusilə “Saat Meydanı” türk memarlıq sənətinin möhtəşəm bir nümunəsidir.

Şəhərdə nəqliyyat fasiləsiz və nizamla işləyir. Prospekt, küçə və səkilərdə nəqliyyat vasitələri nizamlı şəkildə park edilib. Qovşaqlarda işıqforlar, digər yerlərdə piyada keçidləri mövcuddur və sürücülər yol qaydalarına ciddi şəkildə əməl edirlər. Bütün nəqliyyat vasitələri piyadanı gözləyir, yol verir. Taksilər çox təmiz, sürücülər isə səliqəli formadadırlar.
Muzeylər 10 il əvvəllə müqayisədə xeyli zənginləşdirilib. Xüsusilə Türk dünyasının görkəmli siyasi xadimi Heydər Əliyevin adını daşıyan muzey çox təsirli və diqqətçəkicidir.
Naxçıvan təhsil və səhiyyə sahəsində də böyük uğurlar əldə edib. Orada olanda məktəblər yeni dərs ilinə başladı və biz 5 nömrəli tam orta məktəbin açılış mərasimini izlədik. Müəllimlərin hamısı şagirdlər kimi rəsmi geyimdə idilər. Məktəbin bağı və içi tərtəmiz, insanın ruhuna fərahlıq verirdi. Məktəbin açılışına valideynlərin çiçəklərlə gəlməsi insanların təhsilə verdiyi önəmin göstəricisi idi.
Muxtar respublikada fəaliyyət göstərən xəstəxanalar müasir cihazlarla təchiz olunub. Bizdə olduğu kimi bütün bölmələr eyni binaya yerləşdirilməyib, fərqli bölmələr üçün xüsusi binalar inşa edilib. Mən deyərdim ki, istənilən sahədə bilik və təcrübələrini artırmaq, “Urbanizasiya nədir, müasir bir şəhər necə qurular?” sualına cavab tapmaq istəyənlər xarici ölkələrə yox, məhz Naxçıvana gəlməlidirlər.
Burada milli dəyərlərə hörmətlə yanaşılır. İş yerlərinə xarici yox, məhz milli dildə adlar verilib. Türkiyədə olduğu kimi tanıtım lövhə çirkliliyini Naxçıvanda görə bilməzsiniz. Binaların girişində kiçik və estetik lövhələr sizi gedəcəyiniz nöqtəyə istiqamətləndirir. Naxçıvanı təkcə gündüz görmək kifayət deyil, şəhəri bir də gecə gəzməyinizi tövsiyə edirəm. Hər biri bir sənət əsəri binalar göz zövqünüzə xitab edəcək şəkildə işıqlandırılıb. Tarixi Avropa şəhərləri belə, Naxçıvanın yanında zəif qalır.
Biz səyahətimiz boyunca muxtar respublikanın digər bölgələrinə də getdik, Şahbuzda olduq. Bu bölgə turizm üçün əlverişli məkanlardan biridir. Xüsusilə Batabat yüksəklikdə yerləşdiyinə görə yaylaq turizmi üçün olduqca əlverişlidir. Fikrimcə, gələcəkdə bölgədə, xüsusən də Batabat gölünün ətrafında turizm obyektlərinin tikilməsi bu bölgəni daha diqqətçəkən edəcək. Digər tərəfdən Naxçıvan bölgənin meyvə-tərəvəzinin istehsal olunduğu əsas məkandır, burada yetişdirilən məhsullar tamamilə təbiidir. Naxçıvanın Türkiyədəki turizm şirkətləri ilə möhkəm əməkdaşlıq əlaqələri qurması da gələcəkdə bu bölgəni ölkə turizminin əsas məkanına çevirə bilər.
Sonda gördüklərimdən belə bir nəticəyə gəldim ki, Naxçıvanın blokada şəraitində olmasına baxmayaraq, günü-gündən inkişaf etməsi təqdirəlayiqdir. Türkiyə kimi dostuna qürur, düşmənlərinə isə gözdağıdır.
Fürsətdən istifadə edərək Naxçıvan Muxtar Respublikasının inkişafında göstərdiyi xidmətlərə görə Ali Məclisin Sədri cənab Vasif Talıbovu təbrik edir, ona minnətdarlığımı bildirirəm.

Səttar Kaya
Türkiyənin “İYİ” Partiyasının Qars Vilayəti üzrə keçmiş sədri,Qars Bələdiyyə sədrliyinə namizəd
gazetekars.com
24 sentyabr 2019-cu il

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR