Türkiyə Respublikasının Van şəhərində ənənəvi olaraq keçirilən “10-cu Van Şərqi Anadolu Beynəlxalq Turizm və Səyahət Sərgisi”nə start verilmişdir.
16 ölkənin təmsil olunduğu sərgidə ölkəmizi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, Beynəxalq Diaspor Mərkəzinin və Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin dəstəyi ilə bir qrup nümayəndə heyəti təmsil edir. Sərgidə 52 kvadrat metrlik sahədə “Naxçıvan Muxtar Respublikası” stendi qurulmuşdur. Stenddə Naxçıvan Muxtar Respublikasında yerləşən tarix-mədəniyyət abidələrinin böyük ölçülü fotoşəkilləri nümayiş etdirilir. Quraşdırılmış monitor vasitəsilə Naxçıvan Muxtar Respublikasının turizm potensialı ilə bağlı videoçarxlar sərgi iştirakçılarına nümayiş etdirilir. Həmçinin Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən hazırlanmış Naxçıvan-Qarabağlar, Naxçıvan-Əshabi Kəhf, Naxçıvan-Əlincəqala, Naxçıvan-Ordubad, Naxçıvan-Ağbulaq Kənd Turizm İstirahət Bölgəsi, Naxçıvan-Gülüstan, Naxçıvan-Duzdağ turist marşrutlarının bukletləri və Naxçıvan Muxtar Respublikasının turist xəritəsi sərgi iştirakçılarına təqdim olunur. Sirab, Badamlı, duz və digər Naxçıvan brendi məhsullar beynəlxalq sərgidə nümayiş etdirilir. Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin əməkdaşları tərəfindən sərgi iştirakçılarına Naxçıvan Muxtar Respublikasının turizm potensialı barədə ingilis və türk dillərində məlumatlar verilir.
29 sentyabr 2019-cu il tarixədək davam edəcək sərgidə “Naxçıvan Muxtar Respublikası” stendinə turistlərin marağı böyükdür.
Xəbərlər şöbəsi