Azərbaycan Respublikasının Prezidentinin şəxsi təşəbbüsü ilə Azərbaycan Gənclər Fondunun sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı gənclərin təhsil xərclərinin maliyyələşdirilməsi üzrə növbəti müsabiqəyə yekun vurulub.
Bu münasibətlə universitetdə keçirilən tədbirdə rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxış edərək Azərbaycanda və muxtar respublikada uğurla həyata keçirilən gənclər siyasətindən danışıb. Rektor keçirilən bu müsabiqənin yeni təhsil ilində ödənişli əsaslarla oxuyan gənclərə böyük dəstək olduğunu bildirib.
Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev qeyd edib ki, ölkəmizdə və muxtar respublikada gənclər siyasəti bu gün uğurla reallaşdırılır. Göstərilən diqqət və qayğının nəticəsində gənclər yeni-yeni nailiyyətlər əldə edir. Diqqətə çatdırılıb ki, yaradılan şərait, həyata keçirilən məqsədyönlü tədbirlər bizi həvəslə, inamla, işimizə daha ciddi və məsuliyyətlə yanaşmağa sövq edir.
Azərbaycan Gənclər Fondunun Gənclərlə iş şöbəsinin müdiri Orxan Ərəbov vurğulayıb ki, həyata keçirilən tədbirlərin əsas məqsədi tələbələri sosial qayğılardan azad edib, təhsilə, elmə daha da həvəsləndirməkdir. Bildirilib ki, nəzərdə tutulan maliyyələşmə 2018-2019-cu və 2019-2020-ci tədris ili üçün müəyyənləşdirilib. Ötən il ölkənin 31 ali dövlət təhsil müəssisəsində təhsil alan 237 tələbənin təhsil haqqı borcları müsabiqə əsasında Gənclər Fondu tərəfindən qarşılanıb.
Diqqətə çatdırılıb ki, müsabiqə zamanı tələbələrin davamiyyəti və təhsil göstəriciləri də əsas götürülüb. Bu il keçirilmiş müsabiqə zamanı, ümumilikdə, 1151 tələbə onlayn qaydada fondun internet səhifəsi vasitəsilə müsabiqəyə sənəd təqdim edib. Nəticələrə əsasən ali və orta-ixtisas təhsili alan 425 gəncin təhsil haqqı xərcləri Gənclər Fondu tərəfindən qarşılanacaq ki, bunun da 11 faizi Naxçıvan Muxtar Respublikasının payına düşür.
Ödənişdən azad edilən tələbələrdən Naxçıvan Müəllimlər İnstitutunun Bilogiya ixtisasının tələbəsi Aysu Hətəmova göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edib.
Sonda iki tələbə müqavilə sənədlərini imzalayıb. Qeyd edək ki, ölkəmizdə keçiriləcək bu tədbirlərin ilki məhz muxtar respublikada baş tutub.
Səadət ƏLİYEVA