23 Dekabr 2024, Bazar ertəsi

 

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Amerika Birləşmiş Ştatlarının Ticarət Departamentinin Kommersiya Hüququnun İnkişafı Proqramının (CLDP) nümayəndəsi xanım Arzu Yazd və ABŞ-ın Azərbaycandakı səfirliyinin iqtisadiyyat şöbəsinin müdiri Castin Berqlə görüşüb.

 

Əqli Mülkiyyət Agentliyindən AZƏRTAC-a bildirilib ki, K.İmanov amerikalı qonaqlara ötən illər ərzində CLDP-nin Agentlik ilə əməkdaşlığı çərçivəsində təşkil edilən bir sıra tədbirləri xatırladıb. Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri son dövrlər ABŞ nümayəndələri ilə görüşlərin ənənəyə çevrildiyini, bu ənənənin ən əlverişli məqamının isə yaranan problemləri müzakirə etməkdən və onların həllini tapmaqdan ibarət olduğunu vurğulayıb. O, üç ay öncə C.Berq ilə görüşü zamanı müzakirə edilən məsələlərin həll olunması istiqamətində Azərbaycan hökuməti tərəfindən atılmış addımlar haqqında məlumat verərək, əqli mülkiyyət hüquqlarının təminatı sahəsində Agentliyin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə sıx əməkdaşlıqda fəaliyyət göstərdiyini, ABŞ-ın “Microsoft” şirkətinin proqram təminatı məhsullarının qorunması üçün artıq bir sıra işlərin görüldüyünü və hazırda “Oracle” şirkəti ilə bu sahədə müzakirələrin aparıldığını bildirib.

Agentliyin rəhbəri ABŞ-ın əqli mülkiyyət sahəsində dünyada qabaqcıl təcrübəyə malik mütəxəssisləri ilə ölkəmizdə təcrübə mübadiləsinin aparılmasının, xüsusilə də hakimlər üçün təlimlərin keçirilməsinin əhəmiyyətli olduğunu və bu sahədə əməkdaşlığın genişləndirilməsinə müsbət baxdığını diqqətə çatdırıb.

Qəbul üçün təşəkkürünü bildirən xanım A.Yazd Əqli Mülkiyyət Agentliyi ilə əməkdaşlığı yüksək qiymətləndirib. O, yaxın günlərdə hakimlər üçün təlimlərin keçiriləcəyini, bundan əlavə, Azərbaycanda informasiya texnologiyaları sahəsinin inkişaf etdiyini və bu baxımdan CLDP tərəfindən müəlliflik hüququnun qorunması, lisenziya müqavilələrinin hazırlanması üzrə ölkəmizdə yeni təlimlərin keçirilməsinə hazır olduqlarını, bu sahədə ABŞ-ın Patent və Əmtəə Nişanları İdarəsi (USPTO) ilə birlikdə fəaliyyət göstərəcəklərini diqqətə çatdırıb.

C.Berq öncəki görüşdə bəzi narahatçılıq doğuran problemlərin müzakirə olunduğunu diqqətə çatdıraraq budəfəki görüşdə isə həmin məsələlərin həllindən irəli gələn uğurların müzakirəsi üçün əlverişli imkan yarandığını, ölkəmizdə qısa müddətdə əqli mülkiyyət hüquqlarının təminatı sahəsində irəliləyişlərin hiss olunduğunu vurğulayıb. O, səmimi qəbul və müzakirə üçün təşəkkürünü bildirib və Agentliyin bu istiqamətdə müsbət işini nəzərə alaraq növbəti görüşdə “Procter & Gamble” şirkətinin üzləşdiyi problemlərin müzakirəsini təklif edib.

K.İmanov əqli mülkiyyət hüquqlarının qorunması sahəsində baş verən bütün problemlərin qarşılıqlı müzakirəsinə hər zaman açıq olduğunu və əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə hazır olduğunu bildirib. O, gələcək əməkdaşlıq prioritetləri sırasında hüquqların təminatı, patent axtarış bazalarının genişləndirilməsi, ekspertiza müddətlərinin azaldılması, müəlliflik hüququnun qeydiyyat sisteminin prosedurları və bu qeydiyyatın məhkəmə işlərinin baxılmasında əhəmiyyəti sahəsində ABŞ təcrübəsinin öyrənilməsinin zəruriliyini qeyd edib.

Agentliyin rəhbəri CLDP tərəfindən Azərbaycanda həyata keçirilən təlimləri dəstəklədiyini və gələcəkdə yaradılacaq kommersiya məhkəmələrinin hakimləri üçün də əqli mülkiyyət hüquqlarının qorunması, lisenziya müqavilələrinin hazırlanması və digər sahələr üzrə təlimlərin keçirilməsinin daha müsbət nəticələrinin olacağını vurğulayıb.

Görüşdə CLDP-nin regional platformasının yaradılması ətrafında da fikir mübadiləsi aparılıb.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR