Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində işə qəbul ilə əlaqədar vakant vəzifələrin tutulması üçün 1 avqust 2019-cu il tarixdə elan olunmuş müsabiqənin test imtahanları başlayıb.
İmtahanlarda zabit vəzifələrinin tutulması üçün “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq ilk zabit hərbi rütbəsi almış 35 yaşınadək həqiqi hərbi xidmət keçmiş şəxslər, mülki vəzifələrin tutulması üçün 35 yaşınadək ali təhsilli şəxslər müraciət edib.
Müsabiqəyə çıxarılmış 30 vakant vəzifənin tutulması üçün 83 namizəd sənəd təqdim edib. Zabit və müfəttiş vəzifələri üzrə test imtahanında hər bir namizədə, ümumilikdə, 100 test tapşırığı təqdim olunur. Test tapşırıqlarının yerinə yetirilməsi üçün 2 saat 30 dəqiqə vaxt verilir. Hər bir düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavablara təsir etmir. Test imtahanlarından 70 və daha çox bal yığan namizədlər keçid balını toplamış hesab edilir.
Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçi vəzifəsinin tutulması üçün hər bir namizədə, ümumilikdə, 100 test tapşırığı təqdim edilir. Test tapşırıqlarının 80 faizini (80 bal) düzgün cavablandırmış namizədlər keçid balını toplamış hesab olunur.
Onu da qeyd edək ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində işə qəbul ilk dəfə olaraq mərkəzləşdirilmiş qaydada müsabiqə və şəffaflıq əsasında, elektron proqram təminatı tətbiq olunmaqla test imtahanları vasitəsilə keçirilir.
İmtahanda Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları müşahidəçi kimi iştirak edirlər.
Test imtahanlarının nəticələri Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdirilir.
İmtahanlar 28 sentyabr 2019-cu il tarixədək davam edəcəkdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidməti