23 Dekabr 2024, Bazar ertəsi

Əhalinin siyahıya alınması mühüm dövlət tədbiridir və dövlətin vahid statistik metodologiyası əsasında həyata keçirilir. Həmin tədbir cəmiyyətdəki vəziyyət, onun iqtisadiyyatı, sosial sahəsi, mənəvi dəyərləri və sair haqqında mühakimə yürütməyə, müəyyən problemləri daha effektiv şəkildə həll etməyə imkan verir. Bu səbəbdən müntəzəm şəkildə aparılan əhali siyahıyaalmaları demokratik cəmiyyətin ən mühüm əlamətlərindən biri hesab olunur.

Ölkəmizdə keçiriləcək əhalinin növbəti siyahıya alınması ilə bağlı Şərur rayonunda görülən işlər barədə rayon Statistika İdarəsinin rəisi Ramiz Rəsulovla həmsöhbət olduq. O bildirdi ki, indiki və gələcək nəsillər üçün dayanıqlı inkişaf proqramlarının işlənib hazırlanması, insanların rifah halının yaxşılaşdırılması məqsədilə hazırkı siyahıya­almada aktiv iştirak əhəmiyyətlidir və biz də öz işimizi bu istiqamətdə quraraq bir sıra təşkilati tədbirləri yekunlaşdırmışıq.
Siyahıyaalmanın mühüm əhəmiyyət daşıdığını qeyd edən müsahibim bildirdi ki, BMT-nin tövsiyələrinə uyğun olaraq bu, ölkəmizdə hər 10 ildən bir keçirilir. Dövlət müstəqilliyi qazanıldıqdan sonra ölkəmizdə ilk dəfə 1999-cu, ikinci dəfə isə 2009-cu ildə əhalinin siyahıya alınması reallaşdırılıb. Növbəti siyahıyaalma Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıya alınmasının keçirilməsi haqqında” 2016-cı il sentyabrın 7-də imzaladığı Fərmana əsasən cari il oktyabr ayının 1-dən 10-dək ­keçiriləcəkdir.

Naxçıvan Muxtar Respublikasında əhalinin siyahıya alınmasını təşkil etmək məqsədilə 2016-cı il 26 dekabr tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən “Naxçıvan Muxtar Respublikasında əhalinin siyahıya alınmasına yardım komissiyasının yaradılması haqqında” Sərəncam imza­layıb və komissiyanın qərarına əsasən iş planı təsdiq edilib.
Ramiz Rəsulovun sözlərinə görə, rayonda 1 şəhər, 8 kənd olmaqla, 9 siyahıyaalma, 80 təlimatçı-nəzarətçi, 395 sayıcı məntəqəsi yaradılıb. İş planına əsasən Şərur Rayon İcra Hakimiyyətində əhalinin siyahıya alınmasına yardım komissiyası təşkil edilib, rayonun yaşayış məntəqələri üzrə sxematik plan və xəritələri hazırlanıb, evlərin, mənzillərin sayı və digər göstəricilər haqqında məlumatlar dəqiqləşdirilib. Həmin məlumatlar əsasında rayon üzrə təşkilati plan tərtib olunub. Plana əsasən şəhər üzrə siyahıyaalma məntəqəsinin, şəhər üzrə təlimatçı və sayıcı məntəqələrinin, kənd yerlərində siyahıya­alma məntəqələrinin təlimatçı və sayıcı məntəqələri üzrə tərkibləri müəyyənləşdirilib, siyahıyaalmanın rayonlaşdırılması da başa çatdırılıb. Yaşayış məntəqəsində yerləşən mehmanxananın, yataq­xananın, xəstəxanaların və əhalinin müvəqqəti toplaşdığı yerlərin sayı və başqa göstəriciləri hər bir inzibati ərazi vahidi üzrə müəyyənləşdirilib.
İdarə rəisi onu da bildirdi ki, bu prosesdə iştirak edəcək siyahıyaalma məntəqəsi müdirləri və müavinlər, eləcə də təlimatçı-nəzarətçilərlə görüşlərin keçirilməsi diqqət mərkəzində saxlanılır. Onların funksiyaları ilə bağlı söhbətlər aparılır. Bu yaxınlarda siyahıyaalma məntəqə müdirləri və müavinləri üçün təşkil olunan tədbirdə bu mühüm kampaniya ilə bağlı müxtəlif mövzularda söhbətlər aparılıb. Belə tədbirlər əhalinin siyahıya alınması başlananadək davam etdiriləcək. Bu isə rayonda siyahıyaalınmanın vaxtında və mütəşəkkil keçirilməsinə imkan verəcək.

 Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR