23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycanla Avstriya arasında daşınmaz əmlak idarəçiliyi sahəsində əməkdaşlıq genişlənir.

Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) AZƏRTAC-a bildirilib ki, Prezident İlham Əliyevin Azərbaycanla Avropa ölkələri arasında əməkdaşlığın uğurlu inkişafı və qarşılıqlı faydalı iqtisadi əlaqələrin genişləndirilməsi ilə bağlı həyata keçirdiyi siyasət bütün sahələrdə olduğu kimi, dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi, habelə kadastr və daşınmaz əmlak idarəçiliyinin inkişafında da əhəmiyyətli rol oynayıb. Sentyabrın 23-də Avstriyanın paytaxtı Vyanada Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndə heyəti ilə Avstriyanın Metrologiya və Mərzçəkmə Federal Qurumunun əməkdaşları arasında işgüzar görüş keçirilib.

Görüşdə daşınmaz əmlakın qeydiyyatı və kadastrı, mülkiyyət hüquqlarının reyestri və ünvanvermə işinin aparılması, eləcə də Milli Məkan Məlumatları İnformasiya Sisteminin yaradılması sahəsində Avstriya təcrübəsi ilə yaxından tanışlıq baş tutub.

Qabaqcıl beynəlxalq təcrübəyə əsaslanaraq elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçidlə bağlı ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlardan biri də Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli Fərmanına əsasən milli məkan məlumatlarının formalaşdırılması, müvafiq informasiya sisteminin yaradılması və onun Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyasının təmin edilməsidir. Bu baxımdan, ikitərəfli əməkdaşlıq çərçivəsində görüş zamanı Azərbaycanla Avstriyanın daşınmaz əmlakın kadastrı və coğrafi məlumat sistemlərinin günün tələblərinə uyğun olaraq təkmilləşdirilməsi məsələləri müzakirə edilib, milli məkan məlumatları infrastrukturunun formalaşdırılması istiqamətində geniş fikir mübadiləsi aparılıb.

Görüşdə son illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün sosial-iqtisadi sahələrində olduğu kimi, daşınmaz əmlak idarəçiliyində də əldə edilən nailiyyətlər və tətbiq edilən innovasiyalar qarşı tərəfi təmsil edən nümayəndə heyətinin nəzərinə çatdırılıb.

Komitə sədri Kərəm Həsənov bildirib ki, ölkə rəhbərliyi tərəfindən daşınmaz əmlak idarəçiliyi sahəsində həyata keçirilən islahatların nəticəsi olaraq beynəlxalq reytinq agentliklərinin hesabatlarında Azərbaycan sözügedən sahədə son illər ərzində aparıcı mövqe tutur. Bununla yanaşı, o, Azərbaycan Respublikasında əmlak idarəçiliyi sisteminin səmərəli, şəffaf və çevik şəkildə qurulduğunu və bu sahədə ölkə vətəndaşlarına 40-dan çox xidmətin elektron formada göstərildiyini qeyd edib.

Görüş çərçivəsində ikitərəfli əməkdaşlıq əlaqələri müzakirə edilib və qurumlar arasında əməkdaşlığa dair imzalanmış anlaşma memorandumunun icrası çərçivəsində 2020-ci il üçün fəaliyyət istiqamətləri müəyyən olunub.

Görüşdə Azərbaycannın Avstriyadakı səfirliyi də təmsil edilib.

AZƏRTAC

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR