23 Dekabr 2024, Bazar ertəsi

Gürcüstan Respublikasının ölkə­mizdəki fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstəsi qoyub, Heydər Əliyev Muzeyini ziyarət edib.

Naxçıvan Biznes Mərkəzinə gələn səfirə məlumat verilib ki, mərkəzin sərgi salonunda 96 müəssisənin 192 növdə və 1258 çeşiddə məhsulu, 120 ailə təsərrüfatında istehsal edilən məhsullar, ayrı-ayrı sənətkarlar tərəfindən hazırlanan əl işləri, rəsm əsərləri, xalçalar və Naxçıvan Muxtar Respublikasının istehsal müəssisələrinin xəritəsi nümayiş olunur.
“Ləzzət Biskvit və Şokolad Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə tanışlıq zamanı bildirilib ki, vafli istehsalı ilə fəaliyyətə başlayan müəssisədə bu gün peçenye istehsalı sahəsi də fəaliyyət göstərir. Müəssisədə istеhsаl оlunаn məhsullаrın хаmmаl еhtiyаtı, əsаsən, daxili imkanlar hesabına ödənilir. Bu da аqrаr sеktоrun inkişаfınа, eləcə də torpaq mülkiyyətçilərinin alıcı problemi ilə üzləşməməsinə öz müsbət təsirini göstərir. Müəssisənin gündəlik istehsal gücü 14 tondur. Burada Türkiyə istehsalı olan müasir texnoloji avadanlıqlarla təmin edilmiş laboratoriya fəaliyyət göstərir.
Diplomat “Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi” MMC-də də olub, bu müəssisənin istehsal gücü, burada istehsal edilən məhsulların çeşidi haqqında ətraflı məlumat öyrənib.
“Cahan Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə tanışlıq da qonağın marağına səbəb olub. Diqqətə çatdırılıb ki, müəssisənin istilik panelləri sahəsinin gücü ayda 9500 metr panel və 8000 metr alüminium radiator, dam örtükləri sahəsinin gücü isə ayda 250 min kvadratmetr metal dam örtüyüdür. Standartlara uyğun istehsal olunan məhsulların 20 faizi yerli tələbatı tam ödəyir, 80 faizi isə ölkəmizin digər bölgələrində və xarici bazarlarda satışa çıxarılır. Plastik boru, profil və aksesuarlar istehsalı müəssisəsində bildirilib ki, burada tam avtomatlaşdırılmış avadanlıqlar quraşdırılıb. İstehsal gücü ayda 1500 ton olan müəssisədə 7 növdə və 160 çeşiddə məhsul ­istehsal olunur.
Naxçıvan Sement Zavodunda olan səfirə məlumat verilib ki, müəssisənin gündəlik istehsal gücü 800 ton klinkerə və 1300 ton sementə çatır. Zavodda “quru üsul” texnologiyasından istifadə edilir. Sement istehsalında bu müasir texnologiyanın üstünlüyü ondan ibarətdir ki, məhsulun yüksək keyfiyyəti təmin olunur, nəm üsul ilə müqayisədə xammalın üyüdülməsində suya ehtiyac qalmır və yanacağa qənaət edilir. Müasir texnologiyalara malik olan Naxçıvan Sement Zavodu “CE” keyfiyyət nişanına layiq görülüb.
Gürcüstan Respublikasının ölkə­mizdəki fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze “Şərq qapısı” qəzetinə müsahibəsində səfərinin məqsədi barədə danışıb:
– Azərbaycan bizim strateji partnyorumuzdur, iqtisadi, humanitar, turizm sahələrində əlaqələrimiz yüksək səviyyədədir. Dostluq münasibətlərimizin fonunda regional əlaqələrimiz də inkişaf edir. Bu əlaqələrin inkişafında Naxçıvan Muxtar Respublikasının özünəməxsus yeri var. İl yarım bundan əvvəl Naxçıvanda olmuşdum və bu gün gördüm ki, qısa zamanda müsbət mənada xeyli dəyişikliklər baş verib, yeni müəssisələr açılıb, infrastruktur yenilənib, çoxfunksiyalı “Saat Meydanı” yaradılıb.
Qısa səfərim çərçivəsində qabaqcıl sənaye müəssisələri ilə tanış oldum, ikitərəfli əlaqələrimizin inkişafı üçün geniş imkanların mövcudluğunu bir daha gördüm. Tezliklə Azərbaycan və Gürcüstan hökumətlərarası komissiyanın iclası keçiriləcək, eləcə də biznes-forum olacaq. Bu çərçivədə gürcü sahibkarların Naxçıvan Muxtar Respublikasını da ziyarət etməsi nəzərdə tutulur. Bunun ikitərəfli regional əməkdaşlığa müsbət təsir göstərəcəyini düşünürəm. Həmçinin qeyd etmək istəyirəm ki, regionlarımız arasında turizm əlaqələrinin də inkişafı üçün potensial mövcuddur. Səfər zamanı o da bizə məlum oldu ki, burada dağ-xizək və müalicə turizm sahələri də inkişaf edir. Yeri gəlmişkən, gürcü uşaqların Duzdağ Fizioterapiya Mərkəzində müalicə almasına göstərdiyi köməyə görə də muxtar respublika rəhbərinə minnətdarlığımı bildirirəm.
Gələcəkdə qarşılıqlı olaraq turizm potensialının tanıdılması üçün press-turlar təşkil etməyi düşünürük, həmçinin iqtisadi sahədə də əməkdaşlıq üçün müəyyən qərarlar qəbul etmişik. Gürcüstanın müxtəlif şəhərlərində Naxçıvan Muxtar Respublikasının ticarət evlərinin açılmasını razılaşdırmışıq, əlaqələrin inkişafı üçün əlimizdən gələni etməyə çalışacağıq. Ümidvaram ki, birgə səylərimiz öz müsbət nəticələrini verəcək.

 Nail ƏSGƏROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR