Muxtar respublika əhalisinin iməciliklər yolu ilə saldıqları meyvə bağlarından və ailə təsərrüfatlarının sahələrindən toplanan məhsulun hərbi hissələrə təhvil verilməsi ənənə halını alıb. Şahbuz rayonunun da idarə, müəssisə və təşkilatlarının kollektivləri bu xeyirxah addımı heç vaxt yaddan çıxarmır. Rayon ərazisində bu günə kimi iməciliklər yolu ilə 200 hektardan artıq yaşıllıq sahələri salınıb ki, bunların da əksəriyyəti meyvə bağlarıdır. Artıq bir neçə ildir ki, meyvə bağlarından bol məhsul toplanılır. Həmin məhsulların əksəriyyəti hərbi hissəyə təhvil verilir.
Bu il də mövsüm ərzində toplanan 8 tondan artıq meyvə rayon ərazisindəki hərbi hissəyə göndərilib. Həmin tədbirlərin davamı olaraq bu günlərdə idarə, müəssisə və təşkilat kollektivlərinin iməcilik yolu ilə əkdikləri meyvə bağlarından toplanan 1 tondan çox alma hərbi hissəyə təhvil verilib. Bu, xalq-ordu birliyinin ifadəsi, ordumuza göstərilən diqqət və qayğının bariz nümunəsidir. Təbii ki, hərbi hissələrə sovqat aparılması şəxsi heyət tərəfindən də böyük ruh yüksəkliyi ilə qarşılanır. Ordu inanır ki, onun arxasında bütün Azərbaycan xalqı dayanır. Bu birlik ordumuzu daha da yenilməz, qüdrətli edir.
Məhsulun hərbi hissəyə təhvil verilməsi ilə bağlı keçirilən tədbirdə Şahbuz Rayon İcra Hakimiyyətinin əməkdaşı Cəlal Paşayev və hərbi hissənin zabiti Cəbrayıl Nəbiyev çıxış edərək Azərbaycan Ordusunun qüdrətindən və orduya göstərilən dövlət qayğısından danışıblar.
Hərbi hissənin şəxsi heyəti göstərilən diqqətə görə minnətdarlıq edib.
Hicran ƏLİYEVA