Ötən ay Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ətraf mühitin mühafizəsi, qanunsuz ov edilməsi, meşə fondu torpaqlarından qanunsuz istifadə, ətraf mühitə atılan tullantıların normadan artıq olması hallarına qarşı mübarizə məqsədilə 9 yoxlama-reyd keçirilmişdir.
Bundan başqa, Naxçıvan şəhəri, Culfa, Ordubad, Babək və Şahbuz rayonlarının 20-dən çox yaşayış məntəqəsində ekoloji monitorinqlər aparılmışdır. Monitorinqlər zamanı su mühiti, məişət, tibbi və bərk tullantıların idarə olunması kimi fəaliyyət sahələri ekoloji cəhətdən qiymətləndirilmiş, mövcud nöqsanların aradan qaldırılması nəzarətdə saxlanılmışdır.
Avqust ayında meşələrin yanğından mühafizəsi üçün profilaktik tədbirlər davam etdirilmişdir. Toxum tədarükü məqsədilə 2000 kiloqramdan çox ərik, alma, alça, gilənar, tut toxumu yığılmış və aqrotexniki qaydada anbarlaşdırılmışdır. Meyvəçiliyin inkişafı ilə əlaqədar olaraq yeni meyvə sortlarının gətirilməsi və mədəni bağçılığın inkişaf etdirilməsi istiqamətində tədbirlər çərçivəsində püstə bağında calaq edilmiş ağaclara aqrotexniki qulluq göstərilmişdir. Həmçinin Ordubad, Culfa, Babək və Şahbuz rayonları ərazisindəki mineral su bulaqları qeydiyyata alınmış, onların koordinatları müəyyən edilmiş və tədqiq olunmaq üçün bulaqlardan su nümunələri götürülmüşdür.Yaylaq mövsümünün başa çatması ilə əlaqədar yay otlaq sahələrindən istifadə edən oba sakinləri və təsərrüfat sahibləri ilə maarifləndirici görüşlər keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin mətbuat xidməti