Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya öz işini qanunvericiliyin tələblərinə uyğun olaraq yerinə yetirmiş, keçirilən imtahanlarda obyektivliyin və şəffaflığın tam təmin edilməsi üçün bu istiqamətdəki tədbirləri avqust ayında da davam etdirmişdir. Bir dövlət orqanının qanunvericiliyə uyğun olmayan qərarı ləğv etdirilmişdir.
Ay ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın test mərkəzində Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrinə işə qəbul üçün 599 nəfərin iştirakı ilə test imtahanları keçirilmişdir. Müəllimlərin dövlət musiqi təhsili müəssisələrinə işə qəbulu üçün elan edilmiş müsabiqənin sənəd qəbulu aparılmış, vakant vəzifələrin tutulması üçün 82 nəfər sənəd təqdim etmişdir. Həmçinin Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində vakant vəzifələrin tutulması üçün sənəd qəbulu həyata keçirilmiş, müsabiqədə iştirak etmək üçün 78 nəfər qeydiyyatdan keçmişdir. Dövlət orqanlarında vakant sektor müdiri, baş məsləhətçi və böyük məsləhətçi vəzifələrinin tutulması üçün 3 nəfərin müsahibəsində komissiya nümayəndəsinin iştirakı təmin edilmişdir.
Avqust ayında komissiya tərəfindən dövlət qulluğu üçün təşkil edilmiş hazırlıq kurslarında 58, sınaq imtahanlarında 30 nəfər iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidməti