Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələr müzakirə olunub. Bu məqsədlə keçirilən iclasda komitə sədri, gömrük xidməti general-mayoru Səhət Həbibbəyli mövsümə hazırlıqla bağlı görülən tədbirlərdən danışıb.
Qeyd olunub ki, elektrik və qazla işləyən qızdırıcı cihazların muxtar respublikaya idxalına uyğunluq sertifikatı əsasında icazə verilir. Qanunvericiliyə əsasən vətəndaşların həyatı, sağlamlığı və əmlakı, ətraf mühitin mühafizəsi üçün təhlükəsizlik tələblərinin müəyyən edildiyi mallar məcburi sertifikasiyadan keçməlidir. Standartlara uyğunluğu təsdiq edən sertifikat olmadıqda həmin malları ölkə ərazisində satmaq və istifadə etmək qadağandır.
Vurğulanıb ki, aidiyyəti dövlət orqanları ilə birgə hazırlanmış tədbirlər planına əsasən standarta uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan qızdırıcı elektrik və qaz cihazlarının satışının qarşısının alınması və gətirilmə yollarının müəyyən edilməsi məqsədilə satış yerlərində reydlərin təşkili, istehlakçılar və sahibkarların əvvəlcədən məlumatlandırılması, kütləvi informasiya vasitələrində maarifləndirici verilişlərin və materialların hazırlanması nəzərdə tutulub.
Dövlət qayğısı hesabına muxtar respublikamızda müasir gömrük infrastrukturunun yaradıldığını önə çəkən komitə sədri gömrük orqanlarında qışa hazırlıqla bağlı görülən işlərdən də danışıb. Qeyd olunub ki, qazanxanaların fəaliyyəti, elektrik enerjisi ilə təchizat, su və kanalizasiya xətlərinin vəziyyəti, avtomaşınların sazlığı, əməkdaşların qış geyim dəstiylə təchizatı məsələləri istiqamətində işlər vaxtında başa çatdırılmalı, payız-qış mövsümündə də gömrük nəzarəti zonalarında və inzibati binalarda xidmətin yüksək səviyyədə təşkili təmin olunmalıdır.
Çıxışda standarta uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan qızdırıcı elektrik və qaz cihazlarının muxtar respublikaya gətirilməsinin qarşısının alınması ilə bağlı maarifləndirmə işlərinə diqqətin artırılmasının vacibliyi vurğulanıb. Bildirilib ki, gömrük orqanları verilən tapşırıqların icrasını daim diqqət mərkəzində saxlamalı, muxtar respublikada təhlükəsiz həyatın təmin edilməsinə öz töhfəsini verməlidir.
Müşavirə məruzə ətrafında çıxışlarla davam edib.
* * *
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətində keçirilən tədbirdə xidmətin rəisi Namiq Paşayev məruzə ilə çıxış edərək bildirib ki, payız-qış mövsümündə elektrik qurğularında baş verə biləcək qəzaların vaxtında aradan qaldırılması üçün qəza-bərpa briqadalarının yaradılması, elektrik qurğularında mövcud qüsurların aşkar edilməsi məqsədilə elektrik xətlərinə və transformator yarımstansiyalarına növbədənkənar baxışların keçirilməsinin təşkili, elektrik enerjisi itkisinin minimum həddə saxlanması üçün görülən tədbirlərin davam etdirilməsi, ifrat gərginlikdən mühafizə qurğularının sazlığının yoxlanması və yenilənməsinin təşkili, artıq yüklənmiş güc transformatorlarının daha güclüləri ilə əvəz edilməsi diqqət mərkəzində saxlanılmalıdır.
Xidmət rəisi diqqətə çatdırıb ki, muxtar respublikada bütün işlədicilərin istifadə etdiyi elektrik enerjisinin dəqiq qeydiyyatını aparmaq üçün elektron sayğaclar qoyulub, enerji haqqının sayğacların göstəriciləri əsasında ödənilməsi təmin edilib. Naxçıvan şəhəri, Babək qəsəbəsi və Şərur şəhərində əhali abonentlərinin ev və mənzillərində ön ödənişli smartkarttipli sayğacların qoyulması işləri davam etdirilir. Hazırda bu tip sayğacların sayı 24 min 437 ədəd olub. Naxçıvan Muxtar Respublikası üzrə quraşdırılan bütün növ elektrik sayğaclarının sayı isə cari il avqustun 31-dək olan tarixə 93 min 675 ədəd təşkil edib.
Vurğulanıb ki, son illər muxtar respublikada işlədicilərin etibarlı və fasiləsiz enerji ilə təchiz edilməsində avadanlıqların yenilənməsi və yeni enerji istehsalı mənbələrinin istifadəyə verilməsi istiqamətində mühüm nailiyyətlər əldə edilib. Bütün bunlar muxtar respublika rəhbərinin enerji sektorunun inkişafına göstərdiyi daimi diqqət və qayğının nəticəsində mümkün olub. Bunu yaxşı başa düşən energetiklər bundan sonra da öz fəaliyyətlərini muxtar respublika rəhbərinin tələbləri və tapşırıqları əsasında quraraq əhalini etibarlı enerji ilə təchiz etməyə çalışacaqlar.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.
* * *
“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətində keçirilən yığıncağı cəmiyyətin direktoru Mahir Əliyev açıb.
Qeyd olunub ki, cəmiyyətin idarə və strukturlarında təsərrüfatların payız-qış mövsümünə hazırlığına dair qərargah yaradılıb, ötən mövsümdəki işlər təhlil edilib, aşkar olunan nöqsanlar nəzərə alınmaqla bir sıra tədbirlər həyata keçirilib. Belə ki, Yük və Sərnişin Daşımaları İdarəsinin Culfa Lokomotiv Deposunda payız-qış mövsümündə istismar olunacaq 5 ədəd elektrovozun və 5 ədəd manevr-magistral teplovozun hərəkət və dartı hissələri müayinə olunaraq onlarda cari və depo təmirləri həyata keçirilir.
Mövsüm ərzində vaqon və lokomotivlərin normal və fasiləsiz istismarının təmin olunması məqsədilə qabaqlayıcı tədbirlər görülərək, Bakı şəhərindən 920 daraqlı və çuqun əyləc qəlibi, 75 metr müxtəlif diametrli tros, 2 manevr teplovozu üçün su nasosu, 100 sonluq kranı, 180 kiloqram sürtkü yağı, 200 müxtəlifölçülü mis-qrafit dırça, 6 cüt ox yastığı, 415 kiloqram babbit təbəqəsi, 462 metr müxtəlif enkəsikli kabel, elektrovozlar üçün 10 cərəyanqəbuledicinin xizəyi, 200 dayaq izolyatoru, 289 ressor yayı, 8 təkər cütü və digər zəruri ehtiyat hissələri tədarük edilib.
Mahir Əliyev deyib ki, payız-qış mövsümünə hazırlıqla əlaqədar 104 müxtəliftipli vaqonda cari və depo təmirləri aparılaraq istilik sistemləri ilə təchiz edilmiş sərnişin vaqonlarının və aralıq stansiyalarda növbətçi otaqların qızdırılması üçün 7,775 ton kömür ehtiyatı yaradılıb. Mövsüm ərəfəsində isə əlavə olaraq 80 ton kömürün alınıb gətirilməsi təmin ediləcəkdir.
Məruzə ətrafında çıxışlar olub.
Xəbərlər şöbəsi