Avqustun 7-də Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının iclas zalında Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” 2006-cı il 28 dekabr tarixli və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında” 2011-ci il 27 dekabr tarixli sərəncamlarının icrası ilə əlaqədar dairə seçki komissiyalarının sədr və katibləri, həmçinin məntəqə seçki komissiyalarının sədrləri üçün ixtisaslaşdırılmış tədris kursu keçirilmişdir.
Tədris kursunu giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məhərrəm Qasımov bildirmişdir ki, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Konstitusiyası və Seçki Məcəlləsinə əsaslanaraq 8/64 saylı 2 avqust 2013-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasında prezident seçkilərini cari ilin 9 oktyabr gününə təyin etmişdir. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” 28 dekabr 2006-cı il tarixli və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında” 27 dekabr 2011-ci il tarixli sərəncamlarının icrası ilə əlaqədar seçki hüququ üzrə 29 iyuldan 5 avqusta kimi dairə seçki komissiyalarının sədrləri üçün ixtisaslaşdırılmış kurslar keçirmişdir. Həmin kursların davamı olaraq, muxtar respublikamızda dairə seçki komissiyalarının və məntəqə seçki komissiyalarının üzvləri üçün bu kursların keçirilməsinə start verilmişdir. Məhərrəm Qasımov çıxışında vurğulamışdır ki, cari ilin oktyabr ayının 9-da keçiriləcək Azərbaycan Respublikası prezident seçkilərinə seçki komissiyaları yanvar ayından seçici siyahılarının hazırlanması ilə start vermişlər. Bu proses may ayının 5-nə kimi davam etmiş, nəticədə, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası ölkə üzrə vahid seçici siyahılarını təsdiq etmişdir.
Seçkilərdə seçici siyahılarının tərtibinin və dəqiqləşdirilməsinin ən mühüm seçki mərhələlərindən biri olduğunu nəzərə alaraq qeyd olunmalıdır ki, muxtar respublikada da bu iş uğurla başa çatdırılmış, həmin siyahılar üzrə dəqiqləşdirmələr isə seçki gününədək davam etdiriləcəkdir. 2013-cü ilin avqust ayı üçün muxtar respublika əhalisinin sayı 430103 nəfərdir ki, bunun 255116 nəfəri aktiv seçki hüququna malik olan seçicilərdir. 2008-ci illə müqayisədə seçicilərin sayı 6132 nəfər, yəni 2,5 faiz artmışdır. Seçicilərin 3075 nəfəri ilk dəfə səsverənlərdir. 255116 nəfər seçicinin 51,2 faizini, yəni 130637 nəfərini qadınlar, 48,8 faizini, yəni 124479 nəfərini isə kişilər təşkil etməkdədir.
Tədbirdə “Seçki hüququnun konstitusion əsasları və onun həyata keçirilməsinin qanunvericilik mexanizmləri, siyasi partiyaların və siyasi partiyalar bloklarının seçkilərdə iştirakının hüquqi əsasları” mövzusunda tədbir iştirakçılarına ətraflı məlumat verən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının şöbə müdiri Cəlil Rüstəmov qeyd etmişdir ki, seçkilər vasitəsilə xalq öz nümayəndələrini seçir və suveren hüquqlarını həyata keçirmək üçün onlar arasında mandat bölgüsü aparır. Bu yolla insan və vətəndaşın ən mühüm hüquqlarından biri həyata keçirilir. 1948-ci il 10 dekabr tarixli İnsan Hüquqlarının Ümumi Bəyannaməsində qeyd olunduğu kimi, xalqın iradəsi hakimiyyətin əsasını təşkil edir. Bu iradə öz əksini ümumi, bərabər seçki hüququ əsasında gizli səsvermə və seçkinin azad və demokratikliyini təmin edən digər vasitələrdən istifadə etməklə müntəzəm keçirilən səsvermələrdə tapır. Azərbaycan Respublikası Konstitusiyasının 2-ci maddəsində qeyd olunur ki, Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi – referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələr əsasında həyata keçirir.
Cəlil Rüstəmov çıxışında həmçinin siyasi partiya və siyasi partiya bloklarının seçkilərdə iştirakının əsasları barədə tədbir iştirakçılarına məlumat vermişdir.
Seçki hüququnun təminatının qanunvericilik əsasları və seçki hüquqlarının məhkəmə müdafiəsi haqqında danışan Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Əli Allahverdiyev qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının seçki hüququna həsr edilmiş 56-cı maddəsində Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququnun olmasından bəhs edilir. Qüvvədə olan qanunvericiliyə əsasən, vətəndaşların seçki hüquqları Azərbaycan Respublikasının Konstitusiyası və Seçki Məcəlləsi ilə tənzimlənir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində təsbit edilir ki, “Hər bir insan Konstitusiya və ya qanunla ona verilən əsas hüquqların pozulması hallarında səlahiyyətli məhkəmələr tərəfindən bu hüquqların səmərəli şəkildə bərpa edilməsi hüququna malikdir”. Seçki Məcəlləsinin 112-ci maddəsindən aydın olur ki, vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edilə bilər. Şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına, Mərkəzi Seçki Komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə Seçki Məcəlləsinin 112.1-ci maddəsində göstərilən şəxslər apelyasiya instansiya məhkəməsinə şikayət edə bilərlər.
“Seçkiləri əhatə edən dövrdə Daxili İşlər Nazirliyi orqanlarının rolu və fəaliyyət istiqamətləri” barədə danışan Naxçıvan Muxtar Respublikası daxili işlər nazirinin müavini, polis general-mayoru Səbuhi Novruzov vurğulamışdır ki, Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət quruculuğu, insan hüquq və azadlıqlarının təmin olunması, o cümlədən Azərbaycan Respublikasında prezident seçkilərinin ciddi qanunçuluq və təhlükəsizlik şəraitində keçirilməsi bizim üçün çox mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə Azərbaycan Respublikasının Konstitusiyasında əsas prioritetlər müəyyən edilmişdir. Seçki kampaniyası dövründə və seçkilər günü vətəndaşların qanunla müəyyən olunmuş hüquqlarının pozulması, seçki komissiyalarına və onların üzvlərinə təzyiq və təsir göstərilməsi, habelə ictimai qaydanın pozulması hallarının aradan qaldırılması ilə bağlı aidiyyəti təşkilatlarla yanaşı, daxili işlər orqanları qarşısında da mühüm vəzifələr durur. Ona görə də şəxsi heyətin səfərbərliyinin və ekstremal vəziyyətlərə hazırlığının artırılması, təxribatların, hər cür qanunazidd əməllərin qarşısının vaxtında alınması üçün profilaktik tədbirlərin görülməsi vacibdir.
“Seçki hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunvericilik sistemi və məsuliyyət növləri, vətəndaşların seçki hüquqlarının pozulmasına aid müraciətlərə baxılması” ilə bağlı çıxış edən Naxçıvan Muxtar Respublikası Prokurorluğunun şöbə rəisi, baş ədliyyə müşaviri Zəfər Mahmudov demişdir ki, seçki hüquqlarının pozulması xarakterinə görə cinayət, inzibati, intizam və mülki məsuliyyətə səbəb olur və onlar bir birindən ictimai təhlükəlilik dərəcələrinə görə fərqlənir. Məsuliyyət, şəxsin etdiyi hüquq pozuntusuna görə cavab vermək vəzifəsidir. Ölkəmizdə seçki hüquqlarına önəm verilməsi, seçki hüquqlarının pozulmasının daha ictimai təhlükəli əməl kimi qiymətləndirilməsi və bu hüquqların pozulmasına görə digər məsuliyyət növləri ilə yanaşı, şəxsin cinayət məsuliyyətinə cəlb olunması da nəzərdə tutulmuşdur. Ümumi əsaslara görə, Cinayət Məcəlləsində nəzərdə tutulan və cinayət tərkibinin əlamətlərini özündə əks etdirən əməllər cinayət məsuliyyətini yaradır. Buna görə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “İnsan və vətəndaşın Konstitusiya hüquq və azadlıqları əleyhinə olan cinayətlər” fəslinin dörd maddəsində seçki hüquqlarının pozulmasına görə məsuliyyət müəyyən edilmişdir. Qanunda göstərilmişdir ki, vətəndaşların seçkidə (referendumda) iştirak hüquqlarının həyata keçirilməsinə maneolma, vətəndaşın, namizədin lehinə imza atmağa məcburetmə və ya onun səs verməsinə maneolma, seçki komissiyasının işinə müdaxiləetmə və ya təsirgöstərmə, seçki sənədlərinin saxtalaşdırılması və ya saxta sənədlərin təqdim edilməsi, bilə-bilə səslərin düzgün hesablanılmaması, səsvermənin nəticələrinin müəyyənləşdirilməməsi və ya səsvermənin gizliliyinin pozulması, başqa şəxslərin yerinə səs verilməsi və bir şəxs tərəfindən seçki qutusuna birdən artıq seçki bülleteninin salınması cinayət məsuliyyətinə səbəb olur.
Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini, ədliyyə müşaviri Elnur İsmayılov seçki prosesində ədliyyə orqanlarının rolu və fəaliyyət istiqamətləri haqqında danışaraq qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikasında seçki institutunun inkişafına və seçki qanunvericiliyindən irəli gələn vəzifələrin dürüst yerinə yetirilməsinə xüsusi diqqət yetirilir. Azərbaycan Respublikasında prezident seçkilərinin keçirilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin üzərinə mühüm vəzifələr düşür. Seçki prosesində ədliyyə orqanlarının rolu və fəaliyyət istiqamətləri ilə bağlı məsələlər Ədliyyə Nazirliyində rayon (şəhər) qeydiyyat şöbələri, dövlət notariusları və digər tabe qurumların əməkdaşları ilə mütəmadi olaraq müzakirə olunur və nəticəsindən asılı olaraq, görüləcək tədbirlər müəyyənləşdirilir. Ədliyyə Nazirliyinin 2013-cü il üçün iş planında seçki qanunvericiliyinin izah olunması istiqamətində hüquqi maarifləndirmə tədbirlərinin keçirilməsi müəyyənləşdirilmişdir. Bu məqsədlə muxtar respublikanın kütləvi informasiya vasitələrinin köməyindən və digər vasitələrdən istifadə etməklə seçki qanunvericiliyinin müddəaları ictimaiyyətə, şəxsi heyətə, penitensiar müəssisələrdə saxlanılan məhkum və təqsirləndirilən şəxslərə, habelə digər kateqoriyalardan olan vətəndaşlara izah ediləcəkdir.
Seçki prosesində aşkarlıq institutları və KİV-lərin rolundan bəhs edən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi Ülvi Hüseynli diqqətə çatdırmışdır ki, həm dövlət, həm də özəl teleradio təşkilatları seçki təşviqatlarını ədalətli, balanslaşdırılmış və qərəzsiz şəkildə işıqlandırmalıdırlar. Partiya və namizədlərə pulsuz efir vaxtı ədalətli və ayrı-seçkilik olmadan ayrılmalıdır. Əgər partiya və namizədlərə ödənişli təbliğat aparmağa imkan verilərsə, bu, bütün tərəflər üçün bərabər şərtlər və tariflərlə təmin edilməlidir.
Tədris kursunda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Ümumi şöbəsinin müdiri İlkin Abdullayev çıxış edərək dairə və məntəqə seçki komissiyalarında kargüzarlığın aparılması qaydaları barədə kurs iştirakçılarına ətraflı məlumat vermişdir. Bildirmişdir ki, seçki komissiyalarında qərarlar tərtib edilərkən “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın tələbləri nəzərə alınmalıdır. Seçki Məcəlləsinin tələblərinə əsasən, dairə seçki komissiyalarının bütün iclasları protokollaşdırılır. Seçki komissiyalarının iclas protokolları tərtib olunarkən seçki komissiyalarının fəaliyyəti ilə bağlı Seçki Məcəlləsində əks olunan bir sıra müddəalar nəzərə alınmalıdır.
Bakı şəhərində seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslarda iştirak etmiş 2 saylı Şərur Dairə Seçki Komissiyasının sədri Kamal Ələkbərov həmin kurslarda dinlədikləri mövzular haqqında tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.
Tədbirdə iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilmişdir.
Naxçıvan Muxtar Respublikası
Mərkəzi Seçki Komissiyasının mətbuat xidməti