Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin tabe təşkilatları tərəfindən avqust ayında payız suvarma mövsümünə hazırlıqla əlaqədar tədbirlər görülüb, 7 kilometr magistral kanal, 18 kilometr ara arx, 4 kilometr kollektor lildən təmizlənib.
Torpaq sahələrini sel sularının zərərli təsirindən qorumaq məqsədilə 650 metr məsafədə selə qarşı istiqamətləndirici bənd salınıb. Muxtar respublika üzrə ötən ay su istifadəçilərinə 26 milyon kubmetr suvarma suyu verilib, bunun müqabilində 22 min 741 hektar torpaq sahəsi suvarılıb. Şahbuz rayonunun Türkeş kəndi ərazisini əhatə edən 300 hektar sahədə qapalı suvarma şəbəkəsində, Şərur və Ordubad rayonlarındakı sutəmizləyici qurğuda tikinti işləri davam etdirilib.
Bu dövrdə 2 kilometr yeni içməli su xətti, 2,5 kilometr yeni suvarma xətti çəkilib, 5 kəhrizdə təmir-bərpa işləri, suvarma və içməli su mənbəyi kimi istifadə olunan 91 subartezian quyusunda təmir işləri aparılıb.
Xəbərlər şöbəsi