AMEA Naxçıvan Bölməsində tanınmış tədqiqatçı və ekspert, yazıçı-jurnalist, siyasi elmlər üzrə fəlsəfə doktoru Rövşən Novruzoğlunun “Əshabi-Kəhfə məktub: sürgündə qalan əhli-əyalım var” kitabının təqdimat mərasimi keçirilib. Bölmənin sədri, akademik İsmayıl Hacıyev qeyd edib ki, müəllif Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən bu müqəddəs məkan, “Qurani-Kərim”də adı çəkilən Əshabi-Kəhf mağarası ilə bağlı geniş araşdırmalar aparıb, çoxsaylı tarixi mənbələri və arxiv materiallarını nəzərdən keçirərək bu kitabda toplayıb. Nəşr mövzuya yeni, daha dərin yanaşma və orijinal təhkiyə üslubu ilə fərqlənir.
“Əcəmi” nəşriyyat Poliqrafiya Birliyində nəfis şəkildə çap olunan kitabda oxucuya qədim dövr səyyahlarının, tarixçilərinin Əshabi-Kəhf haqqında indiyədək məlum olmayan qeydləri, fikir və mülahizələri, həmçinin bir çox tarixi faktlar və məlumatlar təqdim edilir. Əsər 11 başlıqdan ibarətdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyid qeyd edib ki, bu gün muxtar respublikamızda cəmiyyətin dini-mənəvi ehtiyaclarına diqqət və qayğı ilə yanaşılır. Multikultural və milli-mənəvi dəyərlərimiz qorunur, dini bayramlarımız yüksək səviyyədə qeyd edilir. Ziyarətgahlarımız, məscidlərimiz təmir və bərpa olunaraq əhalinin istifadəsinə verilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında multikultiralizm və dini məsələlər üzrə komissiyaların yaradılması haqqında” 2014-cü il 20 avqust tarixli Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikası, şəhər və rayon icra hakimiyyətləri üzrə multikultiralizm və dini məsələlər üzrə komissiyaların yaradılması dövlət orqanlarının dini qurumlarla qarşılıqlı fəaliyyətinin təşkil edilməsinə, dövlət din münasibətlərinin daha dolğun tənzimlənməsinə şərait yaradır. Vurğulanıb ki, dünya mədəni irsinin ortaq dəyəri olan Əshabi-Kəhf ziyarətgahında ümummilli lider Heydər Əliyevin tapşırığı ilə 1998-ci ildə əsaslı bərpa və yenidənqurma işləri aparılıb. Ulu öndərin tapşırığına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1998-ci il 9 fevral tarixli “Əshabi-Kəhf ziyarətgahının bərpası və qorunması tədbirləri haqqında” Sərəncamına uyğun olaraq ziyarətgahda abadlıq bərpa işləri aparılıb, zəvvarlar üçün şərait yaradılıb, tarixi məscid bərpa olunub və ziyarətgaha kitabə qoyulub. Aparılan tədbirlərin davamı olaraq 2006-cı ildə bu tarixi abidə ətrafında yenidənqurma işləri aparılıb, yeni tikililər salınıb, ziyarətçilər üçün əlverişli şərait yaradılıb.
Surə Seyid qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı əsasında təqdimatına toplaşdığımız siyasi elmlər üzrə fəlsəfə doktoru Rövşən Novruzoğlunun “Əshabi-Kəhfə məktub: sürgündə qalan əhli-əyalım var” kitabının təqdimatının keçirilməsi də tarixi minilliklərə dayanan bu dini-mədəni abidənin yeni tədqiqatlar əsasında öyrənilməsi və təbliğinə dövlət qayğısının daha bir ifadəsidir. Surə Seyid kitabın ərsəyə gəlməsində böyük əməyi olan müəllifə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri adından təşəkkürünü bildirib, gələcək fəaliyyətində uğurlar arzulayıb.
Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev vurğulayıb ki, dünyada 20-dən artıq ölkədə Əshabi-Kəhf mağaraları var. Həmin ölkələrin tədqiqatçıları bu Əshabi-Kəhflərin adının “Qurani Kərim”də adı çəkilən Əshabi-Kəhf olduğunu sübut etməyə çalışırlar. Amma Rövşən Novruzoğlunun kitabda topladığı faktlar onu deməyə əsas verir ki, müqəddəs kitabımızda adı çəkilən Əshabi-Kəhf məhz Naxçıvandadır. Bu kitabda həm də ziyarətgah yaxınlığındakı su quyuları, kəhrizlər, o cümlədən Naxçıvanda yaşamış din xadimləri barədə də məlumatlar verilir.
AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli, Naxçıvan Muxtar Respublikası Qazısı yanında Şuranın sədri Sahib Məmmədov çıxış edərək kitab haqqında öz fikirlərini bölüşüb, müəllifə yaradıcılıq uğurları arzulayıblar.
Çıxışlarda bildirilib ki, son iyirmi ildən artıq bir müddətdə Naxçıvan Muxtar Respublikasında aparılan genişmiqyaslı işlər içərisində Naxçıvanla bağlı kitabların nəşrinə böyük yer verilir. Naxçıvanla bağlı bütün əsərlər, xüsusilə muxtar respublikanın tarixi və mədəniyyəti ilə əlaqədar yazılan əsərlər Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət mərkəzindədir. Bu kitabların bir hissəsi Ali Məclis Sədrinin himayəsi ilə nəşr olunur, elmi ictimaiyyətə, xalqa çatdırılır. “Əshabi-Kəhfə məktub: sürgündə qalan əhli-əyalım var” kitabı da bu qəbildəndir. Tədqiqatçı Rövşən Novruzoğlunun elmi çərçivəyə buraxdığı naməlum, maraqlı və yeni faktlar baxımından bu kitab diqqətəlayiqdir. Tədqiqatçı bir sıra mənbələr, xüsusilə xristian dövlətinin arxivlərində "Tam məxfi” möhürü ilə mühafizə olunan materiallar əsasında Naxçıvandakı Əshabi-Kəhf və XII imam haqqında çox maraqlı bir əsər hazırlamışdır.
Kitabın müəllifi Rövşən Novruzoğlu qeyd edib ki, o, 7 ildən artıq bir müddətdə dünyanın 12 ölkəsinin arxivlərində araşdırma və tədqiqatlar apararaq bu kitabı ərsəyə gətirib. Bildirib ki, qoyulan qadağalara və çətinliklərə baxmayaraq Vatikan arxivlərində tədqiqatlar aparılıb, Əshabi-Kəhfə və XII imama aid tam məxfi sənədlər gün üzünə çıxarılıb. Müəllif kitabının təqdimatına görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığını bildirib.
http://oldserqqapisi.az/index.php/idztimai-siaysi/19965-roevshaen-novruzozhhlunun-aeshabi-kaehfae-maektub-surzhundae-zhalan-aehli-aeyal-m-var-kitab-n-n-taezhdimat-maerasimi-kedzhirilib.html#sigProGalleriafc7bee8ed7