22 Dekabr 2024, Bazar

Dünən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyində dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasından irəli gələn vəzifələr və nazirliyin bu ilin birinci yarısında gördüyü işlərə həsr olunmuş kollegiya iclası keçirilib. Kollegiya iclasında gənclər və idman naziri Azad Cabbarov məruzə ilə çıxış edib.
Məruzəçi bildirib ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi 2013-cü ilin birinci yarısında öz işini təsdiq olunmuş iş və tədbirlər planına, həmçinin 18 mart 2013-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilmiş müşavirədə verilmiş tapşırıqlara uyğun qurub, nöqsanların aradan qaldırılması üçün məqsədyönlü tədbirlər həyata keçirib, gənclər və idman sahəsində əsaslı dönüş yaradılmasına çalışılıb. Ümumilikdə, nazirlik tərəfindən 2013-cü ilin ilk 6 ayı ərzində gənclərlə iş üzrə 63 tədbir reallaşdırılıb. İlk yarım ildə 2 fevral – Gənclər Günü, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi və 2013-cü ilin Naxçıvan Muxtar Respublikasında “Heydər Əliyev ili” elan olunması, 5 iyun – Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə tədbirlər keçirilib, Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar film nümayiş etdirilib, bu faciənin əsl mahiyyətinin gənc nəslə aşılanması istiqamətində məqsədyönlü işlər görülüb. İlk yarım ildə keçirilən “Nuh yurdu” intellektual oyununun Naxçıvan Muxtar Respublika birinciliyi gənclər arasında böyük marağa səbəb olub. Yarımil ərzində kütləvi bədən tərbiyəsi və idman üzrə 56 tədbir təşkil edilib, idmançılarımızın 20-yə yaxın dünya, Avropa, beynəlxalq və ölkə səviyyəli yarışlarda iştirakı təmin olunub. Bundan başqa, Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyi, muxtar respublika idman federasiyaları və aidiyyəti təşkilatlar tərəfindən ümummilli lider Heydər Əliyevin 90 illiyi ilə əlaqədar muxtar respublikada idman yarışları keçirilib.

Azad Cabbarov qeyd edib ki, bəhs olunan dövrdə atıcılıq, hava və ekstremal idman növləri üzrə yeni idman federasiyaları yaradılıb, “Araz” Naxçıvan Peşəkar Futbol Klubunun yaradılması ilə bağlı işlər yekunlaşdırılıb, federasiyaların internet saytlarının yaradılması işi sürətləndirilib, Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyasının fəaliyyətində dönüşün yaradılmasının təmin edilməsi məqsədilə federasiyanın yeni idarə heyəti seçilib. Bundan başqa, rayonlarda federasiyaların klublarının yaradılması və uşaq-gənclər idman məktəblərinin fəaliyyətinin gücləndirilməsi ilə bağlı tədbirlər icra olunub.
Bildirilib ki, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Naxçıvan Open-2013” Beynəlxalq Şahmat Festivalı, yunan-Roma güləşi üzrə gənclər arasında “Naxçıvan Kuboku” uğrunda Beynəlxalq Turnir və Par­alimpiya İdman Festivalı idmanın kütləviliyinin artırılmasına əhəmiyyətli dərəcədə təsir göstərib. Tanınmış məşqçilərin müəyyən müddətə muxtar respublikaya dəvət olunması, yerli məşqçilərin təlimlərdə iştirak etmələri ilə bağlı tədbirlər bu ilin ilk altı ayında davam etdirilib, peşəkar qarışıq qaydasız döyüş növləri üzrə məşqçilər dəvət edilib, ağırlıqqaldırma, futbol, şahmat və digər idman növləri üzrə təlim-məşq toplanışları keçirilib.
Sonra məruzə ətrafında Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Canməmməd Canməmmədovun, Naxçıvan Şəhər Gənc­lər və İdman İdarəsinin rəisi Xəyal Qurbanovun, Şahbuz Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Muradovun çıxışları olub, kollegiya iclasının qərarı oxunub və təsdiq edilib.
Kollegiya iclasına Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov yekun vurub.

*   *   *

Avqustun 7-də Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyində 2013-cü ilin ilk 6 ayının yekunlarına və dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında qarşıya qoyulmuş vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclası kеçiril­mişdir. İclasda agentliyin Baş direktoru Yasin Səfərov məruzə ilə çıxış edərək bildirmişdir ki, muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən kompleks tədbirlər cari ilin birinci yarısında da davam etdirilmiş, Şərur rayonu ərazisində Arpaçay Su Anbarında tikilib quraşdırılmış 20,5 meqavat güclü Arpaçay Su Elektrik Stansiyasında sınaq-sazlama işləri yekunlaşdırılmış, elektrik enerjisi istehsalına başlanılmışdır.
Qeyd olunmuşdur ki, 2013-cü ilin ötən ilk 6 ayı ərzində muxtar respublikanın elektrik şəbəkələrinə 414 milyon 761 min 533 kilovat-saat elektrik enerjisi daxil olmuşdur. Bunun 21 milyon 397 min kilovat-saatı İran İslam Respublikasından, 123 min 160 kilovat-saatı Türkiyə Respublikasından alınmış, 42 milyon 545 min 200 kilovat-saatı Araz Su Elektrik Stansiyasında, 270 milyon 975 min kilovat-saatı Naxçıvan Modul Elektrik Stansiyasında, 303 min kilovat-saatı Naxçıvan Qaz-Turbin Elektrik Stansiyasında, 42 milyon 11 min 200 kilovat-saatı Biləv Su Elektrik Stansiyasında, 31 milyon 512 min 879 kilovat-saatı Arpaçay Su Elektrik Stansiyasında, 6 milyon 394 min 94 kilovat-saatı Heydər Əliyev Su Anbarındakı SES-də istehsal edilib elektrik şəbəkələrinə verilmişdir. İlk 6 ay ərzində Türkiyə Respublikasına 170 milyon 562 min 20 kilovat-saat, İran İslam Respublikasına 33 milyon 261 min kilovat-saat elektrik enerjisi ötürülmüşdür.
Vurğulanmışdır ki, 2013-cü ilin ilk 6 ayı ərzində muxtar respublikanın ayrı-ayrı yaşayış məntəqələrində, ümumilikdə, 9 ədəd yeni transformator yarımstansiyası qoyulmuş, 33,5 kilometr uzunluqlu yeni 10 və 0,4 kilovoltluq elektrik verilişi xətləri çəkilmişdir. Naxçıvan, Şərur və Culfa transformator təmiri sexlərində isə 54 ədəd 10/0,4 kilovoltluq transformator təmir edilib şəbəkələrə qaytarılmışdır.
2013-cü ilin ilk 6 ayı ərzində 9,08 faiz texniki itki nəzərə alınmaqla işlədicilərə dəyəri 10437 min manat təşkil edən 173950 min kilovat-saat elektrik enerjisi ötürülmüşdür. Elektrik enerjisi satışından 10402,8 min manat vəsait toplanmış, enerjinin dəyərinin ödənilməsi 99,67 faiz təşkil etmişdir.
Sonra məruzə ətrafında çıxışlar olmuşdur.
Kollegiya iclasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının İqtisadiyyat şöbəsinin müdiri Rəfael Babayev çıxış etmişdir.

*   *   *

Naxçıvan Tibb Kollecində 2013-cü ilin ilk 6 ayının yekunlarına və dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisi­nin yeddinci sessiyasında qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsinə həsr olunmuş yığıncaq keçirilmişdir. Tədbiri giriş sözü ilə kollecin direktoru İlhamə Mustafayeva açaraq ötən dövr ərzində kollecdə tədrisin səviyyəsinin yüksəldilməsi, ixtisaslı tibbi kadrların hazırlanması istiqamətində görülən işlərdən danışmışdır.
Qeyd olunmuşdur ki, 2012- 2013-cü tədris ilinin II yarısında tələbələrin ümumi sayı 550 nəfər olmuş, onlardan 185 nəfəri dövlət hesabına, 365 nəfəri isə ödənişli əsaslarla təhsil almışdır.
Kollecin iş planına əsasən, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin göndərişləri əsasında Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən tibb müəssisələrində çalışan (18 nəfər feldşer, 20 nəfər tibb bacısı) orta tibb işçiləri üçün təkmilləşdirmə kursları təşkil olunmuşdur.
Kollecdə mamalıq işi, müalicə işi, tibb bacısı işi, əczaçılıq işi, ortopedik stomatologiya olmaqla, 5 ixtisas üzrə 24 qrupda keçilən dərslərdə tələbələrin seçdikləri ixtisaslara dərindən yiyələnmələri üçün hərtərəfli şərait yaradılmış, informasiya-kommunikasiya texnologiyalarından istifadə olunması diqqət mərkəzində saxlanılmışdır.
“Naxçıvan Muxtar Respublikasında təhsilin vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilmiş müşavirədə verilmiş tapşırıqların icrası ilə əlaqədar tərtib olunmuş iş planına əsasən, 2012-2013-cü tədris ilinin ikinci yarım ilində kollecdə Tələbə-Gənclər Təşkilatının və Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə bir sıra mədəni-kütləvi tədbirlər və elmi-praktik konfranslar keçirilmişdir.
Sonra məruzə ətrafında çıxışlar olmuşdur.
Yığıncaqda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxış etmişdir.

*   *   *

Dünən Naxçıvan Musiqi Kollecində 2012-2013-cü tədris ilində görülmüş işlərə dair iclas keçirilmişdir. İclası giriş sözü ilə kollecin direktoru Yusif Babayev açaraq bildirmişdir ki, 2012-2013-cü tədris ilində kollecdə əyani şöbədə 493, qiyabi şöbədə isə 16 nəfər olmaqla, 509 tələbə fortepiano, xalq çalğı alətləri, orkestr alətləri, musiqi nəzəriyyəsi, xor dirijorluğu, xanəndəlik, vokal sənəti, musiqi müəllimliyi, xoreoqrafiya sənəti, aşıq sənəti, kitabxana və informasiya təminatı ixtisasları üzrə təhsil almışdır. Həmin tələbələrin təlim-tərbiyəsi ilə 162 müəllim və konsertmeyster məşğul olmuşdur. Fənlərin tədrisinin daha düzgün istiqamətdə aparılması və yeni pedaqoji fəaliyyətə başlayan gənclərin təcrübəli müəllim kimi formalaşması üçün şöbələrdə bir sıra ustad dərsləri keçilmişdir. 2012-2013-cü tədris ilində kollecdən əyani şöbə üzrə 116 nəfər, qiyabi şöbə üzrə isə 8 nəfər olmaqla, 124 nəfər tələbə məzun olmuşdur. Bu məzunlardan 19 nəfər kolleci fərqlənmə diplomu ilə bitirmişdir. Kollecin builki məzunlarından 1 nəfəri isə İran İslam Respublikasının vətəndaşı olmuşdur.
Kollecin iş planında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsindən də bəhs edən Yusif Babayev qeyd etmişdir ki, 2013-cü ilin birinci yarısında xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Musiqi Kollecinin kollektivi silsilə tədbirlər həyata keçirmiş, Novruz bayramı şənliklərində 6 kollektivlə çıxış etmişdir.
Sonra məruzə ətrafında çıxışlar olmuşdur.
İclasda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxış etmişdir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR