Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətində keçirilən iclası xidmətin rəisi Vəli Novruzov açaraq bildirib ki, muxtar respublika üzrə ərzaq ehtiyatının artırılması və təhlükəsizliyinin təmin edilməsində xüsusi rolu olan baytarlıq xidməti hər il olduğu kimi, bu il də payız-qış mövsümündə əhalinin etibarlı heyvandarlıq məhsulları ilə tam təmin edilməsi məqsədilə tədbirləri davam etdirib.
Qeyd olunub ki, kəskin kontinental iqlimə malik olan muxtar respublikada yayın çox isti, qışın isə çox soyuq keçməsi ev heyvanlarının sağlamlığına da mənfi təsir edir və bu aylarda heyvanların sağlamlığının qorunmasında baytar həkimlər ilə yanaşı, sahibkarların da üzərinə mühüm vəzifələr düşür. Bunları nəzərə alaraq Dövlət Baytarlıq Xidməti və onun strukturları tərəfindən hər il payız-qış mövsümü ilə əlaqədar olaraq mal-qaranın, ev quşlarının, arı ailələrinin sağlamlığının qorunması, zoobaytar qaydalar əsasında yemləndirilməsi, saxlanılma şəraiti və digər tədbirlər barəsində sahibkarlara zəruri məlumatlar və məsləhətlər verilir, broşürlər hazırlanaraq onlara paylanılır. Muxtar respublikanın baytarlıq laboratoriyalarında da heyvanların sağlamlıq vəziyyətinin müəyyən edilməsi məqsədilə profilaktik olaraq bruselyoz xəstəliyinə görə qan nümunələrinin götürülməsi və yoxlanılması, helmint xəstəliklərinə görə müayinələrin aparılması davam etdirilir.
Sonda məruzə ətrafında çıxışlar olub.
* * *
Naxçıvan Muxtar Respublikası “Naxçıvanqaz” İstehsalat Birliyində keçirilən iclasda birliyin direktoru Ramin İsmayılov məruzə ilə çıxış edib.
Qeyd olunub ki, payız-qış mövsümündə davamlı və dayanıqlı təbii qazla təminat üçün qaz təchizatı sistemində texniki baxış tədbirləri davam etdirilir, təbii qaz nəqlinin soyuq hava şəraitinə uyğun gələn texnoloji rejimdə həyata keçirilməsi üçün tədbirlər görülür. Yerlərdə istismara yararsız vəziyyətə düşmüş qaz xətlərinin və avadanlıqların müəyyən edilərək yenilənməsinə, sayğacdankənar istifadə hallarının qarşısının alınmasına nəzarət artırılır.
Diqqətə çatdırılıb ki, “Naxçıvanqaz” İstehsalat Birliyi qazpaylayıcı stansiya və məntəqələrdə qaz nəqli proseslərinin kənardan idarə edilməsi və operativ nəzarət üzrə informasiya-ölçü qeydiyyat sisteminin fəaliyyətini günün tələbləri səviyyəsində qurub. Cari ilin 8 ayında əhali qrupundan olan abonentlərin mexaniki qaz sayğaclarının kənar müdaxilələrdən qorunması üçün 7217 mühafizə qutusu quraşdırılıb. 1 sentyabr 2019-cu il tarixə Naxçıvan şəhərində 19 min 469 qaz sayğacı quraşdırılıb və bu sahədə işlər davam etdirilir. Qaz təsərrüfatında, xüsusilə qəza xidmətində çalışanların peşəkarlıq səviyyəsini artırmaq məqsədilə Naxçıvan Regional Peşə Tədris Mərkəzində qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinin ixtisasartırma kursları təşkil olunub. Kursu bitirən müdavimlərə sertifikatlar verilib.
Bildirilib ki, avtomat qazpaylayıcı stansiyalarda avadanlıqlara texniki xidmət işləri qrafik üzrə müəyyən olunan vaxtlarda aparılıb. Təbii qazın mexaniki qarışıqlardan təmizlənməsi üçün tətbiq olunan bütün texnoloji avadanlıqlara zəruri texniki xidmət göstərilib, sıradan çıxan hissələr yenisi ilə əvəz olunub.
Vurğulanıb ki, qəza hallarının aradan qaldırılmasında operativliyin təmin edilməsinə, yeni qaz xətləri çəkilərkən və bərpa olunarkən mövcud standartların tələblərinin gözlənilməsinə diqqət artırılmalıdır. Yaradılmış mal və material ehtiyatlarından səmərəli istifadə olunmalı, işlənən materialların yerinə yeniləri alınıb gətirilməli, ehtiyat yaradılmalı və işçilər qış mövsümünə uyğun xüsusi geyim və avadanlıqlarla təmin edilməlidir.
Xəbərlər şöbəsi