23 Dekabr 2024, Bazar ertəsi

Müzakirəyə çıxarılan məsələ barədə məruzə edən Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov deyib ki, ölkəmizin sosial-iqtisadi inkişafı əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsinə geniş imkanlar açıb. Görülən tədbirlərin nəticəsidir ki, bu gün bütün fəsillərdə muxtar respublikamızın, eləcə də Şərur rayonunun yaşayış məntəqələri dayanıqlı elektrik enerjisi və təbii qazla təmin olunur. Sentyabrın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2019-2020-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə verilən tapşırıqlardan biri də bundan ibarətdir ki, ilin soyuq fəsillərində əhalinin və təsərrüfat subyektlərinin elektrik enerjisinə və təbii qaza olan tələbatı tam ödənilməli, mövcud infra­struktur payız-qış mövsümündə normal fəaliyyət göstərməlidir.
Qeyd olunub ki, hazırda rayon mərkəzindəki 572 mənzildən ibarət 17 çoxmərtəbəli yaşayış binası, müxtəlif yaşayış məntəqələrində 49 təhsil, 48 səhiyyə, 93 mədəniyyət müəssisəsi istilik sistemi ilə qızdırılır. Geniş quruculuq tədbirləri aparılan Muğancıq Mehrab, Yeni Havuş, Xələc və Muğanlı kəndlərində inşa edilən, yaxud yenidən qurulan sosial-mədəni obyektlərdə də müasir istilik sistemi quraşdırılır. Tikinti-quruculuq işləri başa çatdıqdan sonra rayonda əlavə olaraq 6 icra nümayəndəliyinin inzibati binası, 4 təhsil, 6 səhiyyə və 14 mədəniyyət müəssisəsi müasir istilik sistemlərinə qoşulacaqdır.
Bildirilib ki, payız-qış mövsümündə istehlakçıları fasiləsiz elektrik enerjisi ilə təmin etmək məqsədilə istismar müddəti başa çatmış qəzalı dirəklər və xətlər, tarazlığı pozulmuş məftillər təmizlənməli, baş verə biləcək qəza hallarının nəticələrinin operativ şəkildə aradan qaldırılması üçün tələb olunan mal-material və avadanlıq ehtiyatı yaradılmalıdır. Əhalinin istiliklə fasiləsiz və normal təmin olunması üçün indidən ciddi hazırlıq tədbirləri görülməli, təbii qaz nəqlində fasilələr yaranmaması üçün avadanlıqlara texniki baxış davam etdirilməli, tənzimləyici qurğuların mövsümə uyğun nizamlanması təmin olunmalıdır. Rayon Yol Təmir-Tikinti İdarəsi payız-qış mövsümündə nəqliyyat vasitələrinin hərəkətinin fasiləsizliyini təmin etmək üçün texnikaların işlək vəziyyətdə saxlanması, maşın və mexanizmlərin ehtiyat hissələrinin yaradılması üçün tədbirlər həyata keçirməlidir. Mövcud qazanxanaların fasiləsiz işini təmin etmək məqsədilə onların elektrik enerjisi, təbii qaz və su ilə təchizatı məsələləri nəzarətdə saxlanılmalı, istilik sistemlərinin dayanıqlılığına və qazanxanaların qəbul olunmuş texniki normalar çərçivəsində istismarına diqqət artırılmalıdır.
Kamal Cəfərov deyib ki, müşavirədə verilən tapşırıqlara əsasən rayondakı mərkəzləşdirilmiş istilik sistemi olmayan təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin tələbatı öyrənilməli, ayrılan yanacağın və digər avadanlıqların vaxtında gətirilməsi təmin edilməlidir.
Diqqətə çatdırılıb ki, ilin bütün fəsillərində istehlakçı tələbinin keyfiyyətli məhsullar hesabına ödənilməsi üçün mövsüm ərzində tələbatdan artıq istehsal olunmuş yerli kənd təsərrüfatı məhsullarının soyuducu anbarlar tərəfindən tədarükü davam etdirilməlidir.
Qeyd olunub ki, payız-qış mövsümündə Şərur şəhərində və kənd­lərdə əhaliyə keyfiyyətli xidmət göstərilməsi üçün səhiyyə müəssisələrinin yanacaq və dərman preparatları ilə təminatı gücləndirilməlidir.
Sonra çıxışlar dinlənilib.

* * *

Kəngərli Rayon İcra Hakimiyyətində payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov açıb.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2019-2020-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə Kəngərli Rayon İcra Hakimiyyəti qarşısında da mühüm vəzifələr qoyulub. Verilən tapşırıqların icrası ilə əlaqədar ardıcıl işlər aparılır.
İcra başçısı qeyd edib ki, payız-qış mövsümündə elektrik enerjisinin verilməsində fasiləsizliyin təmin edilməsi üçün mövcud infrastrukturun yenilənməsini davam etdirilməli, mövcud transformator və yarımstansiyaların texniki baxışdan keçirilməsi başa çatdırılmalıdır. Mövsümə tam hazırlıqla başlanması üçün qısa vaxt ərzində qaz təchizatı sistemində də müəyyən zəruri tədbirlər görülməlidir. Qaz nəqlinin təmin edilməsi üçün mütəmadi olaraq qaz xətlərinə texniki baxış keçirilməli, qaz xətlərindəki nasazlıqlar və sayğacdankənar istifadələr vaxtında müəyyən edilərək aradan qaldırılmalıdır. Mövsümədək təmirə və ya yenilənməyə ehtiyacı olan bütün qazanxanaların qısa müddətdə bərpası üçün müvafiq tədbirlər görülməlidir. İçməli su xətlərinin qışa hazırlıq vəziyyəti ilə bağlı nöqsanlar aradan qaldırılmalıdır.
Bildirilib ki, həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq tədbirlərinin nəticəsi olaraq rayonda fəaliyyət göstərən təhsil, səhiyyə və mədəniyyət müəssisələri istilik sistemi ilə təchiz olunub. Bəzi müəssisə və təşkilatların binalarının qızdırılmasında isə təbii qaz sobalarından istifadə olunur. Bununla bağlı görülən hazırlıq işləri başa çatdırılmalıdır. Payız-qış mövsümündə yolların vaxtında təmizlənməsi və hərəkətin intensivliyinin təmin olunması üçün kommunal xidmət texnikalarının saz vəziyyətə gətirilməsinə diqqət artırılmalıdır.
Sonra çıxışlar dinlənilib.

 

* * *

Payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələr bağlı Şahbuz rayonunda keçirilən müşavirədə çıxış edən rayоn İcra Hakimiyyətinin başçısı Rəfael Babayev bildirib ki, 2019-2020-ci illərin payız-qış mövsümünə hazırlıq məqsədilə rayоnda fəaliyyət göstərən təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin, еləcə də digər sоsial sahələrin qışa hazırlığı, əhalinin qış mövsümündə еnеrji və yanacaqla fasiləsiz təmin оlunması, inzibati binaların, kəndarası və kənddaxili yоlların təmiri diqqət mərkəzində saхlanılıb. Şəhər, qəsəbə və kəndlərdə, ümumilikdə, 23 yaşayış məntəqəsində fəaliyyət göstərən təşkilatların yеrləşdikləri binalar müasir istilik sistеmi ilə təmin edilib.
Vurğulanıb ki, rayonda fəaliyyət göstərən 23 tam orta məktəb, 5 məktəbdənkənar təhsil müəssisəsindən 3-ü, 23 səhiyyə müəssisəsi, 58 mədəniyyət müəssisəsindən 55-i müasir istilik sistemi ilə, 3-ü isə neft yanacağı, təbii qazla və elektrik cihazları ilə qızdırılacaq. Rayоnda quruculuq, abadlıq işlərinə göstərilən qayğının nəticəsidir ki, bütün ictimai yaşayış binaları əsaslı şəkildə təmir еdilən Şahbuz şəhərində həmin binaların kоmmunikasiya хətlərinə baхış kеçirilib, nasazlıqların aradan qaldırılması üçün müvafiq işlərə başlanılıb.
Diqqətə çatdırılıb ki, Şahbuz şəhərinə, eləcə də rayonun digər yaşayış məntəqələrinə gedən avtomobil yollarında cari təmir işləri aparılıb. Avtomobil yollarının qışa hazırlanması məqsədilə 450 ton asfalt örtük verilərək sıradan çıxmış hissələr bərpa edilib, 395 siqnal dirəyi, 90 yol nişanı yenisi ilə əvəz olunub, 6 körpüdə 120 metr məhəccər təmir edilib. Elektrik təsərrüfatının payız-qış mövsümünə hazırlanması məqsədilə 10 və 0,4 kilovoltluq xətlərə baxış keçirilib, 292 ağac, 4 dəmir dayaq quraşdırılıb, 22 transformator, 24 keçid, 21 dayaq izolyator təmir edilib, 27 ildırımötürücü bərpa olunub, 3 transformator çəpərlənib, 1785 kiloqram müxtəlif ölçülü məftil yenisi ilə əvəz edilib. Abadlıq-quruculuq tədbirlərinin keçirildiyi Şahbuz şəhərində, Badamlı qəsəbəsində, Türkeş kəndində, eləcə də ayrı-ayrı yaşayış məntəqələrində lazımi yerlərdə qaz xətləri yenidən işlənib, 3 yeni tikilmiş fərdi evə, 1 sosial obyektə təbii qaz xətti çəkilib. Əsgərlərin qış mövsümündə lazımi istiliklə təmin edilməsi məqsədilə müəyyən tədbirlər görülüb, hərbi hissələrin yerləşdikləri ərazilərə gedən avtomobil yollarının saz vəziyyətdə saxlanılmasına mütəmadi olaraq diqqət yetirilib.
Sonra çıxışlar dinlənilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR