Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən avqust ayında gənclərin asudə vaxtlarının səmərəli təşkili, intellektual səviyyələrinin artırılması, dünyagörüşlərinin formalaşdırılması, onlara vətənpərvərlik hisslərinin aşılanması və idmanın kütləviliyinə nail olunması istiqamətində ardıcıl tədbirlər görülmüşdür. Gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə Ağbulaq İstirahət Mərkəzində Naxçıvan Dövlət Texniki Kollecində, Naxçıvan Musiqi Kollecində, Naxçıvan Tibb Kollecində təhsil alan tələbələrin və idmançıların iştirakı ilə “Yay məktəbi”, həmçinin 12 avqust – Beynəlxalq Gənclər Günü ilə əlaqədar gənclərin muzeylərə ekskursiyaları təşkil olunmuşdur.
Avqust ayında idman sahəsində kütləviliyin təmin olunması üçün müxtəlif idman növləri üzrə bir sıra birinciliklər və yoldaşlıq görüşləri keçirilmiş, idmançılarımızın ölkə və beynəlxalq turnirlərdə iştirakı təmin edilmişdir.
Ötən ay idmançılarımız Azərbaycan birinciliyində 3, beynəlxalq turnirdə 13 medal olmaqla, ümumilikdə, 16 medal qazanmışlar.
Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti