Naxçıvan Muxtar Respublikası Arxiv İdarəsində 2013-cü ilin birinci yarım ilində görülən işlər və qarşıda duran vəzifələrlə bağlı yığıncaq keçirilmişdir. Yığıncağı Arxiv İdarəsinin rəisi Fəxrəddin Cəfərov açaraq məruzə ilə çıxış etmişdir. Bildirilmişdir ki, 2013-cü ilin ilk 6 ayında Naxçıvan Muxtar Respublikasının arxiv orqanları öz işlərini “Milli arxiv fondu haqqında” Qanun, “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 dekabr tarixli Fərmanı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin və Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin əmr, sərəncam və göstərişləri əsasında quraraq fəaliyyət göstərmişlər.
Bəhs olunan dövrdə Naxçıvan Muxtar Respublikası Arxiv İdarəsi tərəfindən Ordubad, Culfa, Babək, Kəngərli, Şərur, Sədərək və Şahbuz Rayon Dövlət arxivlərində kompleks yoxlamalar aparılmış, iş planlarının yerinə yetirilmə vəziyyəti təhlil edilmişdir.
Şahbuz, Sədərək, Culfa Rayon Dövlət arxivlərində sənədlərin yenidən işlənməsi maddəsi üzrə bir neçə fond Arxiv İdarəsinin və Dövlət Arxivinin əməkdaşları tərəfindən işlənilərək siyahıları tərtib edilmiş və rayon dövlət arxivlərinə təhvil verilmiş, Sədərək Rayon Dövlət Arxivinin fəaliyyətinin davam etdirilməsi üçün bir sıra əməli-metodik köməkliklər göstərilmişdir.
Vurğulanmışdır ki, Naxçıvan Muxtar Respublikası Arxiv İdarəsinin tabeliyində Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi və 7 rayon Dövlət Arxivi fəaliyyət göstərir ki, həmin qurumlar bəhs olunan dövrdə tapşırılan vəzifələrin yerinə yetirilməsinə səy göstərmiş, sənəd materiallarının tikilməsi, cildlənməsi, bərpası üzrə tapşırıqları artıqlaması ilə yerinə yetirmişlər.
İşdə buraxılan nöqsanlardan da danışan idarə rəisi qısa zaman çərçivəsində həmin nöqsanların aradan qaldırılmasının zəruriliyini yığıncaq iştirakçılarının nəzərinə çatdırmışdır.
Məruzə ətrafında müzakirələrdə Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin direktoru Mirəli Seyidovun, şöbə müdirləri Zülfiyyə İsmayılovanın, Aytən Məhərrəmovanın, Kəngərli, Şərur, Culfa rayonlarının dövlət arxivlərinin müdirləri İdris İbrahimovun, Ədalət İmanovun, Fatma Abbasovanın çıxışları olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov yığıncaqda çıxış etmişdir.
Yığıncağa Naxçıvan Muxtar Respublikası Arxiv İdarəsinin rəisi Fəxrəddin Cəfərov yekun vurmuşdur.
Xəbərlər şöbəsi