Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetində sentyabr ayının ilk 15 günü ərzində bir sıra qərarlar qəbul edilmişdir. Belə ki, 2019-cu il 3 sentyabr tarixli 112 nömrəli Qərarla “Obyektin Tikintisinə İcazə”nin və “Tikintiyə icazə barədə Xüsusi Nişan”ın forma və məzmununun təsdiq edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2016-cı il 23 dekabr tarixli 119 nömrəli Qərarında dəyişikliklər edilmişdir.
Bundan başqa, “Naxçıvan Muxtar Respublikasında özünüməşğulluğa cəlb olunmuş şəxsdən geri alınmış əmlakın açıq hərracda satılması Qaydası”nın təsdiq edilməsi haqqında” Qərar qəbul edilmişdir. Bu Qərara əsasən özünüməşğulluğa cəlb olunmuş şəxsə verilmiş əmlak geri alındıqda və bu əmlakın digər özünüməşğulluğa cəlb olunmuş şəxsə verilməsi mümkün olmadıqda həmin əmlakın açıq hərraclarda satılması məqsədilə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən müvafiq tədbirlər həyata keçirilir.
Eyni zamanda Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2012-ci il 11 oktyabr tarixli 84 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə dəyişikliklər edilmişdir.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 sentyabr tarixli 116 nömrəli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında qəbiristanlıqların salınması və idarə olunması Qaydaları” təsdiq edilmişdir. Həmin qaydaya əsasən qəbiristanlığın salınması üçün torpaq sahəsi torpaq münasibətlərinin tənzimlənməsi sahəsində müvafiq normativ-hüquqi aktlara əsasən yaşayış məntəqəsinin ərazi planlaşdırılması sənədlərinin tələblərinə uyğun olaraq ayrılır. Qəbiristanlığın ümumi ərazisinin 80 faizi qəbir yerləri, ən azı 15 faizi yaşıllıq sahəsinin salınması, qalan hissəsi isə dəfn və yas mərasimlərinin keçirilməsi, habelə qəbiristanlığın qorunması və saxlanılması işlərinin təşkili məqsədilə bina və digər obyektlərin tikintisi, qəbiristanlıq yollarının və rezervasiya nəqliyyat vasitələri üçün meydançanın salınması məqsədi ilə nəzərdə tutulur.
Qəbul olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar. nakhchivan.az) tanış olmaq mümkündür.