Naxçıvan Muxtar Respublikası Satınalmalar üzrə Dövlət Agentliyində dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasından irəli gələn vəzifələrə və cari ilin ilk 6 ayında görülən işlərin yekunlarına həsr olunmuş yığıncağı agentliyin direktoru Qardaşxan Əliyev açaraq məruzə ilə çıxış etmişdir.
Bildirilmişdir ki, agentlik dövlət satınalmaları üzrə keçirilən müsabiqələrdə ədalətli rəqabət, aşkarlıq və şəffaflıq prinsipini təmin etmək, dövlət vəsaitlərindən qənaətlə və səmərəli istifadə olunmasına zəmin yaratmaq, dövlət satınalmalarını tənzimləyən normativ hüquqi bazanı təkmilləşdirmək və satınalan təşkilatlara dövlət satınalmalarına cəlb olunan mütəxəssislərin ixtisas səviyyəsini artırmaq məqsədilə müəyyən işlər görmüş və bu istiqamətdə öz fəaliyyətini genişləndirmişdir. Dövlət vəsaitləri, o cümlədən büdcə vəsaitləri, kreditlər, qrantlar və dövlət müəssisələrinin xüsusi vəsaitləri hesabına keçirilən satınalmalarla əlaqədar müəssisə və təşkilatların tender komissiyalarına agentliyin əməkdaşları tərəfindən tender prosedurlarının təşkili və keçirilməsinə dair metodik köməklik göstərilmiş, tender sənədlərinin hazırlanması ilə əlaqədar izahatlar verilmişdir. Dövlət satınalmaları zamanı yerli məhsulların satın alınmasına üstünlük verilməsi tövsiyə edilmişdir.
2013-cü ilin ilk 6 ayı ərzində muxtar respublikanın müəssisə və təşkilatları tərəfindən 109 satınalma proseduru həyata keçirilmişdir. Müsabiqə yolu ilə keçirilmiş 109 satınalma proseduru üzrə bağlanmış satınalma müqavilələrinin qiyməti 40 milyon 125 min 276 manat təşkil etmiş, satınalma predmetlərinin ehtimal olunan qiymətinin 1 milyon 384 min 410 manatına və ya 3,33 faizinə qənaət edilmişdir.
Ümumilikdə, cari ilin ilk 6 ayı ərzindəki qənaətin 35 min 882 manatı və ya 2,6 faizi açıq tender üsulu ilə keçirilən satınalmalardan, 210 min 478 manatı və ya 15,2 faizi kotirovka sorğusu üsulu ilə keçirilən satınalmalardan, 1 milyon 138 min 50 manatı və ya 82,2 faizi isə təkliflər sorğusu üsulu ilə keçirilən satınalmalardan əldə olunmuşdur.
Vurğulanmışdır ki, 2013-cü ilin ilk 6 ayı ərzində dövlət vəsaiti hesabına 2 milyon 393 min 106 manat məbləğində ərzaq məhsulları, 6 milyon 898 min 510 manat məbləğində dərman preparatları, 384 min 498 manat həcmində dəftərxana ləvazimatları və təsərrüfat malları, 45 min 146 manat məbləğində əşya əmlakları, 1 milyon 189 min 483 manat məbləğində mal-material, hidrotexniki avadanlıqlar və əsas vəsaitlər, 484 min 95 manat məbləğində qaz çəkilişi üçün avadanlıqlar və qaz təsərrüfatında təmir işləri satın alınmış, 2 milyon 873 min 438 manat məbləğində əsaslı tikinti və yenidənqurma işləri həyata keçirilmişdir.
Dövlət satınalmaları üzrə keçirilən müsabiqələrdə iddiaçılar arasında yerli məhsul istehsalçılarının fəallığı artmışdır. Muxtar respublikada həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir ki, bu gün ərzaq (ət və süd məhsulları, un məmulatı, tərəvəz və sair), təbii meyvə şirələri və başqa məhsulların satın alınması üzrə keçirilən müsabiqələrdə tələbatın əvvəlki illərdən fərqli olaraq, əsasən, yerli istehsal hesabına ödənilməsi üstünlük təşkil edir. Müəssisə və təşkilatlarda bərk və yumşaq inventarın, digər avadanlıqların satın alınmasında da yerli müəssisələrin istehsal etdiyi məhsullardan istifadə halları artmışdır. Aparılan tikinti, təmir-bərpa işlərinin isə əksər hissəsi yerli şirkətlər tərəfindən icra olunur. Beləliklə, 2013-cü ilin ilk 6 ayı ərzində keçirilmiş 109 satınalma müsabiqəsindən 1 milyon 384 min 410 manat dövlət vəsaitinə qənaət edilmişdir.
Sonra məruzə ətrafında agentliyin Maliyyə, iqtisadi, hüquqi normativ sənədlərin hazırlanması sektorunun müdiri Şahin Səfərəliyevin, Malların, iş və xidmətlərin satın alınması və təhlili sektorunun müdiri Bəxtiyar Əliyevin çıxışları olmuşdur.
Xəbərlər şöbəsi