22 Dekabr 2024, Bazar

Dünən Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında qarşıya qoyulan vəzifələrə həsr edilmiş kollegiya iclası keçirilmişdir. İclasda Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Xalid İsgəndərov çıxış edərək sessiyada Maliyyə Nazirliyinin qarşısında konkret vəzifələr və öhdəliklər qoyulduğunu diqqətə çatdırmışdır.
Bildirilmişdir ki, Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsinə 2012-ci il ərzində bütün mənbələr hesabına 47 milyon 300 min manat proqnoza qarşı 61 milyon 253 min 566 manat vəsait daxil olmuş, tapşırıq 129,5 faiz icra olunmuşdur. Bu, nəzərdə tutulan məbləğdən 13 milyon 953 min 566 manat, 2011-ci illə müqayisədə isə 15,7 faiz, yaxud 8 milyon 319 min 869 manat çoxdur. Qeyd olunmuşdur ki, 2012-ci ildə Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin xərcləri 472 milyon 746 min 808 manat dürüst təyinata qarşı 469 milyon 404 min 79 manat və ya 99,3 faiz icra olunmuşdur ki, bu da 2011-ci illə müqayisədə 55 milyon 418 min 203 manat və ya 13,4 faiz çoxdur.

Vurğulanmışdır ki, 2013-cü ilin ilk 6 ayında Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsinə bütün mənbələr hesabına 25 milyon 912 min 40 manat proqnoza qarşı 30 milyon 989 min 951 manat və ya 119,6 faiz icra olunmaqla, 5 milyon 77 min 911 manat artıq vəsait daxil olmuşdur.
Kollegiya iclasında 2013-cü ilin ilk 6 ayı ərzində Maliyyə Nazirliyi tərəfindən aparılan təftiş və reydlərdə aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün tədbirlər görüldüyü və cəmi 23 min 976 manat məbləğində qanunsuz sərf olunmuş vəsaitin 19 min 181 manatının dövlət büdcəsinə bərpa olunduğu, qalan vəsaitin isə büdcəyə bərpası ücün müvafiq işlər aparıldığı bildirilmişdir.
Sonra kollegiya iclasının gündə­liyində nəzərdə tutulmuş digər məsələlər müzakirə olunmuşdur.
Kollegiya iclasına Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Xalid İsgəndərov yekun vurmuşdur.

*    *    *

Avqustun 6-da Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyində kollegiya iclası keçirilmişdir. İclasda 2013-cü ilin ilk altı ayının yekunları və dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında qarşıya qoyulan vəzifələr müzakirə olunmuşdur.
Kollegiya iclasını mədəniyyət və turizm naziri Sarvan İbrahimov açaraq əvvəlcə muxtar respublikanın 2013-cü ilin birinci yarısındakı sosial-iqtisadi inkişafından danışmış, bəhs olunan dövrdə dinamik inkişaf meyillərinin qorunub saxlandığını vurğulamışdır. Sonra mədəniyyət və turizm nazirinin cari ilin ilk altı ayının yekunlarına və qarşıda duran vəzifələrə dair məruzəsi dinlənilmişdir.
Bildirmişdir ki, bu ilin ilk altı ayında mədəniyyət müəssisələri, turizm obyektləri öz üzərinə düşən vəzifələri ardıcıl olaraq yerinə yetirməklə əhalinin artan mənəvi tələbatının dolğun ödənilməsinə çalışmış, milli-mənəvi dəyərlərimizin yaşadılması, onları özündə ehtiva edən maddi-mədəniyyət nümunələrinin qorunub saxlanılması istiqamətində müxtəlif tədbirlər həyata keçirmişlər. Hesabat yarım ili ərzində “Heydər Əliyev ili” ilə əlaqədar guşələr yaradılmış, sərgilər, elmi konfranslar, lektoriyalar keçirilmişdir.
Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Naxçıvan Muxtar Respublikası uşaq, musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri şagirdlərinin muxtar respublika müsabiqəsi keçirilmişdir. İki turdan ibarət müsabiqədə minə yaxın tək və kollektiv ifaçı iştirak etmişdir. Fevral ayında başlanan müsabiqənin mayın 4-də yekun konserti olmuş, qaliblər və fərqlənən iştirakçılar mükafatlandırılmışlar.
“Muxtar respublikada həyata keçirilən geniş tikinti-quruculuq tədbirlərindən mədəniyyət sahəsinə də pay düşmüşdür”, – deyən nazir əlavə etmişdir ki, əsaslı təmir və yenidənqurmadan sonra yanvar ayının 24-də Naxçıvan Şəhər Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbi və iyunun 24-də Bəhruz Kəngərli Muzeyi əsaslı yenidənqurmadan sonra istifadəyə verilmişdir.
Qeyd olunmuşdur ki, bu ilin ilk altı ayı ərzində Naxçıvan Dövlət Musiqili Dram Teatrında Məmmədcəfər Cəfərovun “Mirzə Cəlil taleyi”, rus dramaturqu A.P.Çexovun vodevilləri əsasında hazırlanmış “Russayağı evlənmə” tamaşaları və İslam Səfərlinin 90 illik yubileyi ilə əlaqədar ədibin “Göz həkimi” pyesi yeni quruluşda səhnəyə qoyulmuşdur. İyunun 14-də isə xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi və Milli Qurtuluş Günü münasibətilə Adil Babayevin “Koroğlunun Çənlibelə qayıdışı” tamaşası teatrsevərlərə təqdim edilmişdir.
2013-cü ilin ilk altı ayı ərzində turizm sahəsində də bir sıra tədbirlər həyata keçirilmişdir. Bu ilin aprel ayında Bakıda keçirilən və 35-dən çox ölkənin 251 şirkətinin iştirak etdiyi Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisində Naxçıvan Muxtar Respublikası da təmsil olunmuşdur.
Sonra məruzə ətrafında Ordubad Rayon Mədəniyyət və Turzim Şöbəsinin müdiri Azər Əliyevin, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının bədii rəhbər-direktoru Yasəmən Ramazanovanın, Naxçıvan Turizm-İnformasiya Mərkəzinin direktor əvəzi Nurlan Fətəliyevin çıxışları olmuşdur.
Kollegiya iclasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxış etmişdir.

*    *    *

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasından irəli gələn vəzifələrə və cari ilin ilk 6 ayında kənd təsərrüfatı sahəsində görülən işlərin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilmişdir. Kollegiyanı kənd təsərrüfatı naziri Elşad Əliyev açaraq məruzə ilə çıxış etmişdir.
Bildirilmişdir ki, bəhs olunan dövrdə nazirlik tərəfindən “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”, “Naxçıvan Muxtar Respublikasının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Pro­qramı” və “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın müvafiq bəndlərinin icrası istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir.
Belə ki, aparılan meliorasiya, irri­qasiya tədbirləri, lizinq xidməti, yanacaq-sürtgü yağlarına görə məhsul istehsalçılarına yardımların ödənilməsi, istifadə olunan gübrələrin 50 faizinin pulsuz verilməsi, toxumçuluq və tingçiliklə məşğul olan təsərrüfatlara subsidiyaların ödənilməsi, taxılqəbuledən və soyuducu anbarların yaradılması, meyvə-tərəvəz emalı müəssisələrinin işə salınması kənd təsərrüfatının inkişafına stimul yaratmışdır.
Kənd təsərrüfatı işlərinin mütəşəkkil keçirilməsində texnikanın sazlığının başlıca şərtlərdən olmasını nəzərə alaraq, nazirliyin Dövlət Texniki Nəzarət Müfəttişliyi və yerli müfəttişliklər tərəfindən texnikanın sazlığı vəziyyəti öyrənilmiş, lazım olan ehtiyat hissələrinin alınıb gətirilməsi və sahibkarlara çatdırılması üçün tədbirlər həyata keçirilmişdir. Yaz-tarla işlərinin gedişində həmin texnikaların gücündən istifadə edilmişdir.
Vurğulanmışdır ki, ötən dövr ərzində nazirliyin Bitkilərin mühafizəsi və karantini şöbəsi və Bitki Mühafizə Stansiyası tərəfindən kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərinə qarşı mübarizə aparmaq məqsədilə muxtar respublikaya dərman preparatları gətirilmiş, pulsuz olaraq torpaq mülkiyyətçilərinə paylanılmış, 6177 hektar sahədə kimyəvi mübarizə işləri təşkil edilmişdir.
Torpaqların münbitliyini artırmaq məqsədilə Layihə Axtarış Kimyalaşdırma Stansiyasının əməkdaşları tərəfindən rayonlar üzrə cari il üçün gübrə tələbatı müəyyən edilmişdir. Əkin sahələrindən bol və keyfiyyətli məhsul götürülməsi, payızlıq və yazlıq əkinlərin üzvi və mineral gübrələrlə aqrotexniki qaydalara uyğun gübrələnməsi haqqında fermer və torpaq mülkiyyətçilərinə məlumatlar verilmişdir.
Akademik Həsən Əliyev adına “Araz” Elm İstehsalat Birliyinin əsas vəzifəsi kənd təsərrüfatı sahəsində əldə olunmuş elmi yenilikləri istehsalata tətbiq etməkdən ibarətdir. Bu ilin birinci yarısında birliyin Yardımçı Təcrübə Təsərrüfatında heç bir kimyəvi gübrə tətbiq etmədən bostan, həmçinin kartof, qarğıdalı, tərəvəz əkinləri aparılmışdır.
Toxumçuluq kənd təsərrüfatının bitkiçilik sahəsində vacib sahələrdən hesab edilir. Hazırda muxtar respublikada 8 toxumçuluq və 1 tingçilik təsərrüfatı fəaliyyət göstərir. Ötən il həmin təsərrüfatlarda istehsal edilmiş 1960 ton buğda toxumu üçün onlara subsidiyalar ödənilmişdir.
Torpaq mülkiyyətçilərinə kreditlərin verilməsi davam etdirilmiş, ilin ilk 6 ayında, ümumilikdə, kənd təsərrüfatı üçün banklar və bank olmayan kredit təşkilatları tərəfindən 6777,6 min manat kredit verilmişdir.
Məruzə ətrafında müzakirələrdə Akademik Həsən Əliyev adına “Araz” Elm İstehsalat Birliyinin Baş direktoru Bəhruz Bayramovun, Layihə Axtarış Kimyalaşdırma Stansiyasının direktoru Məhəmməd Qaybalıyevin, Bitki Mühafizə Stansiyasının rəisi İlqar İbrahimovun, Dövlət Toxum Müfəttişliyinin rəisi İlqar Zeynalovun çıxışları olmuşdur.
Kollegiyada Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının İqtisadiyyat şöbəsinin müdiri Rəfael Babayev çıxış etmişdir.

Xəbərlər şöbəsi

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR