Sentyabrın 12-də Finlandiyanın Turku şəhərində Şərq Tərəfdaşlığının Regional və Yerli Hakimiyyətinin Konfransının – CORLEAP-ın 9-cu illik yığıncağı keçirilib.
İllik yığıncağın işində Avropa İttifaqının Regionlar Komitəsinin prezidenti Karl Hayns Lamberts, Finlandiya Xarici İşlər Nazirliyinin Daimi Dövlət katibi, səfir Martın Anttonen, Cənub-Qərb Finlandiya Şurasının İdarə Heyətinin sədri İlkka Kanerva, Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə direktoru Lourens Meredit, Avropa Şurasının Yerli və Regional Hakimiyyətləri Konqresinin prezidenti Andreas Knape, Finlandiya parlamentinin deputatları və bir sıra digər şəxslər çıxış edərək yığıncaqda qurumun illik fəaliyyət istiqamətləri üzrə işlərə qiymət vermiş və gələcək perspektivlər müzakirə olunmuşdur. Yığıncaqda, həmçinin CORLEAP-ın iki tematik sənədi: – “Yerli və regional hakimiyyət orqanlarının potensialının artırılması” və “Transsərhəd proqramları çərçivəsində fərdlər arasında əlaqələrə yardım” adlı siyasi məruzələri üzərində müzakirələr aparılaraq müvafiq tövsiyələr qəbul olunmuşdur. Yığıncaqda, eləcə də “Şərq Tərəfdaşlığının gələcəyinin formalaşdırılmasında yerli və regional hakimiyyətlərin rolu”na dair dinləmələrdə diplomatların, vətəndaş cəmiyyətinin təmsilçilərinin, eləcə də Avropa İttifaqının Xarici Əlaqələr Xidmətinin nümayəndələrinin iştirakı ilə müzakirələr aparılmışdır.
CORLEAP-ın illik yığıncağında ölkəmizi təmsil edən nümayəndə heyətinin üzvləri – Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimov və digərləri müzakirə olunan məsələlərə dair çıxış etmiş, ölkəmizdə yerli və regional hakimiyyətlərin potensialının artırılması, regionların inkişafı istiqamətində görülən işlər və aparılan siyasət, onların nəticələri barədə tədbir iştirakçılarını məlumatlandırmışlar.
Qurum çərçivəsində, həmçinin Şərq Tərəfdaşlığının tematik platformalarına uyğun olaraq məruzəçi təyin olunmuşdur. Qərara alınmışdır ki, Azərbaycan nümayəndəsi Anar İbrahimov “Şərq tərəfdaşlığı ölkələrində fiskal əksmərkəzləşdirmə siyasəti və yerli və regional hakimiyyətlərinin maliyyə muxtariyyəti” sahəsində məruzəçi təyin edilsin.
Yığıncaqda əlavə olaraq CORLEAP-ın yenilənmiş reqlamenti səsə qoyularaq qəbul edilmişdir.
Qurumun 9-cu illik yığıncağında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimov CORLEAP-ın həmsədri vəzifəsinə seçilmişdir. Digər həmsədr isə hazırkı Avropa İttifaqının Regionlar Komitəsinin prezidenti, Belçikalı senator Karl-Hayns Lamberts müəyyən edilmişdir.
CORLEAP 2011-ci ildə Polşanın Poznan şəhərində təsis edilib. Avropa İttifaqı – “Şərq Tərəfdaşlığı” platformasının regional və yerli hakimiyyətləri üçün institut kimi fəaliyyət göstərən strukturdur. Yəni CORLEAP regional və yerli səviyyədə Şərq Tərəfdaşlığının platformasıdır. Quruma Avropa İttifaqının üzvü olan 28 dövlət və 6 Şərq tərəfdaşı daxildir. Şərq tərəfdaşı olan ölkələr Azərbaycan, Ukrayna, Moldova, Ermənistan, Gürcüstan və Belarusdur.
Nuhcixan.az