Şahbuz rayonunun Ağbulaq İstirahət Mərkəzində fəaliyyətə başlayan Gənclərin Yay Universitetinin məşğələləri ilə yanaşı, gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların ictimai fəallığının artırılması, intellektual səviyyələrinin yüksəldilməsi məqsədilə tədbirlər də diqqət mərkəzində saxlanılır. Ötən həftənin şənbə günü keçirilən “Nuh yurdu” intellektual oyunları da yaddaqalan olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin təşkilatçılığı ilə reallaşan bilik yarışında hər komandada 5 nəfər olmaqla, 4 komanda iştirak edib. Komandalar öz biliklərini 4 mərhələdə sınayıblar. Yarışın nəticələrinə görə, “Şah” komandası birinci, “Ağbulaq” komandası ikinci, “Mediatik” komandası üçüncü yerlərə sahib olublar.
Qeyd edək ki, dünən universitetin növbəti məşğələsi keçirilib. “Azərbaycan həqiqətləri: Dağlıq Qarabağ münaqişəsi beynəlxalq müstəvidə” mövzusunda AMEA Naxçıvan Bölməsinin şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Emin Şıxəliyevin mühazirəsi dinlənilib.
Xəbərlər şöbəsi