“Naxçıvanqaz” İstehsalat Birliyində 2013-cü ilin birinci yarısının yekunlarına və qarşıda duran vəzifələrə dаir yığıncaq kеçirilmişdir. Yığıncaqda birliyin direktoru Səxavət Abbasov məruzə ilə çıxış etmişdir. Qeyd olunmuşdur ki, muxtar respublikada 1 iyul 2013-cü il tarixə 82 min 67 istehlakçı təbii qazdan istifadə etmişdir; onlardan 547 abonent, 64 müəssisə cari ilin birinci yarısında təbii qazla təmin olunmuşdur. Abonentlərin fasiləsiz və təhlükəsiz təbii qazla təmin edilməsi, xətt təsərrüfatında baş verə biləcək hər hansı bir nasazlığın vaxtında aradan qaldırılması üçün “Naxçıvanqaz” İstehsalat Birliyi və onun tabeliyində olan şəhər və rayon Qaz İstismarı idarələri tərəfindən kompleks tədbirlər həyata keçirilmişdir.
Cari ilin birinci yarısında qaz təsərrüfatında istismarda olan magistral, daşıyıcı və paylayıcı qaz kəmərlərinə müntəzəm olaraq texniki baxış keçirilmiş, aşkar edilmiş nöqsanlar aradan qaldırılmışdır. İstehlakçılara verilən təbii qazın təzyiqinə hər ay texnoloji rejim tətbiq edilmiş və ölçü qovşaqlarında nəzarət işi diqqətdə saxlanılmışdır. Qaz itkisi olan istiqamətlərin müəyyən edilməsi və onları doğuran səbəblərin aradan qaldırılması məqsədilə təxirəsalınmaz işlər görülmüşdür.
Vurğulanmışdır ki, qaz itkisini minimuma endirmək məqsədilə Naxçıvan-Şahbuz istiqaməti üzrə 27 kilometrlik ortatəzyiqli yeraltı qaz kəmərinin inşası vaxtında başa çatdırılaraq cari ilin yanvar ayında istifadəyə verilmişdir. Naxçıvan-Sədərək istiqaməti üzrə 81,6 kilometrlik yüksəktəzyiqli yeraltı qaz kəmərinin inşası da qrafikə uyğun aparılımş, qaz kəmərinin üzərində 6 ədəd avtomat qazpaylayıcı stansiya və 4 ədəd katod mühafizə qurğusu quraşdırılmışdır.
Təbii qazın itkisiz olaraq yerlərə çatdırılması, israfçılığın qarşısının alınması və sərf olunan qazın dəyərinin vaxtında ödənilməsi ilə əlaqədar tədbirlər davam etdirilmiş, istismarda olan qaz sayğaclarına mütəmadi baxışlar keçirilmiş, cari təmirə ehtiyacı olan sayğaclar təmir olunmuş, 1285 ədəd sayğac isə yenisi ilə əvəzlənmişdir.
Sərf olunan qazın dəyərinin vaxtında ödənilməsi də diqqət mərkəzində saxlanılmış, 2013-cü ilin birinci yarısında enerji istehsal edən müəssisələr nəzərə alınmadan istehlak olunan 82 milyon 685 min 521 kubmetr qazın satışından 8 milyon 273 min 164 manat vəsait əldə edilmiş, ödəmə 100 faiz olmuşdur. Əhali abunəçiləri üzrə istehlak olunan 45 milyon 608 min 20 kubmetr qazın satışından toplanan vəsait 4 milyon 566 min 764 manata çatmışdır ki, bu da 100,1 faiz ödəmə deməkdir.
İclasda işdə buraxılan nöqsan və çatışmazlıqlara da toxunulmuş, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.
Sonra məruzə ətrafında çıxışlar olmuşdur.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının İqtisadiyyat şöbəsinin müdiri Rəfael Babayev çıxış etmişdir.
Xəbərlər şöbəsi